“Rəsul Quliyevə zəng vurdugum axşam sərəncam verildi…” - ARDNŞ-in sabiq PREZİDENT
AXC hakimiyyəti dövründə xarici güc mərkəzlərinin diqqət kəsildiyi ən önəmli sahəyə – ARDNŞ-ə rəhbərlik edən Sabit Bağırov uzun illərdir ki, QHT sektorunda fəaliyyət göstərir və bu sahənin ən təcrübəli şəxslərindən sayılır. Etiraf olunmalıdır ki, işlədiyi bütün sahələrdə, təmasda olduğu çevrələrdə həmişə işini mükəmməl bilən mütəxəssis, eyni zamanda kübar, dürüst və vicdanlı bir insan kimi qəbul edilib. Görünür, elə bu xüsusiyyətlərinə görə də, prezidentliyi dövründə öz təmiz adını hər şeydən uca tutmağa çalışan Əbülfəz Elçibəy ARDNŞ rəhbəri postuna sonda məhz onun adı üzərində durmaq qərarını verib, Elçibəyin yerinə gələn prezident Heydər Əliyev isə, müxalif komandada təmsilçiliyinə baxmayaraq, onu vəzifəsindən çıxarmaq istəməyib, onunla işləmək arzusunda olub… Beləliklə, Strateq.az-ın budəfəki müsahibi Azərbaycan tarixinin sirlərlə dolu bir dövründə strateji bir postda əyləşmiş, bir çox tarixi hadisələrin fəal iştirakçısı olmuş və sonra da siyasi qovğalardan uzaq durmağa çalışaraq, sakitcə kölgəyə çəkilmiş Sabit Bağırovdur. – Sabit bəy, ilk baxşıda sakit və təmkinli, şəhər ziyalısını xatırlatsanız da, adınız Azərbaycan siyasi tarixinin ən qaynar proseslərində qırmızı xətlə keçir. Siz Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri olmusunuz, 1990-cı ilin 20 yanvar gecəsi AXC-nin qərargahında olmusunuz, ARDNŞ-in prezidenti işləmisiniz. Sovet Azərbaycanının perspektivli mühəndisini, müəssisənin direktor müavinini siyasətə gətirən nə oldu? – Mən təhsilimi rus məktəbində almışam. Buna baxmayaraq, orta məktəbin yuxarı siniflərində oxuyarkən məndə milli ideyalara güclü rəğbət oyanmışdı. Əlbəttə, bu məsələdə ilk növbədə ailədə aldığım tərbiyə, daha sonra oxuduğum kitablar rol oynamışdı. Odur ki, orta məktəbin son siniflərində artıq mən yaxşı mənada millətçi idim. Azərbaycanın müstəqilliyini arzulayırdım. Hətta 3 dost bu yolda sona qədər gedəcəyimizə and da içmişdik. Beləcə, orta məktəbi bitirdim, ali təhsil aldım, işə düzəldim. Bu ideya həmişə qəlbimdə öz yerini tuturdu. Deməzdim ki, mən yaxın perspektivdə bunun reallığına inanırdım, başa düşürdüm ki, müstəqil dövlətə yol nəhəng proseslərdən keçir. Birdən-birə mümkün deyil, çətindir. SSRİ-də başlanmış Qorbaçov Yenidənqurması bütün bu prosesləri sürətləndirdi. İşlədiyim Azərbaycan Neft Maşınqayırma Birliyi o vaxt Moskvaya tabe idi. Mən də tez-tez Moskvada və SSRİ-nin digər şəhərlərində ezamiyyətdə olurdum. 1985-ci ildə Permdə ezamiyyətdə olarkən mehmanxananın foyesində qoyulmuş televizordan ilk dəfə SSRİ-nin yeni rəhbəri Mixail Qorbaçovun çıxışını dinlədim. Sona qədər qulaq asdım və çox təsirləndim. Öz-özümə dedim ki, “deyəsən, proses başlanır”. Yenidənqurma dövrü vüsət aldıqca başladım gedən proseslərlə ciddi maraqlanmağa… SSRİ KİV-lərində çox maraqlı məqalələr çap olunmağa başlamışdı. 1988-ci ilin yazında Baltik ölkələrində Xalq Cəbhələrinin yaradılmasından xəbər tutdum. Mənə həddən artıq maraqlı gəldi. Başladım bu barədə materiallar toplamağa. O zaman Axundov kitabxanasına SSRİ respublikalarının mərkəzi qəzetləri gəlirdi. Baltik ölkələrinin qəzetlərində yeni yaradılmış Xalq Cəbhələrinin proqram və nizamnamələri dərc edilirdi. Onları toplamağa, təhlil etməyə başladım. Direktor müavini olduğum Neft-Maşınqayırma Birliyinin Məlumat-Hesablama Mərkəzinin bütün müəssələrlə əlaqəsi vardı. Orada işləyən aparıcı mütəxəsisslərdən bir qisminə təklif etdim ki, biz də bir qrup yaradaq və yenidənqurma ilə bağlı Azərbaycanda zəruri olan islahatlar barədə müzakirə açaq. Başladıq görüşüb müzakirə etməyə. Sonra yavaş-yavaş Xalq Cəbhəsinin yaradılması ideyasına gəlib çıxdıq. 1988-ci il idi. Qeyd edim ki, bu ideyanı dəstəkləyən digər şəxslər də vardı. Elmlər Akademiyasında yaradılmış “Gənc Alimlər” Klubu, “Varlıq” təşkilatı. – Siz onları tanıyırdınız? – Yox tanımırdım. Tanışlığım belə oldu. 1988-ci ilin yay ayları idi. Bacımın həyat yoldaşı Nəsib Nəsibli o zaman Akademiyanın Şərqşünaslıq İnstitutunda işləyirdi. O da milli ruhda olan alimlərimizdən idi. Biz onunla tez-tez müzakirə aparırdıq. Mən Nəsib bəyə dedim ki, dostlarla Xalq Cəbhəsinin yaradılması ilə bağlı ideyanı müzakirə edirik. Cavabında Nəsib bəy bildirdi ki, elə Akademiyada da bununla bağlı ciddi müzakirələr gedir. – Deməli, müxtəlif dairələrdə bu ideya var idi? – Bəli. Bu, o zaman üçün cəmiyyətdən gələn tələb idi. Nəsib bəy dedi ki, gəl, səni aparım Akademiyadakı adamlarla tanış edim. Məni bu toplantıların birinə apardı. Həmin iclas Üzeyir Hacıbəyovun ev müzeyində keçirilirdi. Biz gələndə ora artıq xeyli adam yığışmışdı. Nəsib həyətdə məni Hikmət Hacızadə ilə tanış elədi. Əbülfəz bəy, İsa bəy orada idi. Yavaş-yavaş onları tanıdım. Fikirləşdim ki, elə bu şəxslərlə birgə Xalq Cəbhəsi ideyasını həyata keçirmək olar. Ölkəmizə bir Cəbhə yetərlidir, ikisinə ehtiyac yoxdur. Qatıldım onların sırasına… – Bəs sizin mühəndis və iqtisadçı dostlarınızdan hərəkata gələn oldu? – Bəli, oldu. – Bu prosesdən nə gözləyirdiniz? SSRİ-nin dağılacağına inanırdınız? – SSRİ-nin yaxın zamanlarda dağılacağına inanmırdım. Sonra proseslər davam etdikcə, görürdüm ki, vəziyyət ona doğru gedir. – Azərbaycanda gizli fəaliyyət göstərmiş bu qədər milli adamın olması sizi təəccübləndirmədi? Hər halda sizin bu kəsimlə heç vaxt əlaqəniz olmamışdı. – Onları yavaş-yavaş tanıdım. Mən ilk olaraq “Varlıq” təşkilatının iclaslarına getməyə başladım. Natiqləri dinləyirdim. Səmimi desəm, bir çoxunun çıxışı mənə populist və primitiv görünürdü. Amma onların milli ruhda olması məni çəkirdi. Çox yaxşı çıxışlar da olurdu. Məsələn, Əbülfəz bəyin orada bir çıxışı yadımdadır, çox bəyənmişdim. Eyni zamanda onu da görürdüm ki, toplaşanların əksəriyyəti siyasətçi deyil. Bu da təbii idi. SSRİ-də siyasətçi necə yetişə bilərdi? – Sizcə, Qarabağ amili olmasaydı, Azərbaycanda bu müstəqillik hərəkatı başlayacaqdı? – Qarabağ faktoru və siyasi fəallıq bu məsələdə böyük rol oynadı. – Qarabağ münaqişəsinin Azərbaycan üçün belə ağır nəticlərə səbəb olacağını gözləyirdiniz? – Yox. Bu mübahisənin elə ağır fəsadlarla müşayət olunacağını, ciddi konfliktə çevriləcəyini gözləmirdim. Biz hamımız ermənilərin də olduğu kollektivlərdə çalışırdıq. Məsələn, bizdə işləyən ermənilər çox böyük təəssüf və kədərlə Bakıdan çıxıb gedirdilər. Birinin hətta yanımda gözləri yaşardı, çox yüksək səviyyəli proqramçı – şöbə müdiri idi. Bu münaqişənin səbəbkarlarını lənətləyirdi. – 20 yanvar gecəsi AXC qərargahında olmuş 3 nəfərdən birisiniz. 1990-cı ilin qanlı yanvarı SSRİ-də islahatlar gözləyən sizlər üçün hansı nəticələri ortaya qoydu? O qanlı və təhlükəli gecəni necə xatırlayırsınız? – Çox ağır və dəhşətli gecə idi. Biz həmin gecə qərargahda qalmışdıq ki, təşkilatın olduğu yer boş qalmasın. Orada həddən artıq radikal, özünü oda atmağa hazır olan gənclər yığılmışdı. Biz onları qorumağa çalışırdıq. Yadımdadır, yanvarın 19-da axşam AXC İdarə Heyətinin iclası idi. Gecə 11-12-nin yarısında atışma başladı. İdarə Heyətinin iclası dayandırıldı, təklif olundu ki, kim könüllü olaraq AXC qərargahında qalmaq istəyir? Mən, Vurğun Əyyub və Pənah Hüseyn dedik, “biz qalırıq”. – Həmin dövr barədə bir sıra müşahidəçilər, ekspertlər yazırlar ki, AXC-nin daxilindəki bəzi qüvvələrin düzgün olmayan qərarları belə fəlakətli vəziyyətin yaranmasına, sovet rəhbərliyinin belə qəddar qərar qəbulu etməsinə şərait yaradıb. Siz bu fikirləri bölüşürsünüz? Bu faciənin qarşısını almaq olardımı? – Sizə deyim ki, həmin ərəfədə AXC faktiki olaraq prosesləri idarə etmirdi. Xalq Cəbhəsinin indi “radikal” adlandırılan o biri qolunun səsi daha çox eşidilirdi. Lakin hamı hətta liberal olsaydı belə, düşünmürəm ki, prosesin qarşısı alınardı. Çünki “yuxarıda” qərar qəbul olunmuşdu və əmr verilmşidi. Mən 20 yanvar gecəsi təsadüfən sağ qalmışam. – Həmin ərəfədə SSRİ rəhbərliyi ilə AXC arasında aparılmış danışıqlarda siz də iştirak etmisiniz. Həmin iclasda SSRİ-nin məsul şəxslərindən olmuş Primakov Bakıya ordunun yeridilməyəcəyinə söz verib. Siz inandınız bu vədə? – Necə inanmayasan, axı? SSRİ-nin yüksək vəzifəli şəxsi deyir ki, ordu şəhərə girməyəcək. Mən də normal insan kimi hesab edirdim ki, bu boyda vəzifə yiyəsi bu sözü verirsə, deməli, ordu Bakıya daxil olmayacaq. Mən inanmışdım ki, sovet ordusu şəhərə girməyəcək. Ona görə ordu şəhərə girən gecə çox heyrətlənmişdim. Xatırlayıram, gecə saat 2-də Sabunçu-Razin dayaq dəstəsindən gəldilər ki, AXC rəhbərliyindən kimsə bizimlə gəlsin, sovet ordu hissəsinin komandiri barrikadadan dağılmaq üçün vaxt verib, Zabrat tərəfdən rota artıq hucuma keçmək istəyir, camaat da dağılmır. Bəlkə, bizdən kiməsə qulaq asıb dağılarlar. Mən dərhal ora getdim. Jurnalist Rauf Mirqədirov da qərargahda idi. O da bizimlə gəldi. Köhnə “Moskviç”lə elə qərargahdan təzə çıxmışdıq ki, gördük ki, Şmidt (Səttərxan) zavodu tərəfdən “Şərq bazarı” istiqamətində bir rota əsgər irəliləyir. İki addım atır, dayanır, avtomatla havaya atəş açır, yenə yoluna davam edir. Biz gözlədik, keçib getdilər. “Moskva” prospekti ilə gedib Bağırov körpüsünün altından çıxanda gördük ki, düz qabağımızda daha bir rota əsgər irəliləyir. Bizi dərhal saxladılar. Maşından düşürdülər. Starşina rütbəsində uzunsaçlı bir rezervist əlindəki avtomatı dirədi sinəmə… Komandirləri – bir podpolkovnik gəldi, kobud halda kim olduğumuzu və hara getdiyimizi soruşdu. Mən də tam soyuqqanlı halda cibimdən işlədiyim yerin yazıldığı vəsiqəni zabitə uzatdım. O da baxdı gördü ki, SSRİ Neft Maşınqayırma Nazirliyinin işçisiyəm. Səlis rus dilində dedim ki, “biz zavoda gecə növbəsinə gedirik, icazə verin yolumuza davam edək”. Podpolkovnik baxdı üzümə, “yaxşı, gedin” dedi. Gəlib çıxdıq Sabunçu dairəsinə. Gördüm böyük bir dəstə Zabratdan gələn yolu yük maşınları ilə bağlayıb özləri də bu maşınların qabağında dururlar. Rota da artıq hucuma keçmək əmri alıb, addım-addım, havaya güllə ataraq gəlir. Mən bunu görərək camaatı barrikadadan çəkilməyə çağırdım. Birinin boynundan, birinin paltosundan yapışıb darta-darta qırağa çəkməyə başladım. Sonra sürücülərə dedim ki, maşınları yoldan çəksinlər. Birtəhər adamları oradan çıxartdım. Bir çoxu ölməyə hazır idi. Amma şok vəziyyətində olanlar da var idi. – Azərbaycan rəhbərliyi həmin dövrdə proseslərin məsuliyyətini başa düşürdümü? – Əbdürrəhman Vəzirovla keçirilən bütün görüşlərdə olmuşam. O, 1989-cu ilin əvvələrində AXC Təşəbbüs qrupunun üzvlərini görüşə çağırdı. 11 nəfər getdik görüşə… Vəzirov mənə yaxşı təsir bağışlamadı. Rəhbər kimi zəif adama oxşayırdı. Amma ziyalı adam idi. Onsuz da onun o dövrdə vəziyyətə nəzarət etmək imkanı da az idi. Bütün SSRİ-də xalq hərəkatları başlanmışdı, Moskva da buna normal baxırdı. Amma o fikirlə razıyam ki, Azərbaycanın o zamankı rəhbərlərinin fəaliyyəti dövrə adekvat deyildi. Onların ağıllarına da gəlmirdi ki, SSRİ dağıla, Azərbaycan müstəqli dövlət ola bilər. Azərbaycan rəhbərliyində müəyyən islahatlara getməyin vacibliyini anlayırdılar, amma gözləri həmişə Moskvada idi. – AXC hakimiyyəti zamanı SOCAR-ın sələfi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti işləmisiniz. Təyinatınız necə baş tutdu? – Neft Şirkəti mühüm təsisat, dövlət içində dövlətdir. Ayaz Mütəllibovun vaxtında onun rəhbəri Sənan Əlizadə idi. AXC hakimiyyətə gəldikdən sonra belə qərara alındı ki, bu postun həddən artıq önəmini nəzərə alaraq bu vəzifəyə yeni adam təyin olunmalıdır. Neft müqavilələrinin hazırlanması məsələsi vardı. Hərə gəlib bir söz danışırdı. Belə vəziyyətdə yeni rəhbər axtarmağa başlanıldı. Əbülfəz bəy məndən də xahiş etmişdi ki, bir neçə namizəd təklif edim. Mənim də təklifim o zaman Neft Şirkətində fəaliyyət göstərən AXC dayaq dəstəsinin irəli sürdüyü namizəd idi. O vaxt dayaq dəstəsi indi Milli Məclisin vitse-spikeri olan Valeh Ələsgərovun namizədliyini irəli sürmüşdülər. Onun AXC dayaq dəstəsi ilə yaxşı münasibətləri vardı, təşkilata kömək edirdi. Odur ki, ona müəyyən etimad yaranmışdı. AXC hələ hakimiyyətə gəlməmişdən əvvəl dayaq dəstəsinin təşəbbüsü ilə mən Valeh Ələsgərovla gizli görüşmüşdüm. Normal insan təsiri bağışladı, həm də yaxşı mütəxəssis idi. Mən onun namizədliyini bir neçə dəfə prezidentə təqdim etsəm də, Elçibəy “yox” cavabını verdi. Mən daha heç kimi təklif etmədim. Başqa namizədlər də var idi. Məsələn, Rəsul Quliyevin də namizədliyinə baxılırdı. Digərləri də var idi. Bir axşam prezidentin köməkçisi zəng vurdu ki, “Əbülfəz bəy, sizinlə görüşmək istəyir, xahiş edirəm gəlin”. Getdim, gördüm prezidentin kabinetində özündən başqa İsa bəy və Pənah bəy oturub. Mənə dedilər ki, aramızda yeganə mühəndis sənsən və neft şirkətinin rəhbəri postuna səni təyin etmək istəyirik. Prezident dedi ki, biz ora yalnız tanıdığımız və etibar etdiyimiz adamı qoya bilərik. Mən razı oldum. Əlbəttə, tərəddüdlərim vardı, birdən-birə o boyda şirkətə rəhbər getmək çox məsuliyyətli iş idi. Mən ona qədər strateji məsələlər üzrə dövlət müşaviri postunu tuturdum. Əslində hakimiyyətdə rəsmi olaraq belə struktur vahidi yox idi… – Bəs, necə təmsil olunurdunuz orada? – AXC rəhbərliyindən ən gec vəzifəyə təyin olunan iki nəfər olub: mən və Nəcəf Nəcəfov. Əbülfəz bəy prezident seçildikdən sonra məni bir neçə dəfə çağırıb söhbət eləmişdi. Demişdi ki, “hansı vəzifədə işləmək istədiyini desən, mən dərhal fərmanı verərəm”. Mən də nəsə boyun qaçırırdım. Heç bilmirəm niyə… Prezident növbəti dəfə məni kabinetinə dəvət edib bir az incimiş tonla dedi ki, “sən niyə mənimlə işləmək istəmirsən?” Bilmədim nə cavab verəm… Elçibəy arxasınca dedi ki, “istənilən vəzifəni seç, qərar verim, kimi istəyirsən vəzifədən çıxarım, səni təyin edim”. Mən, sözün açığı, kiminsə yerini tutmaq istəmirdim. Getdim prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundovun yanına. Vahid müəllmlə yaxın idik. Vəziyyəti ona danışdım. Məsləhətləşdik. Strateji proqramlar üzrə dövlət müşaviri postunu yaratmaq təklifini hazırladıq. Prezidentə dedim, o da dərhal fərman verdi. Gəldim oturdum Prezident Aparatında. Başladıq Vahid müəllimlə əsas iqtisadi islahatlar paketi üzərində işləməyə. – Prezident Elçibəylə işləmək rahat idi? – Mənim üçün işləmək çox asan və rahat idi. Çünki mənə olan inam və etibar maksimum dərəcədə idi. Halbuki, biz Əbülfəz bəylə təzə tanış olmuşduq. Tanışlığımızın tarixi heç beş il deyildi. Mən deyə bilmərəm ki, biz dost idik. Amma, mənə çox etibar edirdi. Həm hakimiyyət dövründə həm də sonralar Elçibəy zəng edib, Nəcəf bəylə ikimizi, söhbətə dəvət edirdi. Elçibəy bizdə hansısa merkantil maraqların olmadığını bilirdi. Ətrafındakı adamlardan kimlərinsə öz maraqları ola bilərdi, amma bilirdi ki, bizdə elə şey yoxdur. Əlbəttə, etibar etdiyi başqaları da, yəqin ki, var idi. Ümumiyyətlə, Nəcəf bəyə xüsusi rəğbəti var idi. Elçibəy bizim səmimiyyətimizə inanırdı, bilirdi ki, nə varsa, üzə deyirik, oyun oynamırıq. – Getdiniz neft şirkətinə… – Bəli, getdim. Bir neçə gündən sonra müəyyən təkliflərlə gəldim. Bunlar çox vacib məsələlərə aid idi: hasilatın katostrofik azalmasına yol verməmək, neft şirkətinin struktur və idarəetmə islahatlarını aparmaq, xarici şirkətlərlə danışıqları davam etmək və kontraktı hazırlamaq. O da təkliflərimi qəbul etdi. – Sabit bəy, neft müqavilələri ilə bağlı belə bir söhbət var ki, prezident Elçibəy qiymətdə bir sent belə güzəştə getmədiyinə görə AXC hakimiyyətdən devrildi. Guya, Marqaret Tetçer Elçibəylə danışıqlardan narazı olduğunu vurğulayıbmış. Bunun əsasları var? – Nə danışırsınız? Bunların hamısı boş danışıqlardı. Əksinə, xanım Tetçer 1992-ci ildə Bakıya gələndə BP-nin arzuladığı 2 memorandum imzalandı – həm “Çıraq”, həm də “Şahdəniz” üzrə… Heç bir narazılıq ola bilməzdi və yox idi. Bunlar kimlərsə tərəfindən qəsdən uydurulur və ya sadəcə olaraq məlumatsızlıq sindromudur. – Neft müqavilələrinin hazırlanması prosesi necə gedirdi? Elçibəy hökuməti bu müqavilələri niyə imzalaya bilmədi? – Cəmi iki ay vaxt çatmadı. – Müqavilənin hazırlanması prosesinə xaricdən təzyiqlər vardı? – Heç bir təzyiq yox idi. – Rusiyadan da yox idi? – Rusiyadan da yox idi. Hər halda mən hiss etmirdim. “Lukoyl”un prezidenti Vahid Ələkbərov bir neçə dəfə Bakıya gəlmişdi. 93-cü ilin yazında gəldi mənimlə görüşdü. Xahiş elədi ki, kontraktda “Lukoyl”a da yer verək. Mən də dedim ki, sizə birdən-birə necə kontraktda yer verə bilərik? Artıq müəyyən Konsorsium formalaşıb. Azərbaycanda “Azəri-Çıraq-Günəşli”dən başqa yataqlar var, sizinlə o yataqlarda işləyə bilərik. Bir şərtlə ki, “Lukoyl” da öz yataqlarında ARDNŞ-in də işləməsi üçün imkan yaratsın. Beləcə, şirin söhbətlə ayrıldıq. Amma bu kontraktda “Lukoyl”a yer vermədik. Əvəzində o zaman “Lukoyl”la birgə müəssisə yaratdıq. Vahid Ələkbərov, açığını deyim, mənə yaxşı təsir bağışlamışdı – çox ağıllı və enerjili insan kimi. Şirkətdə qalsaydım, yəqin əməkdaşlıq, bəlkə dostluq edəcəkdik. Axı bir institutu bitirmişdik, bir il fərqlə. – Britaniya ilə neft müqavilələri haqda danışıqlar necə gedirdi? – ARDNŞ Britaniya ilə deyil, BP ilə danışıqlar aparırdı. Özü də tək BP ilə deyil. O zaman xarici şirkətlər Konsorsiumunda aparıcı rol ABŞ-ın AMOKO şirkətində idi. Ümumiyyətlə Konsorsiumun bütün üzvləri ilə danışıqlar gedirdi. Ekspertlər səviyyəsində də böyük iş gedirdi. ARDNŞ-nin bir çox mütəxəssisi müzakirələrdə iştirak edirdi. – Bəs İranın neft müqavilələri ilə bağlı mövqeyi barədə nə deyə bilərsiniz? Narazılıqlarını bildirirdilər? – İran, təbii ki, narahatçılıq keçirirdi. Lakin mən onların açıq şəkildə hər hansı narazılığının şahidi olmamışam. Əksinə, Bakı-Ceyhan kəməri müzakirə ediləndə iki variant var idi: ya İran üzərindən, ya da Gürcüstan üzərindən kəməri Ceyhana doğru çəkmək. Mən şərtləri müəyyənləşdirmək üçün İrana səfər etmişdim. Normal görüşlərimiz oldu. Bizim düşündüyümüz nə idi? Azərbaycan nefti qismən Təbrizdəki neftayrıma zavoduna da ötürülə bilərdi. Hətta Ermənistan üzərindən də Ceyhana kəmərin çəkilməsi bir variant kimi müzakirə oluna bilərdi. ABŞ-da Azərbaycan səfirliyi açılanda nümayəndə heyətinin tərkibində mən də Vaşinqtona getmişdim. Rəsmi nümayəndə heyətinə İsa Qəmbər rəhbərlik edirdi. Vaşinqtondakı məşhur Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində regional münasibətlərə və neft müqavilələrinə həsr olunmuş konfransda çıxış edərək Bakı-Ceyhan barədə danışdım. Orada dedim ki, kəmərin Ermənistan ərazisindən çəkilməsi variantı da var. Amma bu variantın həyata keçməsi üçün Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Dedim ki, əgər bu kəmər Ermənistandan keçərsə, onlar 100 milyonlarla dollar qazanacaqlar. Həmin toplantıda, sən demə, Amerika Erməni Asambleyasının rəsmiləri də iştirak edirdi. Onlar mənə yaxınlaşıb bu variant barədə daha ətraflı məlumat verməyi xahiş etdilər. Yəni, kəmərin sülh potensialı da var idi. Təəssüf ki, Ermənistan rəhbərliyi sülh barədə düşünmürdü. – Sizin hazırladığınız neft kontraktları ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin şərtləri oxşar idi? – Mən bu müqayisəni sevmirəm. Çünki bu, fərqli situasiyalara aiddir. Müqavilənin imzalanması daha ağır şərtlər olan geopolitik situasiyada baş vermişdi. Təbii ki, şirkətlər öz şərtlərini daha çox diqtə edə bildilər. Təkrar edirəm, müqayisələr korrekt deyil. İmzalanmış kontraktı imzalanmamış kontrakt layihəsi ilə necə müqayisə etmək olar? Bu müqayisələr edilirsə, məqsədlər siyasi xarakter daşıyır. – AXC hakimiyyətinin hazırladığı neft kontraktlarının siyasi zəmanəti vardımı? Hakimiyyətin böhranlı durumunda dəstək veriləcəyi vəd olunurdumu? – Kim siyasi qarantiya verə bilərdi? Heç kim. Amma xarici ölkələrin səfirlikləri deyirdilər ki, müqavilə bağlandıqdan sonra müstəqilliyi qorumaq bir az rahat olacaq. – Kontraktlarla bağlı Türkiyə ilə aparılan müzakirələr hansı nəticələri verdi? – Türkiyə kontraktların bağlanmasında çox maraqlı idi və prosesləri dəstəkləyirdi. 1993-cü il martın 9-da Türkiyə ilə xüsusi sənəd imzaladıq. O sənəddə ixrac kəmərinə dair bəzi şərtlər razılaşdırılmışdı. – Ola bilərmi, AXC hökumətinin suqutuna bu kontraktların hazırlama prosesinin uzun sürməsi səbəb olub? – Uzun sürməsi nə deməkdir axı? Normal proses gedirdi. Açığını deyim ki, hakimiyyət zəif çıxdı. Üsyanla bacarmadı. Bacarsaydı, kontrakt həmin ilin sentyabrında, yəqin ki, imzalanardı. Hakimiyyəti sevmək lazımdır. Əks halda hakimiyyət böyük yük olaraq hakimiyyətdə olanı bezdirir. Hakimiyyətin son aylarında prezidentlə görüşlərimdə Əbülfəz bəyi həddən artıq yorğun görürdüm, sanki Elçibəyin çiyninə 5-6 ton yük qoyulub. Mən özüm də kontrakt imzalanan kimi istefa verməyə hazırlaşırdım. – Niyə? – Çünki belə ab-hava yaranmışdı. Hətta Nəcəf bəy dözməyib Elçibəyin köməkçisi vəzifəsindən istefa verdi. Birinci dəfə istefa ərizəmi may ayının əvvəlində yazmışdım. Getdim prezidentin yanına… O isə “yığışdır bu ərizəni, get işlə, sən mənimlə işləyirsən” dedi və imzalamaqdan imtina etdi. – Siz nəyə etiraz edirdiniz? – Verilən bəzi qərarlardan narazı idim. – AXC hakimiyyəti suqut etdikdən sonra siz nə qədər vəzifədə qaldınız? – Mən öz xahişimlə işdən getdim. İyulun 13-də fərmanım verildi. Mərhum Heydər Əliyev məni işdən azad etmirdi. Hər 3 gündən bir onun köməkçisinə zəng vurub ərizəmin taleyini soruşurdum. O da deyirdi ki, “Heydər Əliyev səninlə görüşmək istəyir, gözlə”. Mən də gözləyirdim. İki həftə bitəndən sonra Rəsul Quliyevə zəng vurub bildirdim ki, prezidentə məni işdən azad etmək barədə xahişimi çatdırsın. Elə həmin axşam sərəncam verildi. – Sabit bəy, nefti olan ölkələrə münasibət heç də birmənalı olmur. Bu ölkələr həmişə beynəlxalq güclərin maraq dairəsində, siyasi avantüralarında yer alır. Sizcə, “qara qızıl”a necə baxmaq lazımdır: lənət, yoxsa nemət kimi? – Həm lənətdi, həm də nemət… Amma “kaş neftimiz olmayaydı” deyənləri də anlamıram. Onda da çox güman ki, təxminən, elə 23 il əvvəlki şəraitdə yaşayacaqdıq. – İnsalar neftin daha böyük imkanlar yaradacağına inanırdılar… – Əvvəla, əksəriyyət bilmir ki, bizim ölkədə nefdən, demək olar ki, hamıya bir neçə “damla”, litr də olsa pay çatır. Neft Fondundan hər il büdcəyə milyardlarla pul köçürülür. Dövlət büdcəsindən əmək haqqı alanlar, sosial və digər təminatlar nəyin hesabınadır? O cümlədən neft hasilatının. – Mədən sənayesində gəlirlərin açıq olmasını təşviq edən nufuzlu QHT rəhbərisiniz. Ölkəyə neftdən gələn gəlirlər şəffafdırmı? – Gəlirlər şəffafdır. Xərclər də ümumi şəkildə açıqlanır. Amma konkret layihələrə ayrılan məbləğin həmin həddə qədər lazım olub-olmadığı aydın olmur. Ümumi açıqlama isə mənimsəmə və korrupsiya risqlərini aradan qaldırmır. – Ölkəyə son 10 il ərzində 200 milyard dollara yaxın pul gəlib. Xərcləmələrlə bağlı harada sevindiniz, harada təssüfləndiniz? – İnfrastrukturun inkişafı çox vacib idi. Yollar, körüplər, su layihələri… Ağır vəziyyətdə olan qaçqınlara ayrılan pullar… Bunlar çox vacib işlər idi. Amma bu pul necə xərclənib? 5 manatlıq mala 10 manat verilmir ki? Bu risqləri azaltmaq üçün də hökmən güclü vətəndaş nəzarəti olmalıdır. O isə bizdə zəifdir. Məmur da bundan istifadə edə bilir. – Son zamanlar hökumət kənd təsərrüfatı ilə bağlı böyük layihələrə start verib. Hazırlanan layihələrin perspektivini necə görürsünüz? – Perspektivlər böyükdür. Layihələr əksər hallarda yaxşı olur, icraat isə axsayır. – İndi ölkəyə gələcək qaz gəlirləri barədə müzakirə də gedir… – Qazın qiyməti neftdən 7-8 dəfə ucuzudur. İnvestisiyalar isə xeyli artıqdır. Qaz gəlirləri neft kimi olmayacaq. – Ölkənin iqtisadi vəziyyətinin perspektivi bardə nə düşünürsünüz? – Hazırda prezident İlham Əliyevin imzaladığı Strateji Yol Xəritələri var. Bunlar çox yaxşı sənədlərdir. Orada çox aktual strateji hədəflər öz əksini tapıb. Təki, onlar icra olunsun. Mən bunu çox arzulayıram. İnşallah! – Sabit bəy, siyasi fəaliyyətdən nə üçün uzaqlaşdınız? – Mən çox tez baş düşdüm ki, Azərbycanda siyasi fəaliyyətin yaxın illərdə perspektivi yoxdur. – AXC-nin keçmiş rəhbərliyi ilə əlaqələriniz varmı? – Hikmət Hacızadə ilə dostluğumuz davam edir, zəngləşirik, görüşürük. Digərləri ilə hərdən xaricilərin təşkil etdiyi ziyafətlərdə görüşürük. Vəssalam… – Gəncliyinizdə müstəqillik andını içdiyiniz dostlarınızla əlaqəniz qalırmı? – Bəli, biri ilə qalır. O, mənim ən yaxın dostum Şamil bəydir. Tez-tez görüşməsək də, dostluğumuz davam edir. Gəncliyimizdə olan onun milli ruhu heç zəyifləməyib. Ümumiyyətlə, məktəb illərində, gənclikdə yaranan dostluq itməz-bitməzdir…Strateq.az