Azərbaycanda ilk dəfə “Rolls-Royce Wraith Black Badge” avtomobili təqdim edilib. Bu barədə Azərbaycanda rəsmi təmsilçisi “İmprotex Motors” şirkətindən bildirilib.
Şirkətdən verilən məlumata görə, "Wraith" və "Ghost" avtomobillərinin hər ikisinin "Black Badge" variantı mövcuddur. Azərbaycanda isə hələlik “Wraith Black Badge” təqdim edilib.
Şirkətdən bildirilib ki, "Wraith Black Badge" Qran Turizmo avtomobil sinfinin zirvəsidir. Bu avtomobil bələdçisi və əsl sürücü üçün nəzərdə tutulmuş avtomobildir. Dünyanın ən güclü və 632 at gücünə (465 kVt) malik "Rolls-Royce" avtomobili olmaqla yanaşı, "Wraith" həmçinin, hər zaman bütün "Rolls-Royce" model sırasında ən çox sürücüyə yönəldilmiş avtomobildir. Bununla belə, müştərilərin istəklərinə cavab vermək üçün "Rolls-Royce" mühəndislər heyəti inadla çalışaraq bu fenomenal səlis tavan xəttli kupeni daha da mükəmməl edib. Artıq mövcud olan yüksək mühərrik gücü ilə əlavə fırladıcı an göstəricisi (+50Нм), tamamilə yeni tərzdə tənzimlənmiş pnevmatik asqını, yeni aparıcı vallar və yenilənmiş 8 pilləli sürət ötürmə qutusunu birləşdirərək "Rolls-Royce" daha da sürücüyə yönəldilmiş dinamik "Wraith" yaratmaqla "Rolls-Royce" ənənəvi yüngül idarə etmə xüsusiyyətlərini qoruyub saxlayıb.
"Rolls-Royce Motor Cars"ın brend üzrə meneceri Nurlan Pənahlı bildirib ki, "Black Badge" həyata fərqli münasibət və "Rolls-Royce" brendinin həyacanlı ruha malik insanlara istiqamətlənmiş mövqe deməkdir: "Həmin insanlar gərgin iş şəraitində çalışır və öz statuslarını ifadə etmək niyyətindədir. "Black Badge" avtomobilini canlı Bakıda görmək sözlə təsvir edilə bilməyən hissiyyatdır”.
Qeyd edək ki, avtomobilin bazara versiyası 333 min avrodur. Sifariş əsasında gətirilən tam təhcizatlı "Wraith Black Badge"in qiyməti isə 540 min dollar təşkil edir. Başqa sözlə, avtomobilin dəyəri 1 milyon manat təşkil edir.
Xatırladaq ki, son hesabata əsasən ötən il 50-dən artıq ölkədə müştərilərə 4011 “Rolls Roys” avtomobili satılıb. Bu da 2015-ci illə müqayisədə 6% çoxdur.
Qaynarinfo.Az-ın məlumatına görə, 1 milyon manatlıq “Rolls-Royce Wraith Black Badge” avtomobili təqdim edən rəsmi təmsilçi “İmprotex Motors” sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun biznes şəbəkəsinə daxildir.
Saytımızın araşdırmasına görə, F.Ələkbərovun rəhbərliyi ilə “İmprotex” şirkəti 1991-ci ildə yaranıb. Hazırda bu holdinq daha çox “İmprotex Group” kimi tanınır.
İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib.
Azərbaycanda ilk özəl avia şirkətin - “İmair”in yaradılması da məhz “İmprotex”in adıyla bağlıdır.
F.Ələkbərov nazir olduğu müddətdə “İmprotex” Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqelərdən birinə sahiblənib.
Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edib, bir sıra xarici dövlətlərdə nümayəndəliyini yaradır, tanınmış brendlərin Azərbaycan bazarına gətirilməsinə nail olub.
Nazir təyin olunduqdan sonra “İmprotex” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri postuna F.Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova gətirilib.
Keçmiş nazirin avtomobil biznesini təşkil edən “İmprotex Motors” şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb.
Şirkətin ofisləri və filialları Çində, Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə də fəaliyyət göstərib.
Manatın devalvasiyasından sonra Ələkbərovun avtomobil biznesinin ciddi böhran yaşadığı məlum olurdu.
Amma deyəsən, bu heç də belə deyilmiş və hətta 2016-cı il kimi çətin maliyyə ilində belə, keçmiş nazir xeyli sayda bahalı “inomarka”nın satışını həyata keçirməyə nail olub...
AzerTaym.az