“AŞPA Dağlıq Qarabağ münaqişəsini DAİM DİQQƏTDƏ saxlayır”

AŞPA-nın gündəliyində olub-olmamasından asılı olmayaraq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti daim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri diqqətdə saxlayır”

 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın 20-24 iyun tarixlərində keçiriləcək yay sessiyası çərçivəsində Azərbaycanla bağlı hər hansı məsələnin gündəliyə salınıb-salınmaması ilə bağlı sualı cavablandırarkən deyib. 
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hər zaman beynəlxalq təşkilatların diqqət mərkəzindədir:
 
“Bu diqqət aprel hadisələrindən sonra bir qədər fərqlidir. Beynəlxalq təşkilatlar Minsk Qrupu çərçivəsində gedən və gedəcək danışıqları, müzakirələri çox diqqətlə izləyir. Bu nöqteyi-nəzərdən məsələni iki istiqamətə bölmək lazımdır. Birinci istiqamət ATƏT-in Minsk Qrupu çərçivəsində dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlardır. Digər istiqamət isə müharibənin törətdiyi nəticələr, işğal altındakı torpaqlar, qaçqınlar və  məcburi köçkünlər, atəşkəs və insan haqlarının pozulması məsələləridir. Bu mövzular AŞPA-nın gündəliyində olsa da, olmasa da, daim diqqətdədir. Nümayəndə heyətimiz hər zaman bu məsələ ilə məşğul olur”.
 
S. Seyidov 90 saylı Seçki Dairəsində keçiriləcək təkrar seçkilərin nəticələrinin AŞPA-da müzakirə olunub-olunmayacağına da toxunub: “Bu, yeni bir seçki deyil, parlamentdə qalan boş yerə keçirilən əlavə seçkidir. Avropa Şurası seçkilərə öz münasibətini bildirib. Adətən belə seçkilərə müşahidəçi göndərilmir. Bizim təşəbbüsümüz və AŞPA ilə əlaqələrimizin konstruktivliyini nəzərə alaraq AŞPA bu seçkiləri müşahidə edəcək”.
 
Qeyd edək ki, AŞPA-nın 20-24 iyun tarixlərində keçiriləcək yay sessiyasında gündəliyə Azərbaycanla bağlı məsələ salınmayıb.
 
Sessiya çərçivəsində Estoniyanın baş naziri Taavi Röivas və Yunanıstanın baş naziri Aleksis Siprasın çıxışı gözlənilir. Sessiya zamanı Yunanıstanda qaçqın problemi, Türkiyədə demokratiya institutlarının fəaliyyəti, Avropa İnstitutlarında şəffaflıq və açıqlıq, gender zorakılığı kimi məsələlər müzakirə olunacaq.
 
Estoniyanın xarici işlər naziri Marina Kalyuran Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabatla çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq.
AzerTaym.az






Fikirlər