Keçmiş baş prokurordan Surət Hüseynova SƏRT İTTİHAMLAR
İxtiyar Şirin: “O, gördüyü işlərdən və başına gələnlərdən hələ də doğru nəticə çıxarmayıb...” Son günlərdə ölkə gündəmini zəbt edən mövzulardan biri də sabiq baş nazir Surət Hüseynovun ölkə.az-a müsahibəsidir. Müsahibədə qiyamçı polkovnikin xüsusən də torpaqlarımızın işğalında birbaşa AXC-Müsavat hökumətini ittiham etməsi, eləcə də özünü Qarabağ savaşının qəhrəmanı kimi təqdim etməsi aranı qatıb. Məsələ ilə bağlı mövqelər isə birmənalı deyil. AXC-Müsavat hakimiyyəti dövründə baş prokuror postunu tutmuş İxtiyar Şirin “Yeni Müsavat”a açıqlamasında S.Hüseynovun ittihamlarına sərt reaksiya verərək, onu etdiyi əməllərə görə ifşa etdi: “Onun müharibə dövründə muzdlu döyüşçülər gətirib-gətirmədiyi barədə məndə baş prokuror işlədiyim zamanlarda heç bir məlumat yox idi. Surət Hüseynovun hərbi hissələrindəki döyüşçülərin əksəriyyəti həbsxanalardan qanunsuz olaraq buraxılan və ona verilən cinayətkarlardan ibarət idi. Bizdə o zamanlar məlumat var idi ki, həmin şəxslərə hər gün narkotik maddə verilib, məhz bu maddənin təsiri altında onları Surət Hüseynovun yanında saxlayıblar. O vaxt bizdə təhlükəsizlik nazirinin verdiyi məlumata görə, Rusiya ilə Surət Hüseynovun ciddi əlaqələri olub. Bu əlaqələr o zaman Gəncədəki rus diviziyasının rəhbəri olan Şerbak vasitəsilə həyata keçirilib. Hətta bir dəfə mənə Türkiyədə Azərbaycanla əlaqəsi olan türk vətəndaşı dedi ki, Şerbakın kürəkəni Surət Hüseynov necə qiyam qaldırdı, Şerbakın ona olan yardımlarını siz görmürdünüz? Mən çox təəccüblənirəm ki, Surət Hüseynov doğrudan da rus komandirinin kürəkəni olub. O şəxsdən dəqiqləşdirmək üçün soruşdum, israrla dedi ki, onun kürəkəni olub. Amma yenə dəqiq deyə bilmirəm, bu, olub ya yox. Əgər olubsa, bu, bizə məsələlərə yenidən qiymət verməyə əsas verir. Bu hadisələrdə Rusiyanın əlinin olması birmənalıdır. Azərbaycanda Surət Hüseynov vasitəsilə dövlət çevrilişinin həyata keçirilməsində Rusiyanın oynadığı rol şübhəsizdir. Surət Hüseynovun o dövrlə bağlı dediklərini heç dəyərləndirmək belə istəmirəm. Onun haqqında daha dolğun məlumat almaq istəyirsinizsə, gedib Ağdam, Füzuli məcburi köçkünlərindən soruşmaq lazımdır ki, rayonların ermənilərin tərəfindən işğalında Surət Hüseynovun rəhbərlik etdiyi qanunsuz hərbi birləşmələrin rolu nədən ibarət olub. Onlar sizə bunları olduğu kimi söyləyəcəklər. Kəndləri necə boşaltdırıblar, camaatı necə qaçırıblar, necə talan ediblər, bundan sonra ermənilərin həmin yerlərə necə gəldikləri barədə həmin rayonların sakinlərinin çox ciddi bilgiləri var. Onların dedikləri həmin hadisələrin şahidi olmayanların dediklərindən qat-qat fərqli olacaq. Azərbaycan torpaqlarının işğalında Surət Hüseynovun necə böyük rolunun olduğu barədə faktlar hər kəsə məlum olacaq. Surət Hüseynov indi boş-boş danışır, amma məgər özü demədi ki, o torpaqları ermənilərə peşkəş vermişik, sonra qayıdıb alacağıq? Bu fikirləri başqa şəxs söyləməyib ki. Yenidən bu hadisələr barədə başqa fikir yaratmaq cəhdlərinin səbəblərinin nə olduğunu bilmirəm. Amma ən azından tarixi dəyişmək, faktları gizlətmək istəyirlərsə, bu mümkün deyil. Çünki hər şey ortadadır. Bunu hər kəs də bilir. Azərbaycan torpaqlarının işğalının səbəbkarlarının kimliyi də xalqa və dövlətə çox yaxşı məlumdur”. Sabiq baş prokuror S.Hüseynovun məhkəmə qərarı ilə vətən xaini elan olunduğuna da toxundu: “O, vətənə xəyanətdə ittiham olunub. Bu, məhkəmənin qərarı idi, AXC rəhbərliyinin dedikləri deyildi. Bu davranışları hesab edirəm ki, dayandırmalı idi. Bunlar onun özünə də lazımsızdır. Çünki danışdıqca etdikləri bir daha gündəmə gəlir. Bunu isə yəqin ki o istəmir. O deyir ki, guya azad etdiyi və digər işğal olunan əraziləri AXC hökuməti satıb. Amma bunları kimlərin etdiyini xalq yaxşı bilir. Surət Hüseynovun bu hədələrini, böhtanlarını, söyüşlərini onun hələ də etdiklərindən nəticə çıxarmaması ilə izah edirəm. O gördüyü işlərdən və başına gələnlərdən doğru nəticə çıxarmayıb. Öz etdiyi əməlləri digərlərinin üzərinə yıxmaq istəyir. O, Türkiyədən danışmır ki. Gəlsin bura. Gəlsin, gedək Ağdam məcburi köçkünlərinin yanında Surət Hüseynov danışsın. Mən də, AXC hökumətinin rəhbərləri də gedəcək. O insanlara cavab versin. Bu torpaqlar necə getdi? Əgər Surət Hüseynov bunları edə bilsə, onun alnından öpəcəm. Bizim dövrümüzdə o, vəzifədən çıxarılıb, sonra da rəhmətlik Heydər Əliyev onu baş nazir təyin etdi. Sonra dövlət çevrilişinə cəhdlə ömürlük həbs olundu. Sonralar da əfv olundu. Bu faktlar ortadadır. O gəlsin ölkəyə, gedək işğal olunan rayonların sakinlərinin yaşadıqları yerlərə. Hamımız etdiklərimizə görə cavab verək. Əgər bunu edəcəksə, mən onun günahsız olduğu barədə fikirlərini müdafiə edəcəyəm. Görün hansı məsuliyyəti üzərimə götürürəm. Onun necə döyüşdüyünü yaxşı bilirlər. Kimin günahı varsa, xalq orada çıxıb deyəcək. Əgər mənim və təmsilçisi olduğum hakimiyyətin burada günahı varsa, bunu xalqdan eşitməyə hazırıq. Qorxumuz yoxdur. Onu məsuliyyətdən azad edib buraxdılar, indi də ağzına gələni danışır. Hesab edir ki, danışdıqları ilə xalqımızın başını aldadıb, gəlib prezident olacaq. Prezident olmaq istəmir, buyursun gəlsin”.Musavat.com