Əli İnsanovun martda azadlığa çıxacağı İDDİALARI ARTIR

Elşad Musayev: “Hakimiyyət daxilindəki əsas qüvvələr onun həbsdə qalmasını istəyirlər”

Əli İnsanovun adının əfv siyahısına salınması ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlaması sabiq səhiyyə nazirini yenidən diqqət mərkəzinə gətirib.

Doğrudur, Ə.İnsanovun adı sadəcə bir qurumun Əfv Komissiyasına təqdim etdiyi 27 nəfərlik siyahıya salınıb. Onun əfvlə azadlığa çıxması da mümkün deyil. Çünki martın 11-də onun barəsindəki həbs-qətimkan tədbirinin müddəti bitir və bir həftənin içərisində məhkəmənin qərar verəcəyi mümkünsüzdür. Sabiq nazirin yalnız məhkəmənin onu ev dustaqlığına buraxacağı təqdirdə azadlığa çıxmaq şansı var. Çünki onun cinayət işinə xitam verilməsi indiki halda inandırıcı deyil. Bütün bunlara rəğmən, keçmiş dövlət məmurunun martda azad olunacağı ilə bağlı səslənən iddiaların sayı durmadan artır.

Qərbi Azərbaycandan olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev dolaşan fikirlərə bu cür münasibət sərgilədi: “Novella xanımın son dediklərindən sonra Əli İnsanov barəsində bu cür fikirlərin yaranması normaldır. Onunla bağlı Avropa Məhkəməsinin də qərarı var. Ortada bir reallıq var ki, İnsanovu həbsdən azad etmək istəmirlər. 11 illik cəzası bitəndən sonra onun barəsində qurama cinayət işi açıblar. Müxtəlif yollarla bu şəxsin həbsdən azad olunmasına mane olurlar. İnsanov azadlığa çıxarkən hansı işlərlə məşğul olacağı ilə bağlı hərə bir söz deyir. Amma o, azadlığa çıxdığı zaman siyasətlə məşğul olub-olmayacağı ilə bağlı konkret fikir söyləməyib. Özünün bir siyasi təşkilatını da qurmayıb. Adamın hüquqları pozulur. Açığı, onun əfvlə azad olunacağına inanmıram. Bizdə olan informasiyalara görə, onunla bağlı hazırda Avropadan ciddi təzyiqlər var. Hakimiyyətin ən yüksək dairələrinin nümayəndələrinin avropalı nümayəndələrlə görüşlərində İnsanovun dəfələrlə məsələsinin qaldırıldığı bildirilir. Hökumət hələ ki tələblərə əhəmiyyət vermir. Fərhad Əliyevi sındırdılar, amma Əli İnsanovu yox. Bunu çox yaxşı bilirlər”.

Related image


E.Musayev indiyə qədər hakimiyyətin sabiq nazirə müxtəlif təkliflərinin olduğunu söylədi: “İnsanova təzyiqlərlə bərabər, eyni zamanda təkliflər də olub. Əsas təklif odur ki, əfv ərizəsi yazsın. Əli İnsanov da buna getmir. Bu səbəbdən də iqtidarın inadkarlığı artır. Hakimiyyətin bir şansı qalır ki, məhkəməni tez edib İnsanova yüngül cəza versinlər. Bu da ağlabatan deyil. Hakimiyyət daxilindəki əsas qüvvələr onun həbsdə qalmasını istəyirlər. Hakimiyyətin özü də çıxılmaz vəziyyətdədir. İnsanova tribuna vermək istəmirlər. O məhkəmə tribuna olacaq. Belə olan halda İnsanov öz sözlərini deyəcək. Martın 11-nə az müddət qaldı, görək iqtidar hansı qərarı verəcək. Onun azadlığını qanun tələb edir”.

Müsahibimiz sabiq nazirin son durumundan da danışdı: “Əli İnsanov tək-tək adamlardandır ki, həbsdə olduğu müddətdə ailəsi ilə görüşməyib, əlaqə belə saxlamayıb. İki ailə üzvü ilə mütəmadi görüşür. Səhhətində ciddi problem yoxdur, əhval-ruhiyyəsi də normaldır. Mübariz ruhda olan şəxsdir. O yaşında mübarizə aparmaq asan iş deyil. Vaxtilə Azərbaycan mətbuatı başdan-ayağa silahlanıb, Fərhad Əliyevi müdafiə edirdi. İnsanova qarşı hətta hücuma keçilmişdi. Amma zaman göstərdi ki, İnsanov daha dəyanətli insandır. Bu çətin mərhələni də keçəcək”.

 






Fikirlər