ÜRƏK DOSTU... ...və ÜRƏKlərin DOSTU haqqında bir neçə söz - ÖZƏL
Azərbaycanın bütün sahələrdə gənc, amma peşəkar simalara ehtiyacı olduğu bir həqiqətdir. Biz 21-ci əsrdə yaşayırıq və bu əsrin bütün sahələrdə öz yeni standartları var. Etiraf etmək lazımdır ki, həmin modern standartlarla ayaqlaşmaq heç də asan deyil. Bu mənada yeni yetişən kadr potensialımıza qarşı diqqətli davranmaq borcumuzdur. Axı həmin kadrları yetişdirmək heç də asan deyil! Belə tanınmış, öz işinin bilicisi olan mütəxəssislərimizdən biri tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudovdur. Onun hazırda cəmi 42 yaşı olsa da, məşğul olduğu sahədə qazandığı uğurları nə sadalamaqla bitirmək olar, nə də həmin uğurlar dövrümüzlə məhdudlaşır. Artıq nəinki Azərbaycanda, onun hüdudlarından kənarda qazandığı nailiyyətlər Rəşad həkimin müasir səhiyyəmizin ən parlaq simalarından biri olduğunu söyləməyə imkan verir. “Minlərlə şahid...” Əslində bu yazı vicdanın hokum ilə yazılır: son günlər Rəşad həkim haqqında bəzi KİV-lərdə yoxlanılmamış, dəqiqləşdirilməmiş “qara piar” kampaniyasının şahidi olduq. Ürək qüsuru ilə doğulan körpənin yaxınlarının tanınmış həkimə qarşı “ittihamları” çox böyük sürətlə, üstəlik, heç bir araşdırılma aparılmadan, mətbuatın peşəkarlıq kodeksinə zidd şəkildə tirajlandı. Rəşad həkim dərhal bu əsassız ittihamlara hərtərəfli, dolğun cavab verdi və həmin cavabdan da aydın göründü ki, ünvanına qarşı deyilənlərin qərəzdən və yalandan başqa adı yoxdur. O, haqlı olaraq, KİV-dən, daha doğrusu, yoxlanılmamış, dəqiqləşdirilməmiş məlumat yayan media quruluşlarından da də gileyləndi. Bu gileyi anlamamaq da mümkün deyil: çünki öz işində yalnız və yalnız professionallığa üstünlük verən Rəşad həkimin mediadan da peşəkarlıq ummağa haqqı çatır! Düzdür, artqı məlum məsələdə Rəşad həkimin haqlılığı tamamilə sübut olunub, bununla belə, vicdanımız diqtə edir ki, onun barəsində yaradılmağa çalışan yanlış təəssüratlara biz də seyrçi qalmayaq. Qədim Romanın məşhur natiqlərindən biri Mark Fabi Kvintilian deyirdi ki, “Vicdan minlərlə şahid deməkdir”. Bəli, bu gün “vicdan” adlı “minlərlə şahid”ə yaxşı məlumdur ki, Rəşad Mahmudov Azərbaycan tibbinin son zamanlar yetişmiş ən professional, bacarıqlı, ləyaqətli simalarından biridir. O buna öz zəhmətinin, çalışqanlığının sayəsində nail olub. İndi onun barəsində ədalət hissini itirməmiş insanlar ancaq və ancaq xoş sözlər deyirlərsə, bu, şübhəsiz ki, təsadüf deyil, Rəşad həkimin öz bilik və bacarığı ilə vicdanını bütövləşdirə bilməsinin məntiqi yekunudur. Haşiyə: Yeri gəlmişkən, Rəşad həkim barədə məlum “ittihamlar” ortaya atılarkən ən müxtəlif yaş qrupunu təmsil edən yüzlərlə insan sosial şəbəkələrdə onun haqqında kifayət qədər müsbət fikirlər yazdılar, o “ittihamların” doğruluğuna inanmağın mümkün olmadığını dedilər. Həmin adamlar arasında Rəşad həkimin kolleqaları da vardı, sadə vətəndaşlar da. Üstəlik, onun haqqında yüksək fikirlər səsləndirilənlərin bir çoxu fərqli siyasi mənsubiyyət daşıyıcıları idilər, ancaq indi tanınmış kardioloqa qarşı haqsız hücumlara qarşı birləşmişdilər. Doğrudan da, VİCDAN – MİNLƏRLƏ ŞAHİD DEMƏK İMİŞ!.. 42 illik ömründə bu qədər sevgi, hörmət, rəğbət sahibi olmaq isə insanın ən böyük xoşbəxtliyidir, eyni zamanda onun göstəricisidir ki, ləyaqətlə yaşanan bir ömür öz həqiqi qiymətini mütləq alır – həm də bütün qarayaxmalara, böhtanlara rəğmən! Yalnız həkim yox, həm də ürək dostu... Rəşad Mahmudov çoxuşaqlı,kasıb bir ailədə anadan olub, valideynlərinin halallıqla, alın təri ilə qazandığı çörəklə böyüyüb və qısa vaxtda böyük uğurlara imza atıb. Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxuyan Rəşad həkim 1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb. 2003-cü idə qardaş ölkənin Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasını bitirən, elə həmin il adıçəkilən universitetdə Uzmanlıq Diplomu müdafiə edən Rəşad həkim 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi, 2015-cı ildə isə Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsinə yüksəlib. İş təcrübəsinə 1997-ci ildə Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində ürək-damar cərrahı kimi başlayan qəhrəmanımız, 2005-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir. Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 8000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparıb. Son illərdə aparılan humanitar aksiyalar çərçivəsində Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Cəlilabad, Quba, Füzuli xəstəxanalarında yüzlərlə açıq ürək əməliyyatı edən Rəşad həkimin Azərbaycanda və ondan kənarda onlarla elmi məqaləsi dərc olunub. Hazırda həm də Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri olan Rəşad həkim, ötən il keçirilən parlament seçkilərində millət vəkili mandatı qazanıb. Bu statistik məlumatların işığında daha aydın görünən bir həqiqiət var: Rəşad Mahmudov indi sadəcə, peşəkar, bacarıqlı və vicdanlı ürək-damar cərrahı kimi tanınmır, o həm də minlərlə xəstənin ÜRƏK DOSTUdur. Onlara yenidən həyat verməklə nə qədər insanın qəlbində “Rəşad həkim guşəsi” yaradıb. Bu, hər həkimə nəsib olan bir xoşbəxtlik deyil hansı ki, həmin xoşbəxtliyin memarı elə Rəşad Mahmudovun özüdür – o, öz xəstələrinə yalnız pasiyent kimi deyil, bir ÜRƏK DOSTU, ÜRƏK SİRDAŞI kimi yanaşır, onların ürəklərindəki fiziki ağrıları ancaq cərrah bıçağı ilə deyil, həm də öz istiqanlılığı, səmimiyyəti, təvazökarlığı, canıyananlığı ilə sağalda bilir! Əməkdar həkim! Rəşad həkimin əməyi, bilik və bacarıqları daim yüksək qiymətləndirilib. Hələ 32 yaşında ikən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi medalı" ilə təltif olunan Rəşad həkim 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Qızıl çinar" beynəlxalq mükafatın alayiq görülüb. İki il öncə isə o, ölkə başçısı tərəfindən növbəti dəfə mükafatlandırıldı – bu dəfə o, "əməkdar həkim" fəxri adı ilə təltif edildi. Əslində bu fəxri adın Rəşad həkimə verilməsi yalnız onun peşəkarlığının dövlət rəhbərliyi səviyyəsində növbəti yüksək qiymətini alması demək deyil, həm də xeyli dərəcədə simvolikdir. Rəşad Mahmudov indiyədək qazandığı uğurlarla kifayətlənmədən, həmişəki işgüzarlığı, zəhmətkeşliyi ilə fəaliyyətini davam etdirir, Azərbaycan tibb elminə və səhiyyəsinə yeni töhvələr vermək üçün səylə çalışır. Böyük mütəfəkkirlərdən Rollan deyirdi ki, “Əmək mübarizədir, mübarizə isə həzzdir”. Bu sözlər sanki Rəşad həkimin varlığına biçilib: o, öz əməyi ilə insan həyatını xilas etmək uğrunda mübarizə aparır və bu mübarizə onu əsla yormur, əksinə ondan zövq alır. Axı dünyada bir insanı ölümün ağuşundan almaq, ona yeni həyat bağışlamaq qədər müqəddəs nə ola bilər?! Və sonda: Xalqımızın müdrik bir atalar sözü var: “Elmin gücü, yıxar bürcü”. Bu mənada Rəşad həkimin bilik və bacarıqları qarşısında yalandan, böhtandan “ucaldılmış” heç bir bürcün tab gətirməyəcəyinə şübhə etmirik. O yalanlar, o böhtanlar silinib, unudulub gedəcək, Rəşad müəllimin solmağa qoymadığı ürəklər isə daim var olacaq. O yalanlar, o böhtanlar nə ayaq açacaq, nə də yeriyəcək, amma Rəşad müəllimin yeni həyat bəxş etdiyi ömürlər həmişə var olacaq. Uğurlar sizə, Rəşad həkim! Nə yaxşı ÜRƏKLƏRİMİZİN sizin kimi bir DOSTU VAR. Nə yaxşı Azərbaycan səhiyyəsinin sizin kimi bir ÜRƏK DOSTU var. Yolunuz açıq və aydınlıq olsun! Azər Abdul.