"Böyrəyimi 20 min manata satıram" - Bakı SAKİNİ

Sirr deyil ki, son zamanlar Azərbaycan internet məkanında orqan satılması və alınması haqqında elanlara tez-tez rast gəlinir.

 Birja saytlarında, sosial şəbəkələrdə artıq ev, avtomobil və sairlə yanaşı, insan orqanları da satışa çıxarılıb.
 Ziyanın 31 yaşı var. Onunla internet üzərindən tanış olduq. Böyrəyini satdığı haqda elan diqqətimizi çəkdi, onunla görüşmək qərarına gəldik. Zəngləşdik və heç bir tərəddüdsüz görüşə razılaşdı: "Qiymətdə razılaşmaq olar, əslində mən elanda 30 min yazmışdım".
 Ziya sağlamlığından tam əmin olduğunu deyir:
 - Vallah, bu illər ərzində bir dəfə də həkimə müraciət etməmişəm. Amma bir dəfə analizlərimdə qaraciyərimdə "Hepatit B" olması bildirilmişdi. Onunla bağlı da müalicə aldım, özümü yaxşı hiss edirəm.
 - Ümumiyyətlə, bilirsinizmi kimlər donor ola bilər?
 - Bəli, bilirəm. Analizlərim müayinələrdən tər-təmiz çıxıb.
 Ziya da hamı kimi sağlam yaşamaq istəyir, böyrəyini satdıqdan sonra tək böyrəklə necə əziyyət çəkəcəyini də bilir. Həmsöhbətimiz bu addımı maddi sıxıntı yaşadığı üçün atdığını deyir: "Ehtiyacım var ki, edirəm də. İndi sizdən ayrılandan sonra yenidən həmin doktorun yanına gedəcəyəm. Problemlərim çoxdur. Təkrar analizlərdən keçəcəm. İstəyirsən, sabah gəlin birlikdə gedək analizlər üçün. Heç kim kefindən satmaz ki...  Borcum var, ona görə. 20 min manata razılaşaq. Bir böyrək 20 min manata. Amma pulu əməliyyatdan əvvəl verməlisiniz".
 Həkim-nefroloq Elnur Fərəcovdan orqan transplantasiyasının hansı şərtlərlə həyata keçirildiyini öyrəndik:
 "Könüllü olmadan maddi əsaslara görə orqan bağışlamaq qanunla ziddir. Bu, orqan ticarəti sayılır, heç bir halda qəbul oluna bilməz. Qohumdursa, sənədlər üzərində təsdiq olunur. Əlavə olaraq da könüllü olması haqda notariusda sənəd təsdiqlənir. Üç sənəd əsasında orqan bağışlanılır - şəxsiyyət vəsiqəsi, doğum və nikah haqqında şəhadətnamə, bir də könüllülük haqqında hüquqi sənəd".
 Millət vəkili Çingiz Qənizadə isə deyir ki, Cinayət Məcəlləsində insan orqan və toxumalarının alqı-satqısı ilə bağlı iki maddə var:
 "Cinayət Məcəlləsinin 137-ci maddəsinə görə, insan orqan və toxumalarının alqı-satqısı qadağan olunur. Buna görə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmin maddənin ikinci hissəsində isə zor tətbiq etmə hədəsi ilə bunu etdikdə, daha ağır sanksiya və 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".
 Bəli, bu addım qanunvericiliklə qadağandır. Amma istər qanunsuz olsun, istərsə də haram, fakt odur ki, onlarla insan imkansızlıqdan internetdə orqanını satmasıyla bağlı elan verib və böyrəyinin, qaraciyərinin müştərisini gözləyir...
 






Fikirlər