LƏYAQƏTLİ HAKİMİYYƏT nədir və ONA NECƏ NAİL OLUNUR?
Meritokratiya (latınca “meritus” – “ləyaqət”, yunanca “kratos”- “hakimiyyət”) - “ləyaqətli şəxslərin hakimiyyəti” mənasını verir. Bu nəzəriyyəyə əsasən, “ləyaqətli elita” sosial mənşəyindən asılı olaraq, qabiliyyəti, istedadı olan və maliyyə baxımından imkanlı şəxslər tərəfindən formalaşdırılır. Elmi fikirlərə əsasən, qədim Çində bu təlim analoji olaraq konfutsiançılığa əsaslanır. Orta əsrlərdə Çində Sun Sülaləsinin yaratdığı imperiyada (960-1279) üç mərhələdən ibarət olan Keçzyuy adlanan imtahan yolu ilə yerli hakimiyyət elitası formalaşırmış. Bu proses başlıca olaraq konfutsian təhsil sisteminə əsaslanırmış. Belə bir elmi fikir var ki, bu sistem Çində (605-1905-ci illəri əhatə etməklə) 1300 il mövcud olmuş və bürokratik aparata istedadlı, bilikli və qabiliyyətli adamları seçirmiş. Burada seçim kriteriyası olaraq əsasən, incəsənətin bilinməsi, konfutsiançılığa dair biliklər və idarəetmə problemləri üzrə biliklər müəyyən edilirmiş. Dövlət qulluğuna imtahanlar hal-hazırda da müxtəlif ölkələrdə keçirilir. Burada keçid üçün məntiqi və dövlətə, siyasətə, tarixə, cəmiyyətə dair elmi suallar müəyyən olunur. Eyni zamanda dövlət idarəçiliyi (siyasi və inzibati idarəçilik) üçün kifayət qədər siyasət institutları, partiyalar, ali məktəblər fəaliyyət göstərirlər. Bu institutlar kadr hazırlığı ilə məşğul olurlar. İnstitutlarda dövlət idarəçiliyinin nəzəri və təcrübi əsasları öyrənilir. Dövlət idarəçiliyində təmsil olunmanın təyinat yolu da mövcud olur. Məsələn, dövlət başçısının vəzifələrlə bağlı təyinatı da bunu sübuta yetirir. Ləyaqətli idarəetmə öz-özlüyündə ədalətli idarəetmədir. İdarəetmə sisteminin ləyaqətlə formalaşdırılması sağlam təməlli dövlətin əsas dayağını təşkil edir. Sağlam dövlətçilik, eləcə də şəraiti və insan maraqlarını yüksək səviyyədə nəzərə alan və maraqları maksimal səviyyədə təmin edən hüquq normaları sistemi məhz ləyaqətli idarəçiliyin təməlini formalaşdırır. Ləyaqətli hakimiyyət (meritokratiya) xalqın verdiyi qiymət və dəyərlərlə özünü sübuta yetirir.Xalqın dəstəklədiyi hakimiyyət praktiki olaraq meritokratiyaya çevrilir. Ləyaqətli hakimiyyət müdrik liderlikdən və ləyaqətli elitadan formalaşmış bir məzmuna malik olur.Ləyaqətli hakimiyyət öz xalqını və dövlətini daxildə və beynəlxalq münasibətlərdə ləyaqətlə təmin edən hakim qrupdan ibarət olur. Ləyaqətli hakimiyyət ümumən yüksək mənəvi keyfiyyətləri bir məcmu prinsip kimi müəyyən edən hakim elitadır və bürokratik aparatdır. Dövlət siyasətinin ləyaqətli məzmunu onun xidmət istiqamətlərindən və məzmunundan meydana gəlir. “Ləyaqət” sözü bir şəxsdə yüksək mənəvi keyfiyyətlərin məcmusunu ümumiləşdirir. Bu sözə istedad, qabiliyyət də aid edilir. Dövləti idarəetmə məharəti elə dövləti idarəetmə ləyaqətidir, qabiliyyətidir. Meritokratiya öz-özlüyündə dövləti yüksək səviyyədə təşkil etmək, dövlət idarəçiliyini yüksək səviyyədə təmin etmək, yüksək qabiliyyətlə siyasi sistemi formalaşdırmaq və möhkəm təməlli siyasi fəaliyyəti təmin edə biləcək vasitələri müəyyən etməkdən ibarət olan hakimiyyət formasıdır. Bu hakimiyyət forması elə demokratiyanın tərkibi kimi də qəbul oluna bilər. Çünki dövlət siyasəti xalq içərisindən bacarıqlıların, idarəçiliyə layiq bilinənlərin seçilməsini zəruri edir. (Qeyd:demokratiya anlayışı nəzəri və təcrübi normalarla, qaydalarla o qədər geniş yayılıb ki, öz daxilində oliqarxiyanı (zadəganların idarəçiliyi), plutokratiyanı (varlıların hakimiyyəti), timokratiyanı (yüksək əmlak senzinə malik olan və yüksək imtiyazlı bir qrupun idarəçiliyi-bu forma oliqarxiyanın tərkibidir), gerontokratiyanı (qocaların hakimiyyəti), kleptokratiyanı (rüşvətxorların, talançıların hakimiyyəti), oxlokratiyanı (kütlənin anarxist hakimiyyəti) , hərbçilərin və digər qrupun hakimiyyətini birtərəfli olaraq rədd edir. Demokratiyada demək olar ki, seçki hüququ olan bütün şəxslər iştirak edirlər. Ona görə də xalq hakimiyyətində nəzəri baxımdan dövlət idarəçiliyində hər kəs iştirak edir-birbaşa və seçkili nümayəndələri vasitəsilə. Siyasi sistem rəvan şəkildə, seçki və təyinat yolu ilə üzvlərlə təmin olunur). Ləyaqətli hakimiyyət xalqın firavanlığını təmin edir. Burada xidmətin obyekti qismində bir ovuc insan yox, bütün xalq iştirak edir. Xoşbəxtlik, firavanlıq siyasətin obyektinə çevrilir. Ləyaqətli hakimiyyət bütün siyasi çətinliklərə dözüm nümayiş etdirən hakimiyyət nümunəsini və modelini yaradır. Meritokratiya layiq olanların (burada artıq qədim və orta əsrlərdə olduğu kimi sosial mənşə nəzərə alınmır) təmsil olunduğu hakimiyyət deməkdir. Ləyaqət fərdin özünə verilən qiymətdən meydana gəlir. Ləyaqət digər ünsürlərlə əlaqələrdə və resurslara münasibətdə özünü göstərir. Hakimiyyətin idarəçiliyi təbii ki, resursların olmasını da tələb edir. Resurslar həm də maliyyə resurslarından ibarət olur. Bu baxımdan oliqarxiya elə meritokratiyaya da uyğun gəlir. Lakin demokratiya bir qədər ziddiyyət təşkil edə bilir. Çünki kütlənin seçimi əsasında idarəçilik heç də seçilənin maliyyə imkanlarının olmasını əsas gətirə bilməz. Bu halda demokratiyanın tərkibində meritokratiya yaranır.Yəni, istedadı, bilik və qabiliyyəti, bacarığı olan və yüksək mənəvi keyfiyyətli insanların hakimiyyətdə təmsil olunması prinsipləri meydana gəlir. Meritokratiyanın klassik mahiyyəti özündə həm də dövlət idarəçiliyində, siyasi elitada təmsil olunanın maliyyə imkanlarının olmasını tələb edir. Demokratiyada olan ləyaqətli hakimiyyət artıq bir qədər ideallaşır və özündə başqa tələbləri şərt kimi əks etdirir. Məsələn, hər bir maliyyə imkanına malik olan şəxs dövlət idarəçiliyində təmsil oluna bilməz. Təmsil olunandan başqa yüksək keyfiyyətlər də tələb olunur. Burada tələb kimi mənəvi keyfiyyətlər nəzərdə tutulur. Demokratiyaya uyğun gələn meritokratiyada seçilənin, təmsil olunanın xidmət keyfiyyətləri nəzərə alınır. Demokratiya burada oliqarxiyaya qalib gəlir. Onun tam yer almasının qarşısını alır. Real dövlətçilik prinsipindən irəli gələrək demokratiya öz daxilində hakimiyyətin digər formalarını öz tərkibinə qatır. Universallığın əsası olan demokratiya öz daxilində hakimiyyətin digər formalarının birbaşa nüfuz etməsinin qarşısını alır. Demokratiya hakimiyyətin klassik formalarını öz daxilində qarışıq edir. Məlumdur ki, dövlət pozitiv bir qurumdur. Ali xeyirxah mahiyyətlidir. Onun xeyirxah məzmunu düşüncələrdə və real həyatda piramidal məzmunludur. Yəni, dövlət bütün proseslərin hər addımında və yükundə insanların hüquqlarını təmin etməyi qarşısına məqsəd kimi qoyur. Onun ideal məqsədi xeyirxahlıqdır. Real məqsədlərini və fəaliyyətini də bu səmtə yönəldir. Praktik olaraq öz mahiyyəti üzrə xidmət etməyə çalışır. Dövlətin tərkib elementləri var və bu elementlər içərisində insanlar əsasdır. Digər elementlər isə məkan və vasitə rolunu oynayırlar. İnsanlar dövlətin digər elementlərindən bu qurumu formalaşdırmaq üçün istifadə edirlər. Dövlət özünün maraqları naminə öz xeyirxah fəaliyyətindən istifadə etməyə çalışır. Maraqların təmini sabit dövlətin inkişaf etməsinin bazasında qərarlaşır. Ləyaqətli hakimiyyət istənilən böhranlı şəraitdə özünün leqallığını saxlaya bilir. Çətin məqamlarda hakimiyyət özünü şərəfli aparır. İdeal dövlət və ideal-praktik dövlət daima özünü qorumaq üçün tərkibini ləyaqətli elitadan formalaşdırır. Ləyaqətli elitanın formalaşması dövlətin mahiyyətini dərinləşdirir, məzmununu xeyirxah edir və xidmətlərinin əsaslarını dəyərlə büruzə etdirir. Məlumdur ki, hakimiyyət dövləti təmsil edən əsas tərəfdir. O da vətəndaşlardan formalaşır. Hakimiyyət məkanda müəyyən tərəflərin maraqlarını tənzim və təmin edir. Vətəndaşlar, yəni hakimiyyətin mənbəyi ləyaqətli məzmunda olanda cəmiyyət də sağlam olur. Bu baxımdan da sağlam cəmiyyətin əsasları məhz onun ləyaqətli ünsürlərinin toplumundan yaranır. Cəmiyyətin sağlam ünsürlərindən də hakimiyyətin sağlam əsaslarla formalaşması amilləri meydana gəlir. Sağlam cəmiyyət ləyaqətli hakimiyyətin formalaşmasında iştirak edir. Dövlət ideallıq baxımından ləyaqətli bir qurumdur. Çünki özündə fərdi və şəxsi dəyərləri, ləyaqəti, şərəfi əks etdirir. Dövlət ləyaqət modeli və simvoludur, çünki fəlsəfi baxımından aksioloji əsasları özündə ehtiva edir. Dövlət ləyaqəti onun vətəndaşlar və əcnəbilər üçün düzgün yol göstərməsində və onların maraqlarını müdafiə etməsində öz təsdiqini tapır. Dövlət fenomeni mücərrəd mütləq anlayış olmaqla bərabər, konkret mütləq anlayışıdır. Çünki onun bütün tərkib elementləri açıq şəkildə müəyyəndir və gözlə görünəndir. Dövlətin əsas mənbəyi xalqdır, dövlətin isə mənbəyi həm də vətəndaşdır. Xalq dövləti yaradır, dövlət isə vətəndaşlarını formalaşdırır. Vətəndaş anlayışı dövlətdən gəlir. Dövlət özü isə xalqdan meydana gələn bir anlayışdır. Dövlətin mənbəyi xalqdır, bu baxımdan vətəndaşları dövlət statuslu edir, deməli, xalq elə vətəndaşlardan ibarətdir. Bu qarşılıqlı şərtləndiricilik mövcuddur. Elementlər bir-birini şərtləndirir və bu sintezdən də mədəni və siyasi məfhumların birliyi meydana gəlir. Ləyaqət məfhumu özündə çoxlu sayda müsbət keyfiyyətləri cəmləşdirir. Ləyaqətli şəxslərin hakimiyyətdə təmsil olunması hakimiyyətin ideal məzmununu daha da dərinləşdirir. Hakimiyyət öz mahiyyətini ləyaqətli şəxslərin xidmətlərində tapır. Ləyaqətlə dövlətə xidmət etmək hüquqların ədalətli olaraq icrasından meydana gəlir. Ləyaqətli xidmət mənəvi keyfiyyətləri özündə əks etdirən dövlətin formalaşmasını təmin edir. Ləyaqət şərəf məfhumu ilə də əlaqəlidir. Bu baxımdan da faydalı dövlət daha çox ləyaqtəli şəxslərin hakimiyyətdə təmsil olunmasındadır. Ləyaqət ifadəsi həm də namus, vicdan məfhumları ilə də əlaqəlidir. Bu baxımdan da saf vicdanlı və namuslu adamların dövlət hakimiyyətində təmsil olunması bir şərt rolunu oynayır. Ləyaqətli şəxslərin hakimiyyəti özündə ali dövlətin nəzəri mahiyyətini əks etdirir. Dövlət hakimiyyətinin ləyaqətlə təşkil olunması təmsilçilərdə ictimai mənafenin əsas obyekt kimi seçilməsini təmin edir. Ləyaqətli şəxslər ictimai maraq güdməklə öz fərdi maraqlarını da onun tərkibində axtarırlar. Ləyaqətli təmsilçilik hakimiyyətdə daha şəxsiyyətli insanların təmsilçiliyini meydana gətirir. Ləyaqətli hakimiyyət ləyaqətli idarəetmə aparatının formalaşmasını da təmin edir. Bürokratiyanın ləyaqətlə formalaşması idarəetmə aparatının da faydalı mexanizmisini meydana gətirir. Ləyaqət xaraktercə müdrikliyə, özünə dəyər verən şəxslərə aid olur. Bu baxımdan da dövlətin fəlsəfi baxışlarla idarə olunması məhz dövlət aparatının ləyaqətlə formalaşmasının bazasında dayanır.
Elşən Nəsibov Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq