Mehman Əliyev: “Mənimçün meydandan bu formada getmək çox şərəflidir”
““Turan”ı yaradanda düşünürdüm ki, onu 10 il yaşatsam, öz missiyamın öhdəsindən gəlmiş olacam”Ötən həftənin media gündəmində “Turan” agentliyində baş verən vergi yoxlamaları dayanırdı. Agentliyin vergi borclarına görə qapadılacağı ehtimalı ildırım sürətilə mediada yayıldı. Və çoxları bu prosesi “azad medianın sonuncu qalası da çökdürülür” şəklində dəyərləndirdilər.
Hər zaman optimist proqnozları, islahat gözləntiləri ilə məşhur olan agentliyin rəhbəri Mehman Əliyevlə söhbətimiz də elə bu məlum yoxlama ilə bağlı idi. 28 may metrosu həndəvərindəki, spiral pilləkənli ofis, içəridəki təvazökar sayda kollektiv, avadanlıqlar, iş prosesi. Keçmiş işçilər öz yerində, agentliyi tərk edən yox. Mən gedəndə tanınmış qəzetçi Əvəz Zeynallı və xanımı Məlahət Zeynallı Mehman bəyin qonağı idi. Əvəz bəy növbəti “Qaynar qazan”da Mehman bəyi qonaq edəcəkdi, onu danışırdılar. Vergi müfəttişləri artıq yox idi, lazım olan sənədləri və mühasibin kompüterini aparıb getmişdilər.
Mehman bəysə optimist idi, şən görünürdü. Hətta şənbə günü çimərlik macərasında başına gələnləri danışıb qəhqəhə ilə gülürdü. Öncə telefonundan bir foto göstərdi. Çimərlik skamyası, yanında termos, fincan, şirniyyatlarla dolu bir qab... Uzaqdan çəkiliş, səyahət jurnallarına qapaq olacaq foto. Amma agentlik direktoru danışır ki, bu, dənizə üzməyə gedənə qədər belə olub. Qayıdanda görüb ki, çimərlik itləri şirniyyatları, yeyəcəkləri daşıyıblar öz tərəflərinə... “Yəqin fikirləşiblər ki, get üz də. Yeməyi neynirsən”? Gülürük. Amma az keçmədən “Turan”ın kədərli hekayəsinə keçirik... Təbii ki, yoxlama ilə başlayırıq söhbətə.
- Onlar əvvəl 3 illik yoxlama götürdülər. İttiham belə idi ki, biz 27 min manat civarında vergidən yayınmışıq. 10 min manat da cərimə gəldi üstünə. Keçən həftənin 3-cü günü sənədləri apardılar. Dördüncü gün isə bizi dəvət etdilər ki, bəs 7 illik yoxlama olacaq, qərar dəyişib. O qərarı ləğv elədilər, yoxlamanı da elədilər 7 illik. Mən də dedim ki, siz 3 illik məni ittiham etmisiz. Xahiş edirəm, öncə onu təqdim edin, mən görüm. Sonra keçək 7 illik yoxlamaya.
-Fikrinizcə, niyə yeni yoxlamaya zərurət görüldü? 3 illik yoxlamanın nəticələri sizi cəzalandırmağa “yetərli olmadı”?
-Mən belə fikirləşirəm ki, savadlı mütəxəssislərdir, mənzərəni görüblər. Bizdə abunə sistemidir, gəlir də abunədən gəlir. Xərclər var. Orda hər şey çox aydın görünür – vəsait hardan gəlir, necə xərclənir. Ona görə də 37 mini, 27 mini tapmaq mümkün deyil. 2016-cı ilin bir illik yoxlaması olmuşdu. Vergilər Departamenti tərəfindən baş verən bu yoxlamada bizə cərimə də yazılmışdı. 5 min manat məbləğində bizim hesabımızdan sildilər. Biz etiraz etdik ki, bizdən heç nə soruşmadan, dəqiqləşdirilmədən bunu etdilər. O zaman nazirlik yoxlama keçirdi. Bəlli oldu ki, bizim heç bir borcumuz, yayınmamız yoxdur. Bununla bağlı qərar çıxdı, o, daha öncəki qərarı ləğv etdi. Bunlar 30 iyunda baş verib. 2016-cı il tərtəmizdir. İndi Bakı Vergilər Departamenti bizə 3 min manat borc yazıb, ardınca isə 9 min. Bu necə ola bilər? Möcüzədir. Mən bu qərarı müstəntiqlərə təqdim edəndə onlar üçün gözlənilməz oldu. Yəni, əslində bu rəqəmlər ona görə şişirdilmişdi ki, ümumi vergi borcu 20 mindən artıq olsun ki, bizə qarşı da cinayət işi açılsın.
-Yoxlama hələ bitməyib. Sizə nə məlumat verildi? Nə vaxt yekunlaşdırıb, qərarlarını elan edəcəklər?
-Bizə deyildi ki, 29 sentyabra qədər vaxt var. Çünki dedilər ki, banklardan çağırışlar və çıxarışlar olmalıdır. Onu yoxlamalıdılar. Bir texniki detaldır. Amma o vaxta qədər də yekunlaşa bilər.
“Mən heç vaxt, heç yerdə deməmişəm ki, hakimiyyət islahatlara getmək istəyir. Mən demişəm ki, islahatlara getmək qaçılmazdır, hakimiyyət islahatlara getməyə məhkumdur. Bunlar fərqli-fərqli şeylərdir”
|
-Bəs siz həmin tarixə qədər nə etməyi planlaşdırırsız: Bir B planınız varmı?
-Biz məhkəməyə vermişik. Sadəcə işləyirik. Biz hüquqi sənədləri hazırladıq və bütün lazımi instansiyalara da müraciət etdik ki, bu yoxlama qanunsuzdur. Birincisi, yoxlama olub və bundan sonra yoxlama ola bilməz. İkincisi, biz iri vergi ödəyicisi deyilik. Əlavə dəyər vergisindən azad təşkilatıq. Dövriyyəmiz sadələşdirilmiş vergiyə düşür. Yəni, bizdə heç bir hüquqi pozuntu yoxdur ki, belə bir cinayət işi açılsın. Yaxşı, yazmısız 7 min manat vergi borcu. Bu, ittihamdır. Onun zəhmət olmasa sübutunu göstərin. Onlar məni özləri dəvət etməli idilər ki, Mehman, sizdə rəqəm budur, pozuntu belədir. Niyə belədir? Mən də onlara sənədləri göstərməliydim. Onlar bunu etməyiblər, hər şeyi bizsiz həll ediblər. Mən deyirəm ki, onlar bizi indiki mərhələdə üzləşməyə dəvət etməli idilər, hər şey qanuni yolla getsəydi. Amma etməyiblər. Çünki ortada heç nə yoxdur. Öncə yazırlar, sonra tapırlar.
-Sizcə, bu yoxlamanın səbəbi nədir? Sizin hansı açıqlamanız, addımınız, ya da “Turan”ın hansı xəbəri bu prosesi tətiklədi? Adamda belə təsəvvür var idi ki, bu günə qədər “Turan”a heç nə etməyiblərsə, bundan sonra da etməyəcəklər. Necə deyərlər, təhlükə sovuşub...
-Birincisi, sən tək qalanda mənzərə belə olur. Biz yeganə KİV orqanıyıq ki, jurnalistlərin binasından imtina etdik. Mən milli mətbuat günündə yazı yazıb, medianın bütün istiqamətlərdə mövcud durumunu göstərdim. Təbii ki, bu, Azərbaycanda media siyasətini aparanların xoşuna gəlmir. Çünki onlar öz siyasətini uğurlu hesab edir. Bu məqamda sən onlar üçün problemə çevrilirsən. Mən hər zaman demişəm ki, bu, uğursuz siyasətdir. Bizim media olaraq peşə əxlaq kodeksimiz, “KİV haqqında qanun”umuz var, mülki və cinayət kodekslərimiz var. Qanun və kodeks qaydaları çərçivəsində hərəkət edirik.
“Mənə qrant olaraq verilən vəsait hansısa hökumətyönlü saytın bir aylıq xərcləridir”
|
-Amma bununla paralel, sizin zaman-zaman “hökumət islahatlara gedir” tipli açıqlama və müsahibələriniz də olurdu. Hətta müxalif sektorda bundan qıcıqlananlar da olurdu ki, Mehman Əliyev hakimiyyəti tərifləyir, ona qarşı loyallaşır və sair... Yəni, bu loyallıq, nisbətən dostcasına yanaşma sizə qarşı hücumların qarşısını niyə ala bilmədi?
- Mən heç vaxt, heç yerdə deməmişəm ki, hakimiyyət islahatlara getmək istəyir. Mən demişəm ki, islahatlara getmək qaçılmazdır, hakimiyyət islahatlara getməyə məhkumdur. Bunlar fərqli-fərqli şeylərdir. Mən hələ 2014-cü ildə dedim ki, ilin sonuna kimi gözləyin, yanvar ayından Azərbaycanda gündəm dəyişəcək. Gündəm də dəyişdi. Ona görə dəyişmədi ki, bunu hakimiyyət istədi. Sadəcə buna məhkum idi. Bizdə neft pulları gəldi. Camaat yaxşı yaşamağa başladı və düşündü ki, elə bu formada da gedəcək. Amma bu, müvəqqəti idi.
-Bütün hallarda loyal mövqe idi...
-Xeyr. Əksinə, hakimiyyət qıcıqlanırdı ki, nə islahat? Mən deyirdim ki, komanda dəyişməlidir. Onlar deyirdi ki, niyə dəyişməlidir axı? Bəziləri deyir ki, Mehman tərif edir. Amma bu, tərif deyil.
-Qarşıda aşağı-yuxarı bir ayınız var. Təxminləriniz necədir? Nələr ola bilər? Bu yoxlama növbəti bir təpinmədir, ya “Turan”ı çökdürmək üçün israrlı bir planın davamı?
-Mən o barədə xüsusi olaraq düşünmürəm. Çünki hər zaman buna hazır olmuşam. Öz yolumu gedirəm. 2006-cı ildən "Turan"ı bağlamaq istəyirdim.
Çünki agentliyi yaşatmaq çətin idi. Saxlaya bilmirəm də. Abunə ilə mümkün deyil. İnternet var, informasiyalar açıqdır. Sən abunədən hara keçməlisən? Oxucu qazanmalısan, avtomatik olaraq reklam da əldə etməlisən. Amma indi bu da olmur. Yeni vəziyyətin yaranması üçün alternativlər yaradır. Agentlik yaradıblar təzəlikcə, 60 nəfət işçisi var. Birdən-birə 60 işçini necə götürmək olar? Mümkün deyil. Saytlar, agentliklər yaratdılar. Bunları görəndə həmişə deyirdim ki, hə, gedirəm. Amma bir də görürdün ki, bir beynəlxalq təşkilat dəstək verirdi, qrant verirdi. Açığı, mən heç kimdən qrant-filan istəməmişəm.
“Satılmamışam, mövqeyimi dəyişməmişəm. Mən bunun əksini etsəm, gərək eyni zamanda boynuma alım ki, bütün ömrüm boyu səhv etmişəm. Gərək deyim ki, mən müstəqil olmayaydım, müstəqil KİV ideyasını qəbul etməməliydim. Hamıya deməliydim ki, ay qardaşlar, mən bütün ömrüm boyu səhv etmişəm”
|
-Amma “Turan”ın qrantlarla arası yaxşıdır. Zaman-zaman sizə Qərbdən gələn maliyyə dəstəkləri barədə eşidirik.
-Vaxtilə olub. 2014-cü ilə qədər idi. Sonra ona da qadağa qoyuldu. Özü də nə qrant? Mənə qrant olaraq verilən vəsait hansısa hökumətyönlü saytın bir aylıq xərcləridir. Mənə o qrantlar lazım deyil. 2006-cı ilə qədər o qrantlardan imtina etmişəm. Sadəcə olaraq, bizdə 45 nəfər işçi işləyirdi, indi gəlib düşdü 12-13 nəfərə. Onun da 5-6 nəfəri jurnalistdir. Onların da əksəriyyəti xarici media orqanları da əməkdaşlıq edir. Mən hər zaman psixoloji olaraq buna hazır idim. Mənimçün meydandan bu formada getmək çox şərəflidir. Satılmamışam, mövqeyimi dəyişməmişəm. Mən bunun əksini etsəm, gərək eyni zamanda boynuma alım ki, bütün ömrüm boyu səhv etmişəm. Gərək deyim ki, mən müstəqil olmayaydım, müstəqil KİV ideyasını qəbul etməməliydim. Hamıya deməliydim ki, ay qardaşlar, mən bütün ömrüm boyu səhv etmişəm.
-Sizi müdafiə edənlər də eyni zamanda acı şəkildə etiraf edirlər ki, "Turan" son illər Azərbaycan oxucusuna, auditoriyasına xitab etmir. “Turan”ın varlığından yerli oxucu xəbərdar deyil. “Axırıncı dəfə “Turan” gündəmin hansı mövzusundan operativ, qaynar şəkildə xəbər verib” deyə gileylənənlər də var. Sizin daha çox xarici auditoriyaya, abunəçilərə işlədiyiniz iddiası səslənir. Razılaşırsızmı?
-2005-ci ilə qədər Turan.az saytı vardı, amma qapalı idi. O vaxt “Turan” xəbərlərini qəzetlər vasitəsilə, abunə verərək yayırdı. Amma 2006-ci ildən etibarən qəzetlərin, telekanalların qarşısına şərt qoyuldu ki, “Turan”a istinad, abunəlik olmaz. Birdən-birə bütün media orqanları bizdən qopmağa başladı. 2007-ci ildə başladılar deməyə ki, hanı Turan, yoxdu ki...Mənim də yeganə pul qazanma mənbəyim abunəçilərimdir. Ya mən ictimaiyyətə işləməliyəm – hansı ki, mənə pul vermir. Bu, o deməkdir ki, mən ölürəm. Ya mənə hansısa məmur pul verməlidir ki, bunu mən qəbul etmirəm. Ya da mən abunə sistemini saxlayıb, yaşamalıyam. Burda seçim necə olmalıdır? Gördük ki, vəziyyət budur. Ona görə də contact.az saytını yaradıb, bəzi xəbərləri ordan tirajladıq. Onda da bəzi abunəçilərimiz dedi ki, daha bülleteni nə edirik, saytdan oxuyuruq da. Bir qədər itkimiz oldu. Çox ağır vəziyyətdən keçdik. Kimsə “Turan”ı oxumursa, bilmirəm. Amma mən xarici ekspertlərin, abunəçilərin, media qurumlarının, təşkilatların “Turan”la bağlı mövqeyini bilirəm. Onlar ilk növbədə bizi oxuyurlar, deyirlər ki, yeganə etibarlı mənbə bizik. Ölkə daxilində də memurlar, dövlət qurumlarında hər kəs bizim saytı izləyir. Amma ölkədə nəsə partladı, kimsə kimisə söydü, ya da dava-dalaş oldu, biz onunla məşğul deyilik. 7 jurnalistlə onu edə bilmərəm. Mənim ancaq abunəyə işləmək imkanım var. O da keyfiyyətli, hərtərəfli analizlərin hazırlanması üçün.
-Amma digər agentliklərlə, media orqanları ilə rəqabətdə uduzduğunuzu etiraf edirsiz...
-Nə rəqabət? Burda rəqabət yoxdur ki. Qoysunlar onlara verilən pulları bir qırağa və mənimlə rəqabətə çıxsınlar. Onlar iki gündən sonra çökəcəklər, uduzacaqlar. Qoy indi desinlər ki, bizi dünyada oxuyurlar, hər yeri biz tutmuşuq-filan. Onlara verilən o qədər dəstəklə, pulla belə biz yaşayırıq, biz varıq. Əvvəlki kimi etibarlı mənbə olaraq qalırıq.
-Xaricilər üçün qalırsız da, Mehman bəy.
-Mən bayaqdan izah edirəm, amma siz məni anlamaq istəmirsiz. Axı sizə dedim ki, mən niyə bu şəraitdə işləyirəm. Əvvəldən də belə işləmişəm. Mən özümü müstəqil saxlamaq üçşün abunə sisteminə keçmişəm. Bundan imtina etsəm, ictimaiyyət üçün xəbər hazırlamalıyam. Onda yazmalıyam ki, filankəs filankəsi söydü, bəhmənkəs soyundu... Bu halda da reklam gəlməlidir məntiqlə. Amma Azərbaycanda bu, mümkün deyil axı. O halda mən nə edirəm? Abunə sisteminə keçirəm. Bütün hallarda indi baş verənlər siyasi sifarişdir. Kim tərəfindən verilib, o başqa məsələ. Amma vergi məsələsi deyil.
“Nə rəqabət? Burda rəqabət yoxdur ki. Qoysunlar onlara verilən pulları bir qırağa və mənimlə rəqabətə çıxsınlar. Onlar iki gündən sonra çökəcəklər, uduzacaqlar”
|
-“Turan”ın yaşaması üçün hansısa formada sizdən güzəşt, geriləmə tələb olunsa, bunu edərsizmi?
-Biz 27 ildə bir dəfə də məhkəməyə verilməmişik. “Turan”ı kimsə, nə vaxtsa müdafiə edib? Yox, çünki elə şeyə ehtiyac olmayıb. Amma mən özüm qəzetlərin müdafiəsi, piketlər, dəyirmi masalarda hər zaman qabaqda olmuşam. Əflatun Amaşov da yazıb ki, “Turan”la bağlı şuraya heç vaxt şikayət gəlməyib. O halda nə baş verir? Sadəcə, sənin müstəqilliyin kimisə qıcıqlandırır.
-Yeri gəlmişkən, Əflatun Amaşovun sizinlə bağlı mövqeyindən razı qaldınız?
-Xeyr. Orda müdafiə yox idi. Hər şeyi kontekstdən çıxarıb. Axı “Turan” öz gücünə fəaliyyət göstərəndə ona rəqib olan var idi? Yox. O milyonlarla pullar gəlib töküldü, bütün istedadlı jurnalistləri ordan-burdan yığdılar və sonra da dedilər ki, buranı mən yaratmışam. Sizə də ayda 100 min manat verilsə, böyük kollektiv yığacaqsız və tappatap başlayacaqsız sayt işlətməyə. Amma bir media orqanını heç nədən yaratmaq, onu yaşatmaq...çətindir. Özü də mən hər zaman təmiz rəqabət aparmışam.
-Həmkarlarınızdan və illərdir informasiya dəstəyi verdiyiniz siyasətçilərdən dəstək gəlirmi?
-Əli Kərimli və Cəmil Həsənli bura gəlmişdi. İsa Qəmbər zəng eləmişdi. Kolleqalar zəng edir, açığı, mən o dəstəyi gözləmirəm. Çünki indiki şəraitdə heç mediada da həmrəylik yoxdur. Bəlkə də bir çox media nümayəndəsi düşünür ki, yaxşı olur, “Turan”ın bağlanması. Onsuz da biz onların arasında ağ qarğa kimi görünürük. Mən çoxdan “Turan”ın bağlanmasına psixoloji olaraq hazıram. Çünki saxlamaq çətindir. Hətta bəzən düşünürəm ki, nə yaxşı olardı bağlanaydı, mənim də canım qurtarsın bundan. Mən də azad olum, “Turan”ın girovuna çevrilmişəm. Biz 98-ci ilə qədər inkişafda olmuşuq, 98-ci ildən sonra isə özünü qoruyub, “Turan”ı yaşatmaqla məşğul olmuşuq. 20 ilə yaxındır belə davam etmək olarmı?
-Siz də yorulmusuz...
-Əlbəttə. Bir var inkişaf, bir də var özünü qorumaq. 90-cı illərdə “Turan”ı yaradanda düşünürdüm ki, onu 10 il yaşatsam, öz missiyamın öhdəsindən gəlmiş olacam. Çünki çoxlu sayda media orqanı yaranacaq və mən başqa işlə, məsələn, bizneslə məşğul olacam. Fikirləşmirdim ki, “Turan”da qalacam. Amma sonra vəziyyət dəyişdi və mən də burda qalıb, mübarizə apardım. İlişib qaldım.