"Bu gün Mətbuat Şurası "reket" yönümlü mətbuat vasitələri ilə mübarizə aparır. Bu səlahiyyət Mətbuat Şurasına jurnalistlərin qurultayında həvalə olunub.
Bununla bağlı "reket" jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Həmin komissiya belə şikayətlət olarkən onları araşdırır və qərar verir”.
Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O, bildirib ki, reket yönümlü mətbuat vasitələrinin olması bu gün də Mətbuat Şurasını narahat edir.
"Biz görürük ki, bunlar yalnız Mətbuat Şurasının səlahiyyətində olan məsələlər deyil. Çünki burada nəsə tələb olunursa, iki tərəf iştirak edir. Media və qarşı tərəf. Biz bu məsələlərə tam aydınlıq gətirmək üçün belə qərara gəldik ki, Mətbuat Şurasının "reket" jurnalistikaya qarşı mübarizə komissiyasının fəaliyyətini daha da genişləndirək.
Bununla bağlı "reket" jurnalistikaya qarşı mübarizə komissiyasının üzvlərinin artırılması nəzərdə tutulur. Bu komissiya media sahəsində nüfuzu olan KİV rəhbərlərini, jurnalistləri dəvət edəcəyik.
Onların hesabına siyahını genişləndirəcəyik. Eyni zamanda hüquq-mühafizə orqanlarını da buraya dəvət etmişik. Artıq danışıqlar aparılır. Bir sıra hüquq-mühafizə orqanlarından burada iştirak edənlər var. Bu hüquq-mühafizə orqanları – Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Bu orqanlardan biz komissiyanın üzvləri kimi nümayəndələr dəvət etmişik. Biz bununla daha geniş anlam da məsələlərin həllinə çalışacağıq”.
Mətbuat Şurasının sədrinin sözlərinə görə, "reket"çiliyə qarşı mübarizə təkcə jurnalistika ilə bağlı məsələ deyil:
"Bunun qarşı tərəfi var. Bu məsələdə jurnalist-məmur münasibətləri diqqətdə saxlanılmalıdır. Əgər belə olmasa, Mətbuat Şurasının keçirəcəyi tədbirlər də istədiyimiz qədər öz nəticəsini verməyəcək. Biz hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətimizi daha geniş çərçivədə qura bilsək, şikayətlər əsasında yalnız bir tərəfi deyil, şikayətlərin yaranma səbəblərini, orada iştirak edən tərəflərin fəaliyyətini müzakirə etsək, yəqin ki, kifayət qədər nəticələr əldə edə bilərik”.
AzerTaym.az