Tağı Əhmədovun 3 milyonluq davası özünə qarşı YÖNƏLƏ BİLƏR
Bakı Metropoliteninin sabiq rəhbərinin Akif Çovdarova verdiyi 3 milyon uğrunda mübarizəsi davam edir, ancaq məsələdə qaranlıq məqamlar hələ də açılmamış qalır... Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edir.Məhkəmədə zərərçəkmiş qismində “Bakı Metropoliteni”nin keçmiş rəhbəri Tağı Əhmədov da dindirilib. O, Akif Çovdarova verdiyi 3 milyon məbləğində olan vəsaiti geri tələb edir. Məhkəmədən sonra Tağı Əhmədov proseslə bağlı jurnalistlərə heç bir açıqlama verməsə də, mətbuatda onun ifadəsi, cümləbəcümlə yayılıb. Uzun sürən müzakirələrin qısa məzmunu budur ki, Tağı Əhmədov 3 milyonunu tələb edir və bildirir ki, bu vəsait onun halal qazancıdır. Ancaq konkret olaraq bu qədər vəsaitin mənbəyini hələ də açıqlamır. Məhkəmədə dəfələrlə bu barədə suallar verilsə də, Tağı Əhmədov və onun nümayəndəsi sualdan müxtəlif formada yayınıblar. Sonda isə Tağı Əhmədov əsəbiləşərək, ənənəvi frazası ilə bildirib ki, bu vəsaiti haradan əldə etməsinin heç kimə dəxli yoxdur. Daha öncə isə o, bildirib ki, vəsaiti 44 illik əməyi zamanı qazanıb. Həmçinin Tağı Əhmədov qeyd edib ki, işlədiyi dövrə 3 milyon manat o qədər də böyük pul deyildi. Qeyd edək ki, Tağı Əhmədovun tez-tez hallandırdığı 44 illik əmək haqqı 3 milyon manat etmir. Hətta o yeməyib- içməyib bu illər ərzində maaşını yığsaydı, yenə də 3 milyon manat qazana bilməzdi. O, 44 illik əmək haqqı dedikdə 1970-2014-cü illərdə Bakı Metropolitenidə müxtəlif işlərdə çalışıb qazandığı vəsaiti nəzərdə tutur. Akif Çovdarovun Tağı Əhmədovdan aldığı 3 milyon manatı 44 ilə böləndə hər ilə 68182 manat, hər aya isə 5681 manat pul düşür. Belə çıxır ki, Tağı Əhmədov fəhlə işlədiyi dönəmlərdə məhz hər ay 5682 manat qazanıb. Halbuki bu pulu toplaması üçün ailəli və iki övlad atası olan Tağı Əhmədovun tunel qurğuları və yol xidmətində tunel fəhləsi işləyərkən hər ay ailəsinin ehtiyacından əlavə ən azı 5681 manat qazanması lazım idi. Bu isə reallıqdan uzaqdır. Bəs belə olduğu halda Tağı Əhmədovu qanunvericiliyə görə nə gözləyir? Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, təqribən 20 ilə yaxındır ki, gəlirlər haqqında illik bəyannamənin verilməsi haqda qanun var: “Lakin elə həmin qanunla da onun qüvvəyə minməsi hələ ki dayandırılıb. Bütün Avropa ölkələrində, eləcə də Rusiya, Gürcüstan və digər ölkələrdə belə bir qanun var. Təkcə Azərbaycanda bu, qüvvəyə minməyib. Xüsusilə də təklif olunurdu ki, heç olmasa dövlət qulluğunda olan şəxslərə bu qanun şamil olsun ki, korrupsiyanın qarşısı alınsın. Hərçənd ki, bizdə məmurlar çox vaxt gəlir və əmlaklarını digər şəxslərin adına rəsmiləşdirirlər. Ona görə də bu, total olmalıdır. Ancaq yenə də hətta məmurlar barəsində də bu qanun işlək olsa, hesab edirəm ki, bu, onları müəyyən mənada çəkindirər. İndi də Tağı Əhmədov deyə bilməzdi ki, Çovdarova 3 milyon pul vermişəm, onu qaytarın. Xüsusilə də əgər qarşı tərəf təkzib edirsə, iş çətinləşir. Hüquqşünaslar və digər korrupsiya əleyhinə mübarizə aparan şəxslər, müəssisələr daim deyir ki, yuxarıda qeyd etdiyimiz qanun bizdə də işləməlidir. Çox təəssüf ki, qanun qüvvəyə minməyib və tətbiq olunmur. Ona görə də bizdə korrupsiya bu səviyyədədir”. Hüquqşünas bildirib ki, əgər Tağı Əhmədov iddia etdiyi pulu verdiyini faktla təsdiq edirsə, əlbəttə ki, bu, geri qaytarılmalıdır: “Əgər ”Deklarasiya haqqında" Qanun qüvvədə olsaydı, Tağı Əhmədova sual vermək olardı ki, sən bu pulu haradan almısan və sübut et ki, səndə bu qədər vəsait olub. Həmin qanun qüvvədə olmadığından Tağı Əhmədova heç bir irad bildirmək olmur. Ancaq mənəvi iraddır ki, məmurda bu qədər pul olub. Onun maaşını yığıb bu qədər pul əldə etməsi də real deyil. Tağı Əhmədov pulun mənbəyini göstərə bilmədiyi üçün qarşı tərəfin vəkilləri bundan istifadə edirlər. Tağı Əhmədovun həbs olunub-olunmayacağı məhkəmədən asılıdır. Əgər sifariş varsa, məhkəmə qərar çıxaracaq ki, həmin adamdan 3 milyon vəsait alınsın. Baxmayaraq ki, Əhmədov bu pulun onda olduğunu sübut edə bilmir". Ə. Mustafayev məhkəmədə tez-tez pulun mənbəyi ilə bağlı verilən sualın hakim tərəfindən çıxarılması məsələsinə də toxunub: “Bu, Tağı Əhmədovun qorunmasına yönəlmiş addımdır. Çünki vəkillər onu çox suala tutsalar, məlum olacaq ki, Əhmədovun 3 milyonunun mənbəyi korrupsiyadır. Ona görə də hakimlərə də maraqlı deyil ki, Tağı Əhmədov haqqında orada hansısa neqativ fikirlər səslənsin. Biz bunun çox şahidi olmuşuq ki, ittihama sərf etməyən sualları məhkəmə çıxarır. Çox təəssüf ki, bu hal geniş yayılıb. Hərçənd ki, bu da ədalətli araşdırma hüququnun pozuntusudur”.
Məhkəmə prosesində uzun müzakirələr, mübahisələr yaşansa da, Tağı Əhmədov bu qədər vəsaitin mənbəyini sona qədər açıqlamaqdan imtina edib.