Sabiq nazirlər arasında rus dili qalmaqalı: “Sən ziyanlı bir YOL GÖSTƏRİRSƏN!”

SABIR RÜSTƏMXANLIDAN SABİQ NAZİRİN "RUS DİLİ DÖVLƏT DİLİ OLSUN” TƏKLİFİNƏ KƏSKİN REAKSİYA

Tanınmış iqtisadçı professor, Elçibəy iqtidarının maliyyə naziri Saleh Məmmədovun rus dilinin statusu və işlənmə mövqeyi ilə bağlı söylədiyi fikirlərə xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri olmuş Sabir Rüstəmxanlıdan cavab gəlib.

 BakuPost.az xatırladır ki, sabiq nazir rus dilinin ikinci dövlət dili olması ilə bağlı çıxış edib. Bu müzakirələrə jurnalist Qulu Məhərrəmli və başqaları qoşulublar.

 S.Məmmədov yazıb ki, hələ 25-26 il əvvəl bu təşəbbüslə çıxış edib: "Hələ 25 il qabaq irəli sürdüyüm və təklif etdiyim mühüm tezislərdən biri və ən başlıcası türk (azərbaycan ləhcəsi), ingilis və rus dillərinin rəsmi dövlət və ya ünsiyyət dili elan olunması idi. Bu ideyanı da hər zaman müdafiə etmişəm, bu gün də gec deyil, bu ideyanı həyata keçirmək olar.

 Rəsmi dili bilmək məmurlar üçündür, hər bir məmur üç dilin üçünü də bilməlidir, bütün vətəndaşları öz dilində qəbul etməyi və rəsmi cavab verməyi bacarmalıdır. Müasir şəraitdə qəbul olunan qərarlar emosiyaların söndürülməsinə deyil, son nəticəyə görə hessblanmalıdır. Türk (azərbaycan ləhcəsi) dili aydındır, doğma dilimizdir, dövlətin ən başlıca ünsiyyət dili olmalıdır. İngilis dünya dilidir, hamı, əsasən də məmurlar mütləq bilməlidir. O ki, qaldı rus dilinə, bunu mən, heç də Rusiyanın və rusların marağı deyil, Azərbaycan xalqının maraqları nöqteyi-nəzərindən irəli sürmüşdüm”.

S.Rüstəmxanlı S.Məmmədovun fikirlərinə kəskin yazı ilə cavab verib.

 

 Həmin yazını olduğu kimi təqdim edirik:

 Dəyərli Saleh bəy! Mənə cavabını yolda-rayona gedərkən oxudum, lakin internet sıxıntılarına görə cavab yaza bilmədim.

Biz bir-birimizi yaxşı tanıyırıq, hətta deyərdim, köhnə əqidə dostlarıyıq, millətimiz üçün çətin günlərdə yan-yana dayanmışıq; ölkədə bir çox yeniliklərin təməlini qoymuşuq.

 Buna görə də, ilk baxışda fikir ayrılığımız olmamalıdır, lakin əgər belə bir ayrılıq varsa, diqqətlə incələnməli, bu fərqli yanaşmanın kökləri araşdırılmalı və fərqli düşüncənin incikliyə çevrilməsinə yol verilməməlidir.

 Buna görə də, dövlət dili ilə bağlı apardığın təbliğat məni təəccübləndirdi; sənin belə bir təklif verəcəyin ağlıma gəlməzdi, amma indi görürəm ki, yabançı dillərin "sevgisi” sənin ürəyində özünə möhkəm yer eləyib və fikrinin zərərli olması, yolverilməzliyi barədə söylədiklərimi davam etdirməliyəm.

 Əsas mətləbə keçməzdən öncə, mənim milli-azadlıq hərəkatındakı xidmətlərim və "Ömür Kitabı”nın o illərdə gənclərin milli-mənəvi oyanışında oynadığı rol barədə söylədiklərinə görə sənə təşəkkürümü bildirirəm, çünki indi hər kəsin haqqını vermək ənənəsi unudulur və təəssüf ki, kütləvi məddahlıq dövrü başlanır.

 Öncə onu deyim ki, Ərəb işğalı barədə dediklərinə yüzə-yüz qatılıram. Bizim faciələrimizin çoxu İslam dini adına gələn Ərəb və Fars hegemonluq və assimilyasiya siyasəti ilə bağlıdır. Mən də ömrümün böyük bir hissəsini bu bəla ilə, son illərdə daha da güclənməkdə olan dini bölücülük və dinin siyasiləşdirilməsi ilə, 1400 il öncəki təfəkkürdən bəri gəlməyən cahil zehniyyətlə, Azərbaycanı yenidən orta əsrlər qaranlığına gömmək xəyanəti ilə mübarizəyə vermişəm və buna görə hətta xürafatçılığın "ölüm fitvası” ilə də mükafatlandırılmışam.

Düşmənimiz olan ermənilərlə bizi müqayisə edənlər və müqavimətsizliyimizin və ümumi inkişafdan kənarda qalmağımızın əsas səbəblərini axtaranlar, adətən, Qriqaryanlığın təşkilatlandırma gücünü və əksinə, şiəliyin qardaşlıq pərdələri altında bizi öz dilimizdən və kökümüzdən qoparmaq siyasətini misal çəkmişlər. Düzünü deyim ki, əslində, mən bütün dinləri bəzi qədim güclərin və millətlərin hegemonluq, işğal və idarəçilik sisteminin bir hissəsi, müqəddəslik pərdəsinə bürünmüş, uzaq hədəfli mənəvi-psixoloji layihələr hesab edirəm. Bu mənada, Rusiyaya və Avropaya yaxınlaşmaq bizim taleyimizdə müəyyən müsbət rol oynamışdır. Tez-tez deyirəm ki, o vaxt Çar İmperiyası Təbrizi də işğal etsəydi biz SSRİ-dən bütöv şəkildə qopmuş olardıq.

 İngilislər də öz müstəmləkələrini müəyyən dövrdən sonra azad buraxmaq mədəniyyətinə sahibdirlər. Lakin bu sözləri Ərəb və Fars zehniyyəti və işğalçılıq "ənənələri” haqqında demək olmaz. Bu qurtulması çətin olan bir bəladır. Buna görə də, millətçiliyi inkar etmək doğru deyil. Biz hələ tam azad bir millət deyilik; bir parçamız düşmən əlində, bir parçamız da işğal altındadır. Belə olan halda millətin korşalmış duyğularını hansı güclə səfərbər etmək olar? Tarixdə bütün millətlər öz müstəqillik yollarına, fərqi yoxdur, istəyir qısır olsun, istəyir bəhrəli, mürəkkəb bir millətçilik dövründən keçərək başlayıblar.

Rəsmi bilgilərə görə hər hansı ölkədə əhalinin 68 faizi bir millətdəndirsə həmin ölkə o millətin dövləti sayılır. Bu mənada Azərbaycan respublikası əhalisinin yüzdə doxsanını təşkil edən Azərbaycan türklərinin milli dövlətidir. Bununla belə, mən etnik millətçiliyi şişirtməyin tərəfdarı deyiləm. Mənim təsəvvürümdə Vətəndaş Həmrəyliyi həm də dövlət milliyətçiliyi təfəkkürü ilə möhkəmləndirilməlidir.

 

Похожее изображение

 Sənin "cahil kütlə” dediyin bizim millətimizin orta və aşağı təbəqəsidir. Məhərrəmlik ayında məscidlərin həyətlərindəki "tamaşalara” baxsan, XXI yüzildə müxtəlif məclislərdə ağızlarını açaraq, huşdan-guşdan getmiş şəkildə, cahil İran mollalarına qulaq asan "oxumuşlarımızı” xatırlasan etiraz etməzsən. Lakin bu cahilliyə görə həmin kütləni bütövlüktə kəsib atmaq olmaz, bu kütlənin fikir intibahına və orta səviyyənin yüksəlməsinə çalışmaq lazımdır. Və mənim əqidəmə görə, bu da yalnız ana dili vasitəsi ilə olmalıdır. Mən hələ kəndləri demirəm, Bakıda yüzlərlə ailə tanımışam ki, özləri normal rusca bilməyə-bilməyə uşaqlarını rus məktəbinə qoyublar və uşaqları Əli aşından da ediblər Vəli aşından da. Guya, rus dili öyrənmək adına rayonlarda açılmış rus məktəblərini qurataranlar ömürləri boyu yarımçıqlıq kompleksində yaşayırlar. Halbuki onun əvəzinə öz dillərini, ədəbiyyatlarını, tarixlərini mükəmməl öyrənə bilərdilər. Əgər bizim milli problemlərimizin həlli təkcə rus və ingilis dilini bilməkdən keçsəydi, onda sovet hakimiyyəti illərində - rəsmi dilin rus dili olduğu çağlarda biz bütün sorunlarımızı həll edib qurtarmalı idik. Əksinə, məhz rusların hakimiyyəti illərində o sorunlar o qədər dərinləşdi ki, biz bəzi rusdilli ziyalılarımızı onun millətini 1990-cı ilin yanvarında "уbейте етих турков ” deyərək qıranlara, bu qanlı cinayətdən sonra da köləlik səviyyəsində məftunluqdan, ayaqaltı olmaq dərəcəsində Moskva aşiqliyindən qurtara bilmirik. Əgər texnologiyanın və iqtisadiyyatın inkişafı ingilis və rus dillərindən asılı olsaydı, onda bu gün dünyada Yapon, Çin, Malazya, Koreya fonemenlərinin heç biri ola bilməzdi. Məncə, bizim inkişafımızın təməlində dövlət dilinə çevrilən xarici dillər yox, öz dilimizin, sözdə yox əməldə, yüksək dövlətçilik statusu ilə qorunması və inkişafından, ana dilli məktəblərimizə diqqətin artırılmasından asılıdır. Dillər mədəni inkişafda müəyyən rol oynayır, lakin indiki texnoloji gəlişmə 10-15 il sonra dillər arasındakı baryerləri uçurub dağıdacaq və biz ingilis dilindəki bütün informasiyaları elə öz dilimizdə də ala biləcəyik. Məncə, əsas məsələ dil deyil, qanundur, düzgün idarəçilik sistemidir, hər bir vətəndaşın qorunmasıdır. Bütün geriqalmışlıqların, cahilliklərin, əyriliyin, kütlə psixologiyasının, Ərəb və Fars zehniyyətinin qarşısını saat dəqiqliyi ilə icra olunan qanunlarla almaq olar. Avropanın bir sıra xalqları inkvizasiya dövründən intibah dövrünə məhz demokratik dəyərlərin, layiqliyin, milli ləyaqət və marağın qanunlarla qorunması, xalqı aşağılamaq yox, yüksəltmək sayəsində çata bildilər.

 

Картинки по запросу русский язык

 Sənin bir iqtisadçı alim kimi, ziyalı kimi, dəyərini bilirəm və ona da əminəm ki, yazdıqların Rusiyanın maraqlarına xidmət etmir. Sən də yol axtarırsan və təklifin millətimizin taleyi üçün keçirdiyin narahatlıqdan irəli gəlir. Lakin, təəssüf ki, ziyanlı bir yol göstərirsən! Mənim yazdığımı qəribçiliyə salma və inan ki, bu gün rus dili Azərbaycanda rəsmi dövlət dili elan olunsa, sabah Bakının yarısı rusca danışmağa başlayacaq, sentyabrda Azərbaycandilli məktəblərin sayı yarıbayarı azalacaq və məmurlarımız Azərbaycan dili tələbinə iknarla dodaq büzəcəklər. Çünki öz dillərini bilmirlər, çətinliklə öyrənirlər; bir amana bənddirlər ki, sevinə-sevinə Rus dilinin ağuşuna qayıtsınlar. Buna yol vermək olmaz; ən azı qonşularımızdan ibrət götürməliyik. Necə ola bilər ki, rus dili Azərbaycanda dövlət dili olsun, amma sənin dediyin kimi, bu, Rusiyanın maraqları ilə bağlı olmasın. Dil harda varsa orda o dilin sahibi olan xalqın maraqları da var. Bu inkarı olmayan həqiqətdir. "Rus dili rusların özlərindən azərbaycanlılara və bütünlüklə türklərə daha çox lazımdır” fikrinə və bununla guya, ruslarla "mənəvi bütövləşəcəyik” inamına da qətiyyən şərik ola bilmərəm. Mənəvi bütövləşmə və qloballaşma çağırışlarının xalqların taleyində necə dərin yaralar açdığını yaxşı bilirik.

 Bütün bunları deməklə mən heç də rus və ingilis dillərinin əhəmiyyətini azaltmaq və onların əleyhinə çıxış etmək istəmirəm. Bu dillərdə, doğurdan da, böyük ədəbiyyat və informasiya bazaları var. Amma onlardan istifadə üçün həmin dillərin dövlət dili olmasına ehtiyac yoxdur. Uşağın ilkin, başlanğıc təhsili ana dilində alması zərurətdir. Bu bir tibbi və psixoloji tələbdir. Bununla belə, orta məktəblərimizdə indiyədək olduğu kimi, bəlkə bir az da ciddi şəkildə xarici dillər də öyrədilməlidir. Bilirsən, Azərbaycandakı anadilli məktəblərlə rusdilli məktəblərin fərqi nədir? Azərbaycandilli məktəbləri qurtaranlar rus dilini və ədəbiyyatını mükəmməl şəkildə öyrənir və sevirlər, lakin rus məktəbləri nə dilimizi öyrədib sevdirə bilir, nə mədəniyyətimizi, nə də ümumiyyətlə xalqımızı. Bakıda rus məktəblərini bitirmiş minlərlə rus var ki, ömrü boyu bu torpaqda yaşasa da sanki kənar planetdədir və millətimiz haqqında məişət səviyyəsindən yuxarı heç nə bilmir. Biz bu aşağılama xəstəliyinə son qoyulmasını istərkən sən yenidən Bakını simasız, kosmopolit bir şəhərə çevirə biləcək bir təkliflə çıxış edirsən... Onsuz da dövlətimiz Rusiyadan qopsa da, təhsilimiz hələ də rus dilindən qopmamışdır. Bu gün Azərbaycanda onlarla rusdilli məktəb və bütün ali məktəblərin rus bölmələri var. Bu azmış kimi minlərlə ailə uşağına ana dilində oxuda-oxuda onlara ingilis və rus dillərini də öyrədir. Onu da deyim ki, poliqlotluq təbliğatı da anormal bir dəbə çevrilir. Çox dil bilmək xoşbəxtlikdir, lakin təəssüf ki, çox vaxt ona da qiymət verilmir. Mənim köhnə dostum Yaqub Abbas 25-ə yaxın dil bilir, lakin bu ölkənin əlaqədar nazirliklərində hər cür dilbilməzə yer tapılsa da Yaqubun böyük istedadı və imkanı dəyərləndirilmədi...

Rus dili vasitəsilə dünya ilə əlaqələrin möhkəmlənməsi, informasiya almaq imkanlarının genişlənməsi məsələsinə gəlincə, deməliyəm ki, indi bu baxımdan Türkiyə Rusiyadan qətiyyən geri qalmır, əksinə Dünya ədəbiyyatındakı bütün yeniliklər ruscadan daha tez türkcəyə çevrilib nəşr edilir. Moskva və İstanbul kitab dükanları ilə tanış olan hər kəs bunu təsdiqləyə bilər...

 

Картинки по запросу канада квебек school

 Sizin dediyiniz çoxdilli ölkələr bizdən fərqlidir. Məsələn, Kanada doğurdan da ikidillidir, lakin orda Fransız dili yalnız fransızların yaşadığı Kvebek əyalətinin rəsmi dövlət dilidir. Və orda dil polisi fransız dilinin dövlət statusunu ciddi şəkildə qoruyur, lakin Kvebektən kənarda o dil dövlət dili sayılmır. İsveçrə, Belçika kimi ölkələrdə də rəsmi status qazanmış hər dilin milyonlarla sahibi var. Azərbaycanda ingilis əyaləti yoxdur ki, biz onlar üçün dövlət dili yaradaq! Onsuz da Azərbaycanda hər kəs öz dilində danışır: türkləri türkcə, ruslar rusca...

 Türk dövlətləri ilə əlaqələrimizə gəlincə, bu əlaqələr, istər- istəməz, genişlənəcək. Bu işi sürətləndirmək üçün Ortaq əlifba və Ortaq ünsiyyət dili məsələsini illər öncə ortaya atanlardan da biri mən olmuşam. Mənim fikrimcə, dünya türkləri arasında ünsiyyət dili rus dili yox, Türkiyə türkcəsi olmalıdır. Türkiyə türkcəsi Türk dövlətlərində xarici dillərdən biri kimi öyrədilsə on- onbeş ildən sonra Qırğızıstandan Türkiyəyədək birbirimizi anlamaqda heç bir çətinliyimiz qalmaz. Kortəbii şəkildə gedən bu prosesi strateji hədəfə çevirmək lazımdır. Təəssüf ki, biz özümüzü böyütməkdən daha çox başqalarını böyütmək haqda düşünürük.

Nəhayət, Avropanın və Rusiyanın kosmik araşdırmaları haqqında... Təbii ki, burda da həlledici rolu texnologiya oynayır, dil yox! Biz çağdaş texnologiyanın dilini öyrənməliyik. Yeri gəlmişkən deyim ki, kosmosun və dünya sivilizasiyalarının və sirlərinin əsas informasiya bazası, sən demə, ingilis dilindən öncə türklərin qədim qohumlarından olan Şumer dilində imiş. Ona görə də Amerika əsgərləri İraq muzeylərini yağmaladılar, dağıtdılar və indi Amerikan alimlərinin sizan məlumatlarına görə, sən demə, bəşəriyyəti min illər boyu cəhalətdə saxlayan amillərdən biri də Şumer lövhələrindəki yazıların üzə çıxması ilə bir çox dinlərin əski Şumerlərdən oğurluq olduğunun üzə çıxacağı qorxusu imiş. İndi iki yol qalır: Ya gərək, qədim sirlərin açarı olan Şumer lövhələri məhv edilsin, ya da həqiqətlər açılsın və bəşəriyyətin neçə min il davam edən aldanışlarına və bütün təkamül nəzəriyyələrinə son qoyulsun.

 Dünyada xarici dillərin basqıları da imperatorluqların basqıları kimi bir gün sona varır. Biz qlobal güclərin keçici hegemonluğuna boyun əyməkdənsə öz dilimizi gəlişdirməli, millətimizin ləyaqətini hər cür dil, din, ideologiya basqısından qorumalıyıq...”

 






Fikirlər