Nazir: "Bu görüş bir daha sübut EDİR Kİ.."
Bu görüş bir daha sübut edir ki, ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsi də Azərbaycan iqtidarı üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacibdir. Axar.az xəbər verir ki, bu sözləri aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib. "Bu gün ötən ilin aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşünüz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq Sizin respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinizin əyani göstəricisidir. Bu görüş bir daha sübut edir ki, ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsi də Azərbaycan iqtidarı üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacibdir. Hazırda ölkəmizdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir və bu məqsədlər üçün il ərzində 60 milyon manat məbləğində vəsait sərf olunur. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. 2016-cı ildə 103 nəfər müharibə əlilinə, son 20 il ərzində isə 3476 nəfərə pulsuz avtomobil, o cümlədən müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 şəxsə mənzil və fərdi ev verilib. 2016-cı ildə 445 nəfər müharibə əlili sanatoriya-kurort putyovkası ilə təmin olunub, 271 nəfər Qarabağ müharibəsi əlilinin sosial-məişət problemlərinin həllinə kömək üçün 63 min manat, aprel döyüşləri zamanı əlil olmuş şəxslərə cari ilin yanvar ayında 10 min manat məbləğində birdəfəlik yardım edilib. Son üç ildə və cari ilin ilk rübündə Respublika Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə 23 935 protez ortopedik məmulat və reabilitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Hazırda Azərbaycan Prezidentinin tapşırığı ilə həmin zabit və əsgərlərimizin protezlərinin bionik, yəni, hərəkət edən protezlərlə əvəzlənməsi prosesinə start verilib. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürüb və buna görə Sizə, hörmətli Mehriban xanım, bir daha dərin təşəkkürümüzü bildiririk", - nazir vurğulayıb. AzerTaym.az