SAMİR ŞƏRİFOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni vəzifəyə təyin olundu + DOSYE
Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub. S.Şərifov 2006-cı ilin aprel ayının 18-dən maliyyə naziri vəzifəsində çalışıb. Qeyd edək ki, Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb. -1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı; -1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini; -1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor; -2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru; -2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri vəzifələrində işləyib. 2006–2024-cü illərdə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışıb. Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur. Bu gün - 10 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. 6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov "Şöhrət" ordeni ilə təltif olunub.