YANVARDA Cahangir Hacıyevin ikinci MƏHKƏMƏSİ BAŞLAYIR
Avropa Məhkəməsi isə həbsdə olan sabiq bankirin bacısının işi üzrə qərar verdi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin 3 ildir həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin yeni ittihamlar üzrə məhkəməsi 2019-cu ilin yanvarında başlayacaq. Bu dəfə o, keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfərlə birlikdə hakim qarşısında dayanacaq. C.Hacıyev və D.Xəlilov dostdurlar, bundan öncə ayrı-ayrılıqda mühakimə olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, D.Xəlilov isə 13 il azadlıqdan məhrum edilib. Hazırkı cinayət işi Beynəlxalq Bankın Moskva filialı, xaricdəki kreditlərlə bağlıdır. Mətbuatda “hörümçək toru” əməliyyatı adını almış hazırkı işdə Cahangir Hacıyevin qudası Eldar Mahmudovun da adı qeyri-rəsmi olaraq hallanıb. Yada salaq ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər. O da məlumdur ki, London Ali Məhkəməsi Beynəlxalq Bankın öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib. Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin qərarını əsas gətirərək buna qarşı çıxıb... Sabiq bankirə bu dəfə də CM-in 179 (mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittihamlar irəli sürülüb... Nəzərə çatdıraq ki, C.Hacıyevin həbsindən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Beynəlxalq Bank 3 milyard 3 milyon dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürülüb. Yəni bankdan oğurlanan 3 milyard 300 milyon manat dövlət büdcəsi hesabına kompensasiya ediləcək. Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaitinin xərcləndiyi bildirilirdi. Qeyd edək ki, ABB-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla kreditin götürülüb mənimsənilməsində suçlanır. Keçmiş deputat D.Xəlilov da C.Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq rəhbərlik etdiyi müəssisələrdəki işçilərinin adına böyük məbləğdə kreditlər götürüb mənimsəməkdə günahlandırılıb və 13 il həbs cəzası alıb. Apelyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldaraq 12 il 9 aya salıb. Barəsindəki ilk məhkəmə hökmü üzrə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb. Həmin hökmlə onunla birlikdə təqsirləndirilən digər 7 nəfərdən biri, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev 6 il 5 ay şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb. Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov barəsində 10 il 11 ay azadlıqdan məhrum etmə hökmü çıxarılaraq o, məhkəmə zalında həbs olunub. Digər təqsirləndirilən şəxslərə müvafiq olaraq ən az 3 il şərti, maksimum isə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib. Bir maraqlı məqam da ondan ibarətdir ki, dekabrın 13-də Avropa İnsan Haqları Məhkəməsi 11 nəfərin ölkədən çıxışına qoyulmuş qadağaya dair Azərbaycana qarşı qərarını elan edib. Onlardan biri də Cahangir Hacıyevin bacısı Əminə Hacıyevadır. Cinayət işində şahid statusunda olsa da, ölkədən çıxış hüquqları məhdudlaşdırılıb. Qərara görə, şəxslərin Konvensiyaya 4 saylı protokolun 2-ci (sərbəst hərəkət etmək) və 13-cü (səmərəli müdafiə vasitələri) maddələrinin pozuntusu tanınıb. Cahangir Hacıyevin bacısı Əminə Hacıyevaya mənəvi zərərə görə 5 min avro ödənməlidir.