İmişli icra başçısı Vilyam Hacıyevin mülkləri – ŞOK SİYAHI
Həsən Əliyev küçəsində villa, «Sahil» metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil, müxtəlif ticarət obyektləri, Dubayda biznes və daha nələr... İmişlinin icra başçısı bu böhranlı günlərdə lüzumsuz xərcləri azaltmaq fikrində deyil
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin sahibkarlara qarşı münasibəti ortadadır. Bu icra başçısı iş adamlarına əlavə problemlər yaratmaqdan başqa sanki heç nə bilmir. Qanuna yox, daşıdığı vəzifəyə arxalanan icra hakimi sahibkarlara zülm etməklə onlarda dövlətə qarşı inamsızlıq yaradır. Qeyd edək ki, ölkədə baş verən devalivasiya, iqtisadi böhran günlərində sahibkarlara şərait yaratmaq üçün Prezident İlham Əliyev sərəncam imzaladı. Buna baxmayaraq, bəzi məmurlar digər tərəfdən sahibkarlara zülm edirlər.
Apardığımız araşdırmalar isə bir daha göstərir ki, sahibkarların incidilməsi məsələsində Vilyam Hacıyevin adı ön sıralarda çəkilir. Belə ki, icra başçısı Vilyam Hacıyev bu vaxta qədər çox sahibkarın haqqını tapdayıb, onların pulunu verməyib. Məsələn, başçı iş adamı Cavanşir Əsgərovla rayonun Heydər Əliyev prospektində 54 min manat qarşılığında təmir və abadlıq işlərinin görülməsi ilə bağlı razılaşma əldə edib. Sonuncu da razılaşmaya əsasən adıçəkilən küçənin təmir işlərini həll edib. Öncədən icra başçısı iş adamına söz verib ki, təmir işləri bitəndən sonra onun pulunu ödəyəcək. Lakin o, bu sözünə tam əməl etməyib. Musavat.com saytına müraciət edən iş adamı Cavanşir Əsgərov deyib ki, təmir və abadlıq işlərinin ümumi xərci 54 min manat olub. İcra başçısı isə cəmisi 30 min manat pul ödəyib.(gundelik-baku)Geridə qalan məbləği isə verməkdən boyun qaçırır: "Mən tapşırılan işi 2013-cü ildə başa vurmuşam. İcra başçısı Vilyam Hacıyev mənə öncədən söz vermişdi ki, iş bitəndən sonra prezident rayona gələcək, bu yola baxacaq. Bundan sonra mənim pulumu verəcək. İş tamamlandı, prezident gəldi, bəyəndi və getdi. Lakin Vilyam Hacıyev mənim pulumu ödəmədi. Bu günə kimi cəmisi 30 min manat pul ala bilmişəm. Geridə qalan 24 min manatı Vilyam Hacıyev ödəmir. Deyir ki, "Sənə borcum yoxdur”. Neçə dəfə qəbuluna getmişəm, fayda vermir. Ümumiyyətlə məni qəbul etmir”. İş adamının sözlərinə görə, o, məsələ ilə bağlı Prezident Administrasiyasına da şikayət edib: "Administrasiyaya şikayət etdim. Oradan Vilyam Hacıyevə tapşırıq verdilər ki, məsələni həll etsin. Amma icra başçısı bu sözü də heçə saydı. Məni qəbul belə, etmədi. Bu pul mənim özümə qalsaydı, çoxdan bezib, ondan əl çəkmişdim. Amma elə deyil. Görülən işlər zamanı istifadə edilən materialları aldığım dükan sahibləri hər gün zəng edirlər və pullarını tələb edirlər. Evimə belə, gələnlər var. Vilyam Hacıyev mənim pulumu versəydi, belə olmazdı». Sahibkarlar icra başçısı ilə bağlı müxtəlif instansiyalara müraciət etsələr də, heç bir xeyri yoxdur. Vilyam Hacıyev hələ də öz bildiyini edir və camaatı incidir. Bildirək ki, bu günlərdə İmişlinin icra hakimi ilə bağlı daha bir iddia ortaya atılıb. Bildirilib ki, başçı İcra Hakimiyyətinin 4 işçisini işdən çıxarıb. Məlumata əsasən protokol şöbəsinin, təhsil və mədəniyyət şöbələrinin məsləhətçiləri və rəhbərləri işlərini itiriblər. Məlumata əsasən işçilərin işini itirməsinə səbəb son zamanlar Hesablama Palatasının adıçəkilən rayonda apardığı yoxlamalardır. Bildirilir ki, icra başçısı rayonun ümumi iqtisadi göstəriciləri ilə bağlı son zamanlar bəzi rəqəmlərin saxtalaşdırılmasına görə günahkar axtarışına çıxıb. Hansı ki, bu işdə əsas günahkar özüdür. Belə deyirlər. Rayondakı mənbələr bildirir ki, dövlət büdcəsindən dotasiya almayan rayonlardan olan İmişlidə manatın devalvasiyasından sonra göstəricilər kifayət qədər aşağı düşüb. Rayon ərazisindəki bir sıra istehsal müəssisələrinin gəlirləri kəskin azalıb. Nəticə etibarilə də rayonun gəlirlər və xərclər üzrə iqtisadi göstəriciləri dəyişib: «Vilyam Hacıyev isə rayonda bir sıra təmir-tikinti və abadlıq işlərini davam etdirir. Nəticə etibarilə lüzumsuz xərclər istifadə edilir. Hansı ki, dövlət başçısı da son zamanlar yaranmış böhranlı vəziyyətlə bağlı məmurlara tapşırıq verib ki, lüzumsuz xərcləri azaltsınlar. Lakin İmişlidə sahibkarların gəlirləri azalsa da, İcra Hakimiyyəti davamlı olaraq lüzumsuz xərclər üzrə smetalar tərtib edir». Xatırladaq ki, prezident 2013-cü il 12 fevral müşavirəsində məmurlara, əsasən də rayonların icra başçılarına möhkəm təpinmişdi. Bundan sonra isə İmişlinin icra başçısı Vilyam Hacıyevin rayon sahibkarlarından aldığı 586 min manat vəsaiti geri qaytarması haqda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, sahibkarlara olan 586 min manat borc ödənilib. Belə ki, İmişli rayonunda abadlıqla bağlı apardığı tikinti işlərinin dəyərinə görə iş adamları Samir Xəlilov və Yaqub Babazadəyə birlikdə 136 min manat, iş adamı Maşallah Əhmədova isə 50 min manat borc ödənilib. Deyilənə görə, başçı hədəfdən yayınmaq üçün təkcə İmişlidəki yox, həm də Gəncə, Xanlar və Bakıdakı obyekt və evlərini satışa çıxarıb. Amma sonradan bu xəbər təsdiqini tapmadı. Çünki icra başçısının borclu olduğu sahibkarlar bu gün də ondan aidiyyəti dövlət qurumlarına şikayət edirlər. Bu arada, qeyd edək ki, bir neçə ay öncə Vilyam Hacıyevin qohumlarından biri onun varidatı barədə bəzi maraqlı məlumatları açıqlayıb. «Bu adamın Həsən Əliyev küçəsində villası, ”Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzili, onlarla müxtəlif obyektləri, Dubayda biznesi var», deyə məlumatda vurğulanıb. /xeberman.com
Növbəti yazımız Vilyam Hacıyevin Qazaxıstandakı tikinti biznesi barədə olacaq.