Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə iştirak edib.
Bu barədə Azərtaym.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Daxili işlər naziri ölkədə cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini sahələrində əldə edilmiş uğurlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də önəmli rolunu diqqətə çatdırıb, ötən il bu qurumun Nazirliyin digər xidmətləri ilə birlikdə üzərinə düşən vəzifələri, rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirdiyini, bir sıra uğurlu tədbirlər həyata keçirdiyini, hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş nəticələrin 2014-cü ilin müvafiq göstəriciləri ilə müqayisədə bir qədər də yaxşılaşdığını vurğulayıb.
Nazir ötən il din pərdəsi altında radikalizmi, fanatizmi, cəmiyyətdə ayrı-seçkiliyi və qarşıdurmanı təbliğ edən şəxslərin və təriqətlərin hüquqazidd fəaliyyətinin qarşısının alınması sahəsində fəaliyyətin nəzərəçarpan olduğunu, ilin sonlarında Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Baş İdarə əməkdaşlarının cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərində fəal iştirak etdiyini diqqətə çatdırıb.
Hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə Baş İdarənin rəisi, polis general-mayoru Seyfulla Əzimov çıxış edib. O deyib ki, həyata keçirilmiş profilaktik tədbirlərin nəticəsi olaraq ölkədə mütəşəkkil cinayətkarlığın səviyyəsi proqnozlaşdırılan səviyyədən kənara çıxmayıb, cinayətkar birlik və mütəşəkkil dəstələr tərəfindən ictimai rezonans doğuran cinayətlərin mütəmadi törədilməsi tendensiyası müşahidə edilməyib. Belə ki, 2011-2015-ci illərdə ifşa olunmuş ağır və ya xüsusilə ağır cinayət törətmiş 1173 cinayətkar qrupun 4,2 faizini və ya 49-nu mütəşəkkil dəstələr təşkil edib. Həmin dəstələrin böyük əksəriyyəti törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib, onların törətdikləri cinayətlərin 80 faizi mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsinə aid olub.
Bununla belə, mütəşəkkil cinayətkarlığın, xüsusən onun daha təhlükəli növü olan transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib, xarici təsir mərkəzlərinin, onların ölkəmizdəki əlaqələrinin, maliyyə mənbələrinin ifşasına xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, dini radikalizmə qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin konstitusion quruluşunun zorla dəyişdirilərək şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaq niyyətində olan cinayətkar birlik ifşa olunub, həmin birliyin üzvlərindən hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətdə istifadə etməyə hazırlaşdıqları xeyli sayda odlu silah və partlayıcı maddə götürülüb. Gələcəkdə analoji neqativ meyillərin yaranmasının qarşısının alınması üçün tədbirlər görülür.
Kriminogen duruma mənfi təsir göstərmək baxımından odlu silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə də xüsusi diqqət yetirilib. Hesabat dövründə respublika üzrə qanunsuz silah saxlama ilə bağlı qeydə alınmış cinayətlərin 8,9 faizi Baş İdarə tərəfindən aşkar olunub. Baş İdarənin bu sahədə əvvəlki hesabat dövrü ilə müqayisədə göstəriciləri cinayətlərin sayında 2,7 dəfə, götürülmüş silahların sayında isə 2,5 dəfə yaxşılaşıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə də Baş İdarə qarşısında duran prioritet vəzifələrdən olub. Narkoticarətin cinayətkar aləmin əsas maliyyə mənbələrindən olması, eləcə də əsasən mütəşəkkil dəstələrin məşğul olması ehtimalları nəzərdən keçirilərək, bu sahədə əsas diqqət güclü təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasına, habelə onların qeyri-qanuni yollarla ölkəyə gətirilməsi və tranzit daşınması kanallarının ifşasına yönəldilib.
Satış və ya satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 43 fakt aşkar olunub, ümumilikdə, qanunsuz dövriyyədən 40 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bildirilib ki, keçirilmiş tədbirlərlə Bakı şəhərində, habelə Sumqayıt, Qəbələ və Ağsuda bir sıra mülkiyyət əleyhinə cinayətlər törətmiş, ümumilikdə, 19 nəfərdən ibarət 2 dəstə zərərsizləşdirilib. Quldurluq və qəsdən adam öldürmə, dələduzluq, habelə keçmiş illərdən adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə axtarılan 6 nəfərin tutularaq istintaqa təhvil verilməsi təmin olunub. Adam oğurluğu və hədə-qorxu ilə tələb etmə ilə mübarizəyə də xüsusi diqqət yetirilib, 18 hədə-qorxu ilə tələb etmə cinayəti aşkar edilib.
Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul əskinaslarının dövriyyəyə buraxılmasına qarşı mübarizə davamlı olub, bu sahədə respublika üzrə 45 cinayət faktı qeydə alınıb. Dövriyyədən çıxarılmış saxta əskinazların 50 faizindən çoxu Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunub.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 25.08.2008-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində satışa çıxarılmış 6 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib.
İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 98,3 faizinin və ya 2 milyon 755 min manatın ödənilməsi təmin olunub.
Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, hesabat dövründə Azərbaycan Beynalxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə Baş İdarədə başlanılmış cinayət işinin istintaqı DİN rəhbərliyinin nəzarəti altında davam etdirilir, vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün mümkün tədbirlər görülür. Hazırda cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.
Baş İdarənin rəisi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.
Əməliyyat müşavirəsinə yekun vuran nazir şəxsi heyətin hesabat dövründəki fəaliyyətini ümumən qənaətbəxş hesab edib, cinayətkarlıqla mübarizənin digər istiqamətlərində, o cümlədən bağlı qalmış qətllərin, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu, odlu silahın tətbiqi ilə törədilən quldurluqların açılmasında, iqtisadi fəaliyyət sahəsində, korrupsiya, insan alveri cinayətləri törədən mütəşəkkil dəstələrin müəyyən edilib zərərsizləşdirilməsində Baş İdarənin aparıcı rol oynamasının vacibliyini bildirib.
O, müasir informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, insan alveri, məcburi əmək və digər cinayətlərin vaxtında aşkar edilib adekvat tədbirlər görülməsini, profilaktikanın hər zaman diqqət mərkəzində saxlanılmasını, Nazirliyin digər əməliyyat xidmətləri və ərazi polis orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsini, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil dəstələrə, ölkəmizin iqtisadi təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsini tələb edib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini verib.
Fikirlər