Heydər Babayevin 20 milyonu əlindən belə alındı
“Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayev qudası olan polkovnik Cavadağa Sultanovun həbsdən azad edilməsi üçün 20 milyon avro ödəyib”.
Bunu saytımızın müxbiri ilə söhbətində Yaşar Babayevin ailəsinə yaxın şəxslərdən biri söyləyib.
Mənbənin sözlərinə görə, həmin pullar Heydər Babayevə məxsus “Standard” bankı vasitəsilə köçürülüb. Göstərilən məbləğdəki pul ötən il noyabrın ortalarında, yəni Bakı Şəhər Baş Polis İdarəsi rəisinin keçmiş müavini, polis polkovniki Cavadağa Sultanovun həbsindən dərhal sonra ödənilib.
Əldə etdiyimiz məlumata görə, Babayevlər ailəsi Bakıda olan və Yaşar Babayevin qudasının azad olunması üçün öz xidmətlərini təklif edən vasitəçinin bu təklifi üzərində xeyli düşünüb. Amma Yaşar Babayev uzun tərəddüd və düşüncələrdən sonra nəhayət ki, qərarını verib və vasitəçinin tələb etdiyi pulu ödəməyə razılaşıb.
Amma indi, C.Sultanovun təkrarən həbs edilməsindən sonra belə qənaətə gəlmək olar ki, Babayevlər ailəsi də, elə C.Sultanovun özü də faktiki olaraq tələyə salınıblar. Vasitəçilik edən tərəf(lər)in əsas məqsədi böyük ehtimalla polis zabitinin müvəqqəti olaraq azad edilməsinə nail olmaqla Babayev qardaşlarının 20 milyon avrosunu ələ keçirmək imiş ki, buna da nail olunub.
Saytımızı məlumatlandıran həmin mənbənin verdiyi informasiyaya görə, Heydər Babayev Azərbaycanı birdəfəlik tərk etməyi və öz biznesini, işlərini xaricdə davam etdirməyi həddən artıq çox istədiyini yaxınlarının və dostlarının yanında tez-tez dilə gətirir. Amma sabiq naziri Bakıda saxlayan yeganə səbəb sonuncu iri əmlakı olan “Standard” bankdır.
Məlumatlı mənbələr bildirirlər ki, Heydər Babayev öz bankını satmağa böyük məmnuniyyətlə hazırdır, amma hakim elitada heç kəs onu almağa həvəs göstərmir.
Belə görünür ki, nağd şəkildə ödənilən, amma gedib ünvanına çatmayan 20 milyon avro H.babayevin bankını müflis eləmək yolunda həyata keçirilmiş ilk əməliyyatdır. Bundan sonra sabiq naziri daha heç nə Azərbaycanda qalmağa məcbur edə bilməz. Axı C.Sultanov yenidən həbsxanadadır və onun azadlığa buraxılması üçün yeni ödənişlər etmək lazım gələcək.
Sayt olaraq bu məsələni diqqətdə saxlayacaq və C.Sultanovun həbsi ətrafında yaranmış vəziyyətlə bağlı yeni məlumatları oxucularımıza çatdırmağa çalışacağıq.
* * *
Ali Məhkəmənin qərarı ilə Cavadağa Sultanov yenidən həbs olunur.
Bu barədə salamnews-a Dubayda yaşayan Azərbaycan vətəndaşları məlumat veriblər.
Belə ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi С.Sultanov zaminə götürmüşdü. Ötən il dekabrın 16-da C.Sultanov məhkəməyə gəlməyərək polisdən gizlənməyə başlayıb və səfirliyi pis duruma salıb. Elə bu səbədən bu gün səhər saatlarında Dubay polisi Cavadağa Sultanov həbs edərək istintaqa aparıb.
Dubayda yaşayan Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov saxta çeklərlə 7 milyon dollar pulu mənimsəyib. Onun bu fırıldağı bir neçə azərbaycanlı iş adamını pis vəziyyətə salıb. Nəticədə onlar qeyd olunan fırıldağın qurbanı olublar və digər şəxslərin qarşısında cavabdeh qalıblar.
Dubayda yaşayan iş adamlarının dediyinə görə, Cavadağa Sultanov ermənilərlə əlbir olaraq dəfələrlə Azərbaycanlı iş adamlarını aldadıb və onların pullarını mənimsəyib.
Xatırladaq ki, Cavadağa Sultanov ötən il noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. O, fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Polis polkovniki Cavadağa Sultanov çoxsaylı qətllərdə günahlandırılan Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib, məhkəmədəki ifadələri qalmaqalla müşaiət edilib.
C.Sultanov Bakının Binəqədi Rayon Polis İdarəsinin rəisi də işləyib.
Qeyd edək ki, C.Sultanov Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin müavini olub.
v.-org.