16.09.2014- T.Heydərovun dəstəyi və ya “biz o evi istəyirik”

16.09.2014- T.Heydərovun dəstəyi və ya “biz o evi istəyirik” Böyük Britaniya Parlamentinin İcmalar Palatasında partiyaları təmsil edən 50-dən artıq parlament üzvü BMT-nin Dünya Qaçqınlar Gününün Dünya Qaçqın və Ölkə Daxilində Köçürülmüş Şəxslər (məcburi köçkün) Günü kimi qeyd olunmasını təklif edən sənədə imza atıblar.
Məsələni gündəmə gətirən Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov olub. Tale Heydərovun fəaliyyətini izləyərkən belə qənaətə gəlmək olar ki, Avropa təhsilli bu gənc son dərəcə praqmatikdir və ölkəmiz üçün qlobal səviyyədə işlər aparır. Başqa tərəfdən heç kim inkar edə bilməz ki, belə mühüm işlər gərgin intellektual fəaliyyətin, qeyri-adi qabiliyyətin və danılmaz nüfuzun nəticəsidir. Məsələnin əhəmiyyətli tərəfi nədən ibarətdir? Bunun üçün tarixə ekskurs etmək lazımdır.
Dünya Qaçqınlar günü (World Refugee Day) 04 dekabr 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təntənəli şəkildə təsis edilib və hər il 20 iyundan etibarən qeyd olunur. Qətnamədə deyildiyi kimi, bu qərar Birləşmiş Afrika Birliyinin razılığı ilə qəbul olunub. Buna qədər isə 1969-cu ildən başlayaraq Afrika Qaçqınlarının Beynəlxalq Günü qeyd olunurdu. Qaçqınların hüquqları 1951-ci ildə qəbul olunmuş “Qaçqınların statusu haqqında konvensiya”da müəyyən olunub. 14 dekabr 1950-ci ildə BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan Qaçqınlar üzrə Ali Komissarlıq yaradıldı. 1956-cı ildə BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığı Sülh üzrə Nobel mükafatına layiq görüldü. Maraqlıdır ki, 1955-ci ildə dünyada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində 2,2 milyon qaçqın olmuşdu. Yəni indi ilə müqayisədə bizim qaçqın və məcburi köçkünlərimizdən təxminən 2 dəfə çox. Bəs Qaçqınlar üzrə Ali Komissarlığın hansı işləri daha çox yadda qalıb? 1956-cı ildə SSR-nin Macarıstan inqilabına müdaxiləsi nəticəsində 160 min insan Avstriyaya qaçmalı oldular. Bir il sonra komissarlıq onların 100 min nəfərinin vətənə qayıtmasını təmin etdi.
1971-ci ildə Cənubi Pakistan Banqladeş dövləti keyfiyyətində müstəqilliyini bəyan etdikdən sonra Qaçqınlar üzrə Komissarlığın maliyyə dəstəyi ilə Hindistan ərazisindən 10 milyondan çox qaçqın havadan daşınaraq xilas edilmişdir. 2 il sonra isə Qvineya-Bisau, Mozambik və Anqola müstəqilliyini bəyan etdikdən sonra 100 minlərlə afrikalı qaçqın vətəninə dönmüşdür. Komissarlığın işi sayəsində 1972-ci ildə 50 min anqolalı Zairə qayıtdı. Belə misalların sayını artırmaq olar. Göründüyü kimi, Qaçqınlar üzrə Ali komissarlığın bizdən başqa dünyada qaçqınların problemlərinin həlli üçün kifayət qədər uğurlu fəaliyyəti olub. BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığı 1981-ci ildə 2-ci dəfə Sülh üzrə Nobel mükafatına layiq görüldü. Həmin il bu qurumun Ali komissarı olmuş Poul Xartlinq təntənəli mərasimdə bunları demişdi: “Bəli, bu mükafat göstərir ki, bizim səsimiz eşidilir. Biz keçmiş uğurlarımıza boylanmaq üçün ani olaraq dayansaq görərik ki, indiki reallıq sevinmək üçün bəhanə vermir. Lakin Dünya yenidən bizim mübarizəmizə diqqət yetirir və yenidən kömək üçün istək nümayiş etdirir ”. BMT-nın bu qurumu 2-ci dəfə Sülh üzrə Nobel mükafatına layiq görüldükdən sonra hamıya elə gəldi ki, bütün dünyada onun diqqətindən kənarda qalan qaçqın və məcburi köçkünlərin problemləri qalmayacaq. Konkret olaraq bizə gəldikdə qaçqın və məcburi köçkünlərin problemləri yenə də diqqətdən kənarda saxlanılmaqda davam edir.
1988-ci ildə BMT-nin Sülhməramlı qüvvələri “münaqişə vəziyyətlərində həyat əhəmiyyətli təşəbbüslər irəli sürülməsi sayəsində real danışıqların başlanmasına verdiyi töhvələrə görə” Sülh sahəsində Nobel mükafatına layiq görüldü. Nobel Komitəsində deyildi ki, BMT-nin Sülhməramlı əməlliyyatları bəşəriyyətə məhz belə töhfələri verib.
Sülhməramlı qüvvələrin Nobel Sülh mükafatəna layiq görüldüyü ildə erməni vandalizmi nəticəsində Qərbi Azərbaycandan 250 mindən çox soydaşımız doğma torpaqlarımızdan qovuldu. Bu prosesdə BMT-nin sülhməramlı qüvvələri və Qaçqınlar üzrə Ali Komissarlığın fəaliyyəti hiss olunmadı. Bundan sonra ermənilər Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal etməyə başladılar. Nəticədə məcburi köçkünlərin sayı 1 milyonu ötdü. Məcburi köçkünlər Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalından zərər çəkən insanlardır və hazırda onlar Azərbaycanda mövcud olan düşərgələrdə məskunlaşıblar. Bu hərbi işğal BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 874 və 884-cü qətnamələrinə zidd olaraq 20 ildən çoxdur ki, davam edir.
Təkcə 1990-cı ildən 2013-cü ilə qədər BMT-nin Sülhməramlı qüvvələri 31 missiya və əməliyyat yerinə yetirib. Təəssüflər olsun ki, bu missiya və əməliyyatların heç biri bizim qaçqın və məcburi köçkünlərimizə aid olmayıb. Başqa sözlə, bu qurumun qətnamələrinin yerinə yetirlməməsinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı münaqişənin həlli - məcburi köçkün və qaçqınların doğma yerlərinə qaytarılması üçün heç bir missiya və əməliyyat həyata keçirməyib. BMT kimi nüfuzlu bir qurumun diqqətinin bizim qarşılaşdığımız problemlərə yönəlməsi üçün müntəzəm olaraq işlər aparmaq lazımdır. Gənc nəslin nümayəndələrinin artıq bu işlərə başlaması sevindirici haldır. Avropa Azərbaycan Cəmiyyətinin (AAC) tərtib etdiyi Dünya Qaçqınlar Gününün Dünya Qaçqın və Ölkə Daxilində Köçürülmüş Şəxslər (məcburi köçkün) Günü kimi qeyd olunmasını təklif edən sənədi Liberal Demokrat Partiyasının sədr müavini və Beynəlxalq İnkişaf Komitəsinin sədri Ser Malkolm Brüs təfərindən müzakirəyə çıxarılması böyük maraq kəsb edir. Bu, onun Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Azərbaycana təşkil etdiyi səfəri zamanı azərbaycanlı məcburi köçkünlərin düşərgələrinə səfərindən sonra baş verib. Avropa Azərbaycan Cəmiyyətinin bu təcrübəsi göstərir ki, aparılan işin səviyyəsi və ardıcıllığından asılı olaraq belə möhtəşəm layihələri həyata keçirmək mümkündür. Dəstəyin böyük hissəsi Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü olan “Many Happy Return”s (“Xoş Arzularla”) kampaniyası (www.manyhappyreturnsidp.com) çərçivəsində göstərilib. Bu kampaniya diqqəti dünyada ən çox məcburi köçkün əhalisi olan ölkələrdən biri Azərbaycana yönəldə bilib. Britaniya Parlament üzvlərinə göndərilən açıqcaların üzərində olan məcburi köçkün düşərgələrində yaşayan bir neçə kişi, qadın və uşaq şəkillərini əks etdirən təsirli şəkillər onları bu təşəbbüs sənədini imzalamağa sövq edib.
Bundan başqa, Mühafizəkar Partiyasının üzvü, keçmiş nazir Peter Bottomley, həmçinin Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkman da Azərbaycandakı məcburi köçkün düşərgəsinə səfər ediblər. Leyborist Partiyasının üzvləri Alan Meale, Anne Begg, Əmək və Pensiya Komitəsinin sədri və Demokratik Birliyin təmsilçisi Cim Şannon bu təşəbbüsü dəstəkləyənlər sırasındadırlar. Hər il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Dünya Qaçqınlar günü münasibətilə Nansen mükafatı laureatını müəyyənləşdirir. Dünya Qaçqınlar gününün mövzularının bir neçəsinin adına diqqət edək: “Ev adlandırıla biləcək yer”, “Kişilik”, “Yeni ev”, “Yeni həyat”, “Real insanlar-real ehtiyaclar” və s.
Qaçqınlar üzrə Ali Komissarlığa “Qarabağa qayıdırıq”, yaxud “Biz o evimizi istəyirik” mövzularını təklif etmək olar. Beləliklə, artıq Böyük Britaniya parlamentinin 50 nəfər üzvü Azərbaycan üçün gərəkli olan bir sənədə imza atıblar. Tale Heydərovun gördüyü bu iş Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarının bizim məcburi köçkün problemimizə yenidən diqqət yetirilməsi ilə nəticələnə bilər. Bu yenilik yerli və Beynəlxalq Qeyri –hökumət təşkilatları, alimlər, ictimai-siyasi xadimlər tərəfindən dəstəklənməli, BMT də daxil olmaqla Dünyanın nüfuzlu təşkilatlarına, o cümlədən Nobel mükafatı laureatlarına müraciətlər göndərilməlidir.

Etibar Əliyev,
Təhsil eksperti,fəlsəfə doktoru






Fikirlər