MÜSTƏQİLLİYİMİZİN YAŞIDI –QƏRB UNİVERSİTETİ - ÖZƏL

    

 25 yaşlı ali təhsil OCAĞINI öz yalan və iftiraları ilə “SÖNDÜRMƏK”istəyən bədbəxtlərə cavab...

  Qədim Roma filosoflarından biri Epiktet deyirdi ki, “Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis,xoşbəxt və ya bədbəxt oluruq”.

Əslində bu ifadəni yalnız fərdlərə deyil, cəmiyyətlərə də şamil etmək olar. Müasir dünyada xalqıların xoşbəxtliyi və bədbəxtliyi onların intellektual potensiallarına düz mütənasibdir. Bu gün o xalqlar firavan yaşayırlar ki, onların ölkələrində təhsilin və elmin səviyyəsi yüksəkdir. Cəhalətin, savadsızlığın hökm sürdüyü ölkələrin cəmiyyətləri isə ən müxtəlif bəlaların – terrorun, aclığın və s. girovuna çevrilməyə məhkumdurlar.

Bunu ona görə yazırıq ki, bizim cəmiyyətimizdə hələ də təhsilin nə qədər strateji məsələ olduğunu anlamaqda çətinlik çəkənlər mövcuddur, belələri Azərbaycanın bütün sahələrdə inkişafına töhvə vermək əvəzinə, hansısa kirli məqsədlər naminə başqalarına ləkə atmağı öz həyat meyarlarına çeviriblər. Xüsusilə ölkənin təhsil sisteminin daha da güclənməsi, müasir standartlara cavab verməsi üçün əlindən gələni etməyə çalışanlara “çamur at, yapışmasa da, izi qalar” “prinsipi” ilə hücum çəkmək heç bir sağlam məntiqə və təmiz vicdana sığmır.

Bir az da konkretləşdirsək, bu günlərdə saytların birində QƏRB UNİVERSİTETİnə ünvanınlanan “tənqidləri” oxuyanda həm təəssüfləndik, həm də heyrətləndik.

Təəssüfləndik ona görə ki...

 ...Azərbaycan mətbuatında hələ də qarayaxmanı “peşə borcu” zənn edən “həmkarlarımız” var. Bu gün başqalarında ən kiçik, xırda qüsür axtarıb taparaq bundan ajiotaj yaratmağa çalışan bəzi mətbuat orqanları təəssüf ki, özlərinin daha böyük nöqsanlarını görməzdən gəlir, söz azadlığını “böhtan azadlığı” kimi qavrayır, qəbul edirlər. Bu isə nəticədə bütövlükdə ölkə mediası barədə yanlış, xoşagəlməz təəssüratların formalaşmasına gətirib çıxarır.

Elə Qərb Universiteti barədə söz yığınından ibarət həmin məqalə də kimlərinsə əlinə jurnalistlərin peşəkarlıq səviyyəsinə şübhə etmək üçün əsaslar verməkdən başqa heç nəyə yaramır.

Təəssüf ki, bu cür yazılar sayəsində “qurunun oduna yaş da yanır”, bütövlükdə mətbuatın nüfuzu zədələnir.

Jurnalistikanın müqəddəs silahları olan Sözün, Qələmin xırda maraqlar naminə alətə çevrilməsi bir mətbu orqan kimi bizi də narahat etməsə, nə bu yazı yazılardı, nə də bu yazıda belə ürək ağrıdan məqamın üzərində xüsusi dayanmaq məcburiyyəti hiss edərdik. Nə etməli ki, Azərbaycanda jurnalistlərin əxlaq kodeksini əsas götürən KİV-lərlə yanaşı, mətbuat azadlığının imkanlarından şəxsi mənfəətləri üçün istifadə etməyi qarşısına məqsəd qoyanlar da var və belələrinə ilk növbədə, məsuliyyəıtli, peşəkar media nümayəndələrinin etiraz səsini ucaltması vacibdir.

Heyrətləndik ona görə ki...

...Azərbaycanda fantaziya qabiliyyəti yüksək olan adamlar varmış ki, onlar öz istedadlarını fantastik filmlər üçün ssenarilər, fantastik romanlar yazmağa sərf edə və mədəniyyətimizə, ədəbiyyatımıza böyük töhfələr verə bilərdilər. Ancaq bunun əvəzində onlar öz fantaziyalarını qeyri-peşəkar media orqanlarında kimlər haqqındasa ağılagəlməz böhtanlar istehsal etməyə xərcləyirlər!

Bəli, Qərb Universitetinin ünvanına yazılan qondarma ittihamların fantastika janrında yazılmış (üstəlik, primitivcəsinə yazılmış!) hansısa “əsər”dən heç bir fərqi yoxdur. Həmin ittihamlar o qədər gülünc şəkildə və savadsızcasına qələmə alınıb ki, onlar üzərində dayanmaq vaxt itkisindən başqa bir şey deyil.

Sadəcə, bizə maraqlıdır, görəsən, ölkənin ən təcrübəli, aparıcı özəl ali təhsil müəssisələrindən birinin ünvanına yalan və böhtan yağdıranlar onun keçmişi və bu günü barədə ən kiçik araşdırma aparıblarmı? Axı doğrudanmı, Qərb Universitetini hədəf seçənlər unudurlar ki, 1991-ci ildə - müstəqilliyimizin ilk ilində yaradılan, bir sözlə, müstəqilliyimizlə yaşıd olan bu ali təhsil ocağına atılan daşlar həm də müstəqilliyimizin özünə tuşlanır. Müstəqil ölkənin müstəqil ali təhsil sisteminin ilk “qaranquşlarından” biri barədə heç bir fakta söykənmədən, NƏLƏRİNSƏ XATİRİNƏ “qara piar” kampaniyası qurmağa çalışmağa başqa nə ad vermək olar, görəsən?!

1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun üzvü olan bu ali təhsil müəssisəsinin Azərbaycanda və onun hüdudlarından kənarda qazandığı nüfuzu bir neçə qarayaxma ilə azaltmağa çalışacağını düşünənlərin ağlına şübhə etməkdən başqa yolumuz qalmır, çünki, bir müdrik atalar sözündə də dediyi kimi, yalnız ağılsız köpəklər ulduza hürürlər.

Azərbaycandan dünyaya saçılan işıq...

Böyük alman şair- dramaturqu, mütəfəkkir və naturalisti Höte yazırdı ki, “Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir”.

Əminliklə deyə bilərik ki, Qərb Universiteti Azərbaycandan dünyaya saçılan belə “elm işıqlarından” biridir. Təsadüfi deyil ki, iqitsadi keçid və ondan sonrakı dövrdə ölkəmizin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək vermək məqsədilə elmi müəssisə kimi təsis edilən bu Universitetə həm də dünyanın müxtəlif ölkələrindən tələbələr axışır. Onlar buradan öz ölkələrinə təkcə yüksək təhsilli kadrlar kimi yox, eyni zamanda Azərbaycan və onun təhsil sitemi barədə yüksək fikir sahibi olan insanlar olaraq qayıdırlar.

İndi özünüz deyin: belə bir ali təhsil müəssisəsinə sahib olduğumuza görə qürurlanmaq əvəzinə, onu xırda şəxsi maraqlar naminə “qara piar” kampaniyasının hədəfinə çevirməyə çalışmaq milli təəssübkeşlik hissi ilə bir araya sığırmı?

Bir neçə il əvvəl ABŞ Prezidenti Barak Obamanın seçki qərargahının başçısı olmuş Devid Plavun məhz Qərb Universitetində “Amerikada seçkilər - seçki kampaniyasının formalaşdırılması və idarə olunması” mövzusunda mühazirə oxuması, yaxud arxada qoyduğumuz 2015-ci ilin sonunda Qərb Universiteti ilə dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılan Paris Sorbon Universitetinin (Əbu Dabi) əməkdaşlıq anlaşması imzalaması, bu əməkdaşlıq sazişi sayəsində həmin universitetin öz qapılarını Azərbaycan gənclərinin üzünə açması Qərb Universitetinin artıq dünyamiqyaslı bir təhsil ocağına çevrildiyinin sübutudur. Ümumilikdə Azərbaycan təhsilinin uğurları sayıla biləcək belə faktlara göz yumub heç bir əsası olmayan böhtançılığa əl atmaq hansı məntiq və vicdana sığır?

   

Epiloq

Əslində Qərb Universitetinin 25 illikk fəaliyyətində qazandığı uğurları bir yazıya sığdırmaq mümkün olmadığı kimi, onun ünvanına səsləndirilən qeyri-sağlam, yalan və iftira xarakterli tənqidlərə də kifayət qədər geniş cavab verə bilərdik.

Amma elə yuxarıda yazılanlardan da hər şey gün kimi aydın olur deyə, hörmətli oxuculara çox başağrısı vermək istəmədik. Axı həm də həqiqət özü də elə qızıl kimidir, şair demişkən, “qızılı örtsə də qara torpaqlar, yenə qiymətini özündə saxlar”.

Qərb Universitetinin parlaq keçmişi və bu günü barədə aydın həqiqətlər min-min yalanın içində belə günəş kimi parlamaq və həmin yalanları uyduranların belə gözlərini qamaşdırmaq gücündədir. Odur ki, ona qarşı qarayaxmalara daha artıq məhəl qoymadan yazımızı nöqtələmək istədik.

Ancaq ən sonda bunu da yazmasaq olmaz:

Qərb Universitetinin devizi belədir – “Uğurlu karyeranın təməli!”

Əgər kimlərsə həyatda uğura yox, uğursuzluğa məhkum olublarsa, buna Qərb Universiteti neyləsin?!

Nə demək istədiyimizi yəqin məlum yalan və böhtanların müəlliflərinin özləri daha yaxşı başa düşərlər...

Azər Abdul.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər