Deputat nazirlərə səsləndi: "Əlavə dedi-qodular yaranır, camaatın qarşısına çıxın"

"Manat bu gün Azərbaycanın siyasi, iqtisadi sabitliyinin simvoludur. İqtisadi böhran və ölkədə iki dəfə devalavasiya yaşansa da, hökumət nümayəndələrini ekranlarda görmək olmur. Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm ki, əhaliyə məmurlar məlumat verməlidirlər. Bir neçə ekspertlə cəmiyyətdəki informasiya ehtiyacını ödəmək mümkün deyil".

Bu sözləri millət vəkili Zahid Oruc parlamentdə büdcə müzakirələrindəki çıxışında deyib.

Millət vəkili üzünü nazirlərə tutaraq söyləyib ki, proses davam etdikcə, insanlar arasında əlavə dedi-qodular çoxalır: 

"Ona görə hökumət üzvləri ekranlara çıxıb vətəndaşları ölkənin üzləşdiyi vəziyyətlə bağlı məlumatlandırmalıdırlar”.

Bank sektorunda yaranmış vəziyyətə toxunan millət vəkili bildirib ki, bu sektor cəmiyyətin əsas qan-damar sistemidir və cəmiyyətin gələcəyi, yaşaması bu sistemin necə işləməsində asılıdır:

"Amma bu gün biz nəyin şahidi oluruq? Bank sektorunda yaranmış böhran nəticəsində 200 min insanla məhkəmə üz-üzədir. Və bu gərgin proses hələ də davam etməkdədir. Burada artıq spekulyasiya amilləri görülməkdədir. Odur ki, ciddi diqqət ayırıb vəziyyəti sabitləşdirmək lazımdır. Bu gün manat bir əmtəə vasitəsidir.

Azərbaycan vətəndaşının psixologiyasında bir şey həkk olunub ki, manat sabitdirsə, hər şey yaxşıdır. Çünki Azərbaycan vətəndaşı manatın sabitliyini siyasi, iqtisadi sabitliyin təminatçısı kimi görür. Ola bilər ki, başqa ölkədə məsələyə başqa cür baxılır. Lakin Azərbaycanda düşüncə fərqlidir və ona görə də hökumət manatın sabitləşməsi istiqamətində ciddi addımlar atıb, onun sabitliyini təmin etməlidir. Bank sektoru sağlamlaşdırılmalıdır, insanların banklara inamı bərpa edilməlidir".

Sherg.az






Fikirlər