VARLILARIMIZ milyonlarını torpağa BASDIRIR - ilginc TƏFƏRRÜAT

Varlılarımız milyonlarını torpağa basdırır - ilginc təfərrüat

Azərbaycanın zəngin adamları var-dövlətlərini xilas etməyə çalışırlar; Məlumatlı mənbələrdən verilən bilgiyə görə, zənginlər hektarlarla ərazi alıb pullarını kartof və soğan əkməyə yönəldiblər; bəs, onları torpağa bağlayan təkcə əllərində qalan pulun devalvasiyadan qorunmasıdırmı və ya böhran iqtisadiyyatıdırmı... 

 

Dünyada neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda qeyri-neft sektoruna investisiya yatırımına marağı hədsiz artırıb. Təsadüfi deyil ki, neftin qiymətinin düşməsi ilə kəndlərə qayıdış başlayıb. İndi əlində bir az maliyyə vəsaiti olanlar arasında “gedib kəndə iki-üç inək alıb yaşayaram” deyənlərin sayı artıb. 
 
Yeni iqtisadi şərtlər-tikinti bumunun bitməsi, iri layihələrin icrasının təxirə salınması, əmlak bazarında durğunluq, bir-birinin ardınca bağlanan dükan-bazarlar Azərbaycanın zəngin iş adamlarını da alternativ qazanc mənbələri axtarmağa məcbur edib. Bankların etibardan düşməsi varlıların öz vəsaitlərini indi “torpağa basdırmağa” həvəsləndirib. 
Hələ bir neçə il əvvəl oliqarxlarımız Rusiyada pullarını əvvəlki kimi daha tez gəlir gətirən tikinti sektoruna deyil, kənd təsərrüfatı ilə bağlı sahələrə yönəlməyə başlamışdılar. Çünki Rusiyada tikinti bumu Azərbaycandan əvvəl səngimişdi. Bu səbəbdən də zənginlərimiz Rusiyanın, xüsusilə Stavropol və Krasnodar vilayətlərində münbit torpaqları, hətta bütöv sovxozların ərazilərini, otlaq və əkin sahələrini almağa başlamışdılar. 
Rusiyanın kənd təsərrüfatına böyük miqdarda yatırım qoyulması hələ o zaman mediada xüsusi maraq doğurmuşdu. İndi postneft dövründə məlum olur ki, iqtidardakı oliqarxlar bu prosesi kortəbii olaraq yox, əsaslandırılmış və gələcəyə hesablanmış biznes layihəsi kimi həyata keçirirmişlər. Çünki  BMT-nin son hesabatlarında da yaxın illərdə dünyanın ərzaq qıtlığından qurtulmayacağı  və  bununla əlaqədar kənd təsərrüfatı, eləcə də vacib ərzaq məhsullarının qiymətlərinin kəskin artması gözlənilir. Bu səbəbdən də indi kənd təsərrüfatı zərərlə işləyən sahədən yüksək gəlir gətirən sahəyə çevrilib.  
İllər əvvəl Rusiyada olsa da, torpağa bu qədər “pul basdıran” azərbaycanlı zənginlər şimal ölkəsində iri kənd təsərrüflaratı yaradıblar, nəhəng heyvandarlıq komplekslərinə sahibləniblər. İndi həmin proses Azərbaycanda da baş verməkdədir.
Məlumatlı mənbələrdən verilən bilgiyə görə, zənginlər hektarlarla ərazi götürüb pullarını kartof və soğan əkməyə yönəldiblər. Xəbərdə deyilir ki, bəzi  dövlət məmurları kənd təsərrüfatı sektoruna milyonlarla vəsait qoyur. Bəs varlılarımızı torpağa bağlayan təkcə əllərində qalan pulun devalvasiyadan qorunmasıdırmı və ya böhran iqtisadiyyatıdırmı?     
Hökumətə yaxın mənbəmiz deyib ki, dövlət bu il kartof və soğan tədarükünü xaricdən dollara deyil, daxili bazardan almağa qərar verib. Xatırladaq ki, prezident İlham Əliyevin rəhbərliyi ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına həsr olunan konfransda prezident əkinə yararlı torpaqların istifadəsiz qalmasının qarşısının alınacağını demişdi. 
İndi varlılar da əsasən kəndlilərdən həmin yararlı torpaqları alır, oraya maya qoyurlar. Həmin konfransda prezident kənd təsərrüfatının inkişafından danışarkən Azərbaycanın ətrafında böyük bazarlar olmasını deyib. İlham Əliyevin “O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq” deməsi zənginləri daha da həvəsləndirib.  Bütün pullu adamlar, oliqarxlar hazırda əllərindəki və daxıllarındakı artıq manatları  hektarlarla torpaqlara soğan, kartof və pomidor ştili əkməyə yönəldiblər.   
 
Xəbərlərə görə, zənginlər daha çox kartof əkilməsinə investisiya qoyurlar ki, bu da təsadüfi deyil. Belə ki, dövlət kənd təsərrüfatı mallarını dollara xaricdən deyil, daxildən manatla tədarük edəcək. Bu məlumatın zənginləri torpağa qayıtmasında hansı dərəcədə rolu olduğunu demək çətindir. Proses istənilən halda Azərbaycana, ölkənin vətəndaşına xeyir gətirəcək. Təbii ki, torpağa “pul basdıranlar” da onun “cücərməsini” və bəhrəsini görməlidirlər. Beləliklə, kəndli də qazanacaq, ölkə də, oliqarxlar da....
“Yeni Müsavat” 

 

 
 






Fikirlər