Vahid Əhmədov: “Əli Əhmədov əzəmətli dəyişikliklər dedikdə...”; Fərəc Quliyev: “Amma Əli müəllimin konkret nədən danışdığını...”
Baş nazirin müavini, YAP-ın icraçı katibi Əli Əhmədovun Azərbaycanın yeni bir sıçrayışa hazırlaşdığı barədə dedikləri internet məkanını zəbt edib. Hakim partiyanın funksionerinin açıqlaması sosial şəbəkələr və mətbuatda ciddi müzakirə mövzusuna çevrilib.
Əksəriyyət indiki ağır bir şəraitdə nazir müavininin dediklərini mümkünsüz sayır. Ə.Əhmədovun fikirlərinə tərəf çıxanlar da var. Hər kəs sıçrayış dedikdə onun nələri nəzərdə tutması ətrafında mülahizələrini irəli sürür.
YAP-ın icra katibinin ən çox diqqətçəkən fikirləri bunlardır: “Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır. Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Azərbaycan yeni bir sıçrayışa hazırlaşır”.
Deputat, iqtisadçı ekspert Vahid Əhmədov hesab edir ki, bölgədə sakitlik olsa, dünya dövlətlərində gedən təlatümlər müəyyən qədər yumşalsa, Amerikanın yeni seçilmiş prezidenti sülhməramlı siyasət yürütsə, müəyyən problemlər öz həllini tapa bilər: “Cənab prezidentin imzaladığı ”Yol xəritəsi"ndə biz bu müddət ərzində orada göstərilən bütün maddələri yerinə yetirə bilsək, Azərbaycanda elə də ciddi problemlər olmayacaq. Ola bilər ki, 2017-2018-ci illər iqtisadi cəhətdən ağır illər olacaq. Amma hesab edirəm ki, bu proqramı yerinə yetirə bilsək, ölkəmizin gələcəyi xoşbəxt olacaq. Biz müstəqil dövlət qurmuşuq, Azərbaycanın ən böyük xoşbəxtliyi onun müstəqilliyindədir. Çalışmalıyıq ki, bunu qoruyub saxlayaq. Müəyyən problemlər, əzablar ola bilər. Amma müstəqilliyimizlə bunların hamısına dözməliyik. Proqramları, “Yol xəritəsi”ni həyata keçirmək üçün iqtisadi və siyasi islahatlara çox böyük ehtiyac var. Düşünürəm ki, artıq biz gecikirik. Struktur, kadr islahatları həyata keçirilməlidir, artıq üzümüzə gələn ildə buna start verməliyik. Neftin qiymətində ciddi problemlər var, neftin hasilatı aşağı düşüb. Yəni bu problemlər var. Qeyri-neft sektorunun inkişafına nail ola bilsək, hüquq-mühafizə orqanlarında islahatları həyata keçirə bilsək, məhkəmələri müstəqil sistemə çevirməyə nail olsaq, nəticələr qazana bilərik, Azərbaycanı yüksək səviyyəyə çatdırmaq mümkün olar. Əli Əhmədov əzəmətli dəyişikliklər dedikdə nələri nəzərdə tutduğunu deyə bilmərəm. İqtisadi cəhətdən yenə də deyirəm ki, müəyyən çətinliklərimiz olacaq. Amma Azərbaycanın əsas problemi Dağlıq Qarabağdır. Əgər yaxın beş ildə bu problemi biz həll edə bilsək, əlbəttə, Azərbaycan böyük inkişafa nail olacaq. Əks halda, problem uzanacaqsa, ciddi problemlər yaşaya da bilərik. Azərbaycanın imkanı var ki, yaxın beş ildə ciddi inkişafa nail olan ölkəyə çevrilsin. Təbii sərvətləri, yerləşdiyi coğrafi şərait buna tam imkan yaradır".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycanda postneft dövrü üçün hazırlıqların getdiyini bildirdi: “Bu fikirlər Əli Əhmədova aiddir. Heç bir şeyə əsaslanmadan bu barədə fikir söyləməyimiz doğru olmazdı. Nəyə əsaslanıb belə deyirsə özü bilir. Onu deyə bilərəm ki, Azərbaycanda postneft üçün hazırlıqlar gedir. Hərçənd ki, bu çoxdan getməli idi, indiki çətinliklərin yaranmaması üçün. Azərbaycanın imkanı var ki, neft gəlirlərinə toxunmadan ciddi şəkildə mövqelər qazansın. İqtisadi cəhətdən qeyri-neft sektoru üçün nəzərdə tutulmuş konsepsiyalar reallaşdırıla bilər. İkinci tərəfdən, bölgədə Türkiyə ilə Rusiyanın münasibətləri yeni situasiyanın yaranmasına gətirib çıxara bilər ki, bu, Dağlıq Qarabağ probleminin həllinin tez bir zamanda mümkün olmasına səbəb olar. İdarəetmə sahəsində struktur dəyişiklikləri nəzərdə tutulurdu, referendumda vitse-prezidentlər institutu yaradıldı. Ola bilər ki, Nazirlər Kabinetinə münasibətdə yeni yanaşma olsun. Əli Əhmədovun fikirlərində bunlar nəzərdə tutula bilər. İqtisadi və siyasi yöndə ciddi dəyişikliklər olarsa, əlbəttə, təəccübləndirici inkişafa nail ola bilərik. Amma Əli müəllimin konkret nədən danışdığını, nəyi nəzərdə tutduğunu onun özündən soruşmaq daha doğru olardı. Əslində hər bir millətin hədəfləri olur və bu hədəflərə çatmaq üçün maneələr olur. Bu maneələri də aşmaq üçün konsepsiyalar olur. Azərbaycanın tarixi coğrafi ərazisində Bütöv Azərbaycan qurmaq üçün hədəfi olmalıdır. Belə bir ideya var və bu ideyaya gedən yolda ideologiyalar müxtəlif ola bilər. Amma konkret olaraq Azərbaycanda bu hədəf dəyişməməlidir. Buna getmək üçün situasiya mövcuddur. Dünya şəkillənir. Böyük qütblərin toqquşması zamanı Azərbaycan bundan yararlanmağı bacarmalıdır. Azərbaycanın imkanı var ki, özünün iqtisadi potensialını, insan resurslarını artırsın, hədəflərini elan eləsin və ayaqüstə durub o hədəflərə doğru getsin. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bölgədə yaranmış vəziyyətdən istifadə edərsə, qeyri-neft sektorunun inkişafı üçün gerçək yaradışlara nail olarsa, ciddi islahatlara gedib, daxildə barışıq əldə edərsə, bütün qüvvələri bir yerə yığarsa, qarşımıza qoyduğumuz hədəflərə çata da, dünyanı təəccübləndirə də bilərik”.