Ermənistan tam İZOLYASİYAYA doğru – DÜŞMƏN HƏŞİRDƏ
Martın sonunda Azərbaycan və İran prezidentləri - İlham Əliyev və Həsən Ruhani bir araya gələcək. Budəfəki görüş zamanı Azərbaycan və İran Rəşt-Astara dəmir yoluna sərmayə qoyuluşuna dair anlaşma imzalanacaq. Bu barədə İran prezidenti Həsən Ruhaninin özü deyib. “Azərbaycana səfərim çərçivəsində Rəşt-Astara dəmir yoluna birgə sərmayələrin qoyuluşuna dair saziş imzalanacaq”, - deyə o bildirib. Səfər çərçivəsində Ruhaninin Naxçıvana və Neftçalaya gedəcəyi də gözlənilir. “Yeni Müsavat” xatırladır ki, ötən ilin noyabrında “Şimal-cənub” beynəlxalq dəmir yolunun (“Dəmir İpək Yolu”) mühüm hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolunun axırıncı seqmenti - Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu işə düşüb və bununla da iki ölkənin dəmir yolu sistemləri birləşdirilib. Rəşt-Astara yolunun inşası ilə isə “Şimal-cənub” yolu artıq fəaliyyətə tam hazır olacaq. Azərbaycan bu yolun tikintisi üçün İrana yarım milyard dollar (500 milyon) həcmində, ən aşağı faizlə kredit də ayırıb. ***** İki qonşu ölkə liderinin artıq ənənə halını alan görüşləri isə motivindən asılı olmayaraq ən çox Ermənistanda, onun siyasi və ekspert dairələrində ciddi narahatlıq və qısqanclıq doğurur. Bu da əsassız deyil. Çünki işğalçı ölkə İranı Qarabağ məsələsində Rusiyadan sonra özünün ikinci əsas havadarı və müttəfiqi, mühüm “nəfəslik” hesab edir. Bu üzdən Bakı-Tehran yaxınlaşması İrəvanı qane edə bilməz. Üstəlik, İran-Azərbaycan iş birliyi getdikcə daha geniş iqtisadi, energetik və kommunikasiya sferalarını əhatə eləməkdədir ki, bu da təcavüzkar ölkənin təcridinin güclənməsi deməkdir. Ancaq məsələ ondadır ki, Krımın ilhaqı və QRU-nun keçmiş əməkdaşı Skripal və qızının zəhərlənməsi qalmaqalından sonra Ermənistanın əsas müttəfiqi və havadarı Rusiyanın da dünyada təklənməsi prosesi başlayıb. Bu isə istər-istəməz satellit Ermənistanın vəziyyətinə də təsir edəcək. Onun iqtisadi durumunu daha da ağırlaşdıracaq, hərbi və müdafiə göstəricilərini zəiflədəcək.
Rusiya ilə müəyyən tərəfdaşlıq içində olan Azərbaycan isə bu mənada daha geniş manevr imkanlarına malikdir - öncəliklə də özünün iqtisadi-energetik müstəqilliyi hesabına. Düşmən tərəfi panikaya salan həm də budur. Aşağıda təqdim elədiyimiz erməni ekspert rəyi həm də bu mövzudadır. ***** “Artıq getdikcə daha aydın şəkildə görünür ki, yaxın gələcəkdə Ermənistanın iri regional layihələrdə iştirak şansı olmayacaq”. “Yeni Müsavat” xəbər verir ki, bunu Gürcüstandakı erməni dilli nəşrlərdən olan birinin baş redaktoru Arsen Xaratyan 1 in.am saytına müsahibəsində söyləyib.
Xaratyan öncə ötən həftə Bakıda baş tutan Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN başçılarının dördlü görüşünə diqqət çəkərək deyib: “Həmin format çərçivəsində ”Cənub-Şimal" nəqliyyat dəhlizi ilə bağlı məsələ də müzakirə edilib. Ancaq diqqəti yalnızca bu dördtərəfli görüşə deyil, həmçinin avropalılarla əldə edilən bəzi anlaşmalara çəkmək lazımdır. İran malları Qərbə və əks istiqamətdə yola salınacaq. Biz şimal-cənub avtotrasının hansı vəziyyətdə olduğunu görürük. Biz onu axıra çatdıra, Cavaxetiyadan keçməklə Türkiyə ilə effektli kommunikasiya qura bilmədik, o ki ola irimiqyaslı layihələrdə iştirak edək".
Erməni təhlilçi daha sonra deyib: “Ermənistanın tam izolyasiyası bizə çox ciddi və neqativ proseslər vəd edir. Bu, xoş məram göstərmək problemi deyil. Mehriban qonşuluq münasibətləri məramından yox, balanslı əlaqələr baxımından İranın da, Gürcüstanın da Ermənistanda maraqları var. Əgər Ermənistan İran kimi böyük dövlət üçün balaca bazardırsa, o zaman tranzit nöqteyi-nəzərincə bu, tamamilə mümkündür. Məsələn, energetik sferada İran qazının Gürcüstana mümkün tədarükü baxımından bu, özünü göstərir”.
Gürcü-erməni münasibətlərindən də danışan A.Xaratyan deyib: “Düşünmürəm ki, Ermənistanda apreldə gözlənilən daxili siyasi hadisələrdən sonra bu münasibətlər ciddi dəyişikliyə məruz qalsın. Mən Ermənistanda dəyişiklik olacağına elə də əmin deyiləm. Ancaq hakimiyyətdə kim olur-olsun, Gürcüstanla dialoqu davam etdirəcək”. ***** Qeyd edək ki, Ermənistan bu günədək Gürcüstanla tam həcmdə iqtisadi-ticari əlaqələr, strateji tərəfdaşlıq münasibətləri qura, Gürcüstan ərazisindən özünə alternativ nəqliyyat dəhlizləri aça bilməyib. Bunun bir səbəbi Gürcüstan ərazisinin bir hissəsini işğal altında saxlayan Rusiyadırsa, ikinci səbəb əlbəttə ki, Tiflisin Bakı və Ankara ilə bəlli səbəblərdən isti, strateji tərəfdaşlıq münasibətlərində olmasıdır. Bu üzdən gürcü baş naziri Georgi Kvirikaşvilinin az öncə böyük bir nümayəndə heyəti ilə İrəvana etdiyi səfər də fiasko ilə nəticələndi. Erməni tərəfin satellit ölkənin izolyasiyasından dolayı təlaşı isə tam məntiqli və yerindədir. Düşmən üçün acı gerçək belədir ki, Bakı getdikcə energetik və regional nəqliyyat “xab”ına (mühüm “paylayıcı məntəqə”, düyün) çevrilməklə yanaşı, həm də bölgənin siyasi mərkəzinə çevrilir, dünya üçün, Qərb üçün, Rusiya və İran üçün vazkeçilməz ölkə statusu qazanır. Azərbaycanın ildən-ilə artan hərbi qüdrəti də öz yerində...Bakının regionda nəqliyyat, energetik “xab”a və siyasi mərkəzə çevrilməsi ermənilərin “yuxusunu” daha da qaçırıb; İran prezidentinin Azərbaycana ayın sonunda gözlənilən səfərinə işğalçı tərəfin məxsusi diqqətinin əsas səbəbi...