VAŞİNQTON Putinin QIZINA və KÜRƏKƏNİnə QARŞI da SANKSİYALAR TƏTBİQ ETDİ
ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın yüksək vəzifəli məmurlarının, oliqarxlarının və yerli şirkətlərinin adları salınan genişləndirilmiş sanksiya siyahısını şərh edərkən Katerina Tixonovanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qızı adlandırıb. Virtualaz.org bildirir ki, bu barədə Rusiya nəşri newsru.com xəbər yayıb. Amerika maliyyə idarəsində yeni məhdudlaşdırıcı tədbirlərin elan olunması haqda danışarkən “SİBUR” (Sibir-Ural Neftqazkimya Zavodu) Şirkəti Direktorlar Şurasının üzvlərindən biri - Kirill Şamalov barəsində bildiriblər ki, 2013-cü ilin fevralında o, Putinin qızı Katerina Tixonova ilə evlənib. Xüsusi qeyd olunub ki, onun maliyyə vəziyyəti məhz bundan sonra yaxşılaşmağa başlayıb. "Toydan sonra 18 ay ərzində o, "SİBUR”un səhmlərinin əhəmiyyətli hissəsini aldı… Bir ildən sonra o, “Qazprombank”dan 1 milyard dollardan çox kredit almağa nail oldu… Həmin il Putinin çoxdankı dostu Gennadi Timçenko səhmlərin daha 17%-ni Şamalova satdı", - deyə ABŞ Maliyyə Nazirliyində faktları sadalayarkən vurğulayıblar. Amerika hakimiyyətinin fikrincə, Tixonova ilə toydan və yuxarıda göstərilən sazişlərdən sonra Şamalov “Putini əhatə edən milyarderlərin elitasına qoşuldu”. 2018-ci ilin yanvarında Bloomberg agentliyi Şamalovun Tixonova ilə boşanması haqda xəbər yaydı. Onda jurnalistlər vurğulayırdılar ki, Şamalov “SİBUR”un qiymətli kağızlarından, hansı ki, 2017-ci ildə satdı, heç bir gəlir götürə bilmədi, çünki ona Putinin ailəsinin üzvü kimi bu səhmləri yalnız saxlamaq etibar edilmişdi. K.Şamalov boşanmadan sonra faktiki olaraq dövlət başçısının ailəsinin hissəsi olmaqdan məhrum oldu. Agentlik üç etibarlı mənbəyə istinadən bəyan edirdi ki, məhz bu səbəbdən onun səhmlərə yiyələnmək imtiyazı bitdi. K.Şamalovun K.Tixonova ilə evlənməsi və bundan sonra böyük kapital sahibi olması barədə o vaxtlar Reuters agentliyi də bir neçə dəfə materiallar yayıb. K.Şamalov “SİBUR”a 2008-ci ildə -“Qazprom”da, "Rosoboroneksport"da, “Qazprombank”da və Hökumət Aparatında işlədikdən sonra gəlib. Neft-kimya şirkətinin ilk 4,3%-ni o, 2011-2013 illərdə “SİBUR” menecerləri üçün seçim proqramı çərçivəsində əldə edib...