Bəhram Bağırzadə: “Oğurluğu və RÜŞVƏT BACARMIRAM...”
“Reklam çarxları olmasa başqa işlərimi görə bilmərəm” Sentyabrın 4-də əməkdar artist, şoumen, aktyor Bəhram Bağırzadə 45 yaşını qeyd etdi. Bu münasibətlə “Yeni Müsavat”ın əməkdaşı əməkdar artistlə söhbətləşib, təəssüratlarını öyrənməyə çalışıb. Bəhram Bağırzadə artıq 9 ildir ki, özünə doğum günü keçirmədiyini deyib: - Sadəcə olaraq səhər tezdən gül dəstəsi ilə anamın yanına gedib təbrik edir, əllərindən, gözlərindən öpür, ona minnətdarlığımı bildirirəm və Allahdan ona uzun ömür arzulayıram. Sonra isə axşamüstü ailəmlə birgə çay süfrəsi arxasında oturub, söhbətləşirik. Bu ad günümə isə Azərbaycanın futbol komandası öz uğurunu mənə hədiyyə etdi. Bildiyiniz kimi, millimiz San-Marino komandasına 5-1 hesabı ilə qalib gəldi. - Futboldan söz düşmüşkən, bundan əvvəl futbol haqqında sual verəndə “olmayan şey haqqında necə danışmaq olar?” deyə cavab verirdiz. Bəs bu gün artıq futboldan danışmaq olarmı? - Elə indi də futbol yoxdur. Sadəcə işləmək lazımdır. Futbol aləmi yoxdur, var şəxsiyyətlər. Bunlar Banışevski, Cavadov, Nazim Süleymanov və hazırda Qurban Qurbanovdur. Onların ətrafında da futbol qurulub. Amma sistemə gəldikdə, təbii ki, futbol yoxdur. Lakin onu da düzəltmək olar. Məsələn, keçmişdə bizdə bəzi idman növlərində nəticələr yox idi. İndi isə boks, qadın voleybolu idman növlərində nəticələr var. Futbol sistemini qurmaq isə çox çətindir, çünki buna görə xeyli vəsait lazımdır. Həm də ki, ən azı 12 komanda olmalıdır. Reklam çarxları isə - qeyd etdiyim kimi - hər zaman üzdə olduğu üçün tamaşaçılar məni orada çox görür. Lakin reklam çarxları olmasa başqa işlərimi görə bilmərəm. Mən oğurluğu, dağıtmağı, mənimsəməyi, rüşvəti bacarmıram, ona görə də reklamlara çəkilirəm. Evə də ən azı çörək pulumu aparıram. Kiminsə bu xoşuna gəlmirsə, öz problemidir.
- Millimizin bundan sonrakı uğurlarına inanırsızmı?
- Mən həmişə iman və inamla yaşamışam. İman və inamın olmasaydı KVN-də heç vaxt çempion olmazdım, digər uğurları əldə edə bilməzdim. İnam və arzular öləndə, insan da artıq ölür. Buna görə də arzularla yaşamaq lazımdır. Arzularla bərabər insan həm də öz üzərində işləməlidir.
- Zamanında KVN “Əsrin çempionu” olduz. Lakin sizlərdən sonra sanki yeni nəsil KVN yarışmalarına maraq göstərmir, iştirak etmək istəmirlər.
- Bu sualı artıq gənclərə vermək lazımdır ki, niyə onların buna marağı yoxdur. İndi artıq Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Qara Qarayev də yoxdur.
- Bəs “Planet Parni iz Baku” KVN teatrının yeni tamaşalarını, sizin orda iştirakınızı görə biləcəyik?
- Bu haqda heç nə bilmirəm, onu ancaq Allah bilir. Mən hazırda başımı aşağı salıb öz işlərimi görürəm, çalışıram. Allah qoysa qışda tamaşa olar, olmaz da yenə də Allaha təvəkkül.
- Son zamanlarda sizi ancaq reklam çarxlarında görürük. Bəs film və ya seriallara dəvətlər alırsızmı?
- Bəli, dəvətlər alıram, iştirak edirəm, yəni fəaliyyətdəyəm. Sadəcə reklamları hər gün göstərirlər. Bu yaxınlarda bir neçə Rusiya filmindəçəkilmişəm və Azərbaycanı o filmlərdə təmsil edəcəm. Həmçinin Avstriyada, Vyanada mənim sərgilərim oldu. Daha bir yeni sərgimin açılışına hazırlaşıram. Yəni bir sözlə, fəaliyyətdəyəm.
- “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüsüz. Maraqlıdır, sonuncu karikaturanız nə haqqında olub?
- Hazırda mən dostluq şarjı çəkirəm. Çox məşhur, tanınmış, Avropa standartlarına uyğun olan futbol məşqçisinə, hansı ki, bizi Çempionlar Liqasına apardı, ona aid karikatura hazırlayıram. Adını amma deməyəcəm (gülür).
- Ümumiyyətlə, Azərbaycanda hansı karikaturaçının əsərlərini bəyənirsiz?
- Hazırda “Karikaturaçı Rəssamlar Birliyi”nin 70 üzvü var. Onların hamısının fəaliyyətini bəyənirəm. Hər halda əgər insan yaradırsa, yaradıcıdırsa, ondan xoşum gəlir, dəstəkləyirəm.
- Ötən gün artıq 45 yaşınıza qədəm qoyduz. Bu yaş sizin arzularınızda bir dəyişiklik etdimi?
- Mənim ən böyük arzum Allaha təvəkkül etmək və yaşamaqdır. Allah millətimizi qorusun!