BAKIDAKI SİLAHLI İNSİDENTİN TAM TƏFƏRRÜATI – “Hətta 4 nəfər birlikdə Müşfiq Mədətovu DÖYƏ BİLMƏYİBLƏR”
Bakının mərkəzində, Şeyx Şamil küçəsindəki “İçərişəhər” çay evində baş verən, Səbail Rayon Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı Orxan Axundzadənin ağır yaralanması ilə nəticələnən münaqişənin başlanmasının səbəbkarı Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətov olub. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib. Xəbər verdiyimiz kimi, oktyabrın 14-ü saat 19:00-da Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən Təzəbəy hamamı qarşısındakı çay evində cinayətkarlar Müşfiq Mədətovun üzərinə bıçaqla hücum edərək onu boğazından yaralayıblar. Bununla bağlı AR Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) və 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. 15 oktyabr saat 04:00 radələrində M. Mədətovu bıçaqlayan şəxslərin tutulması üçün əməliyyat keçirilən zaman Qara Qarayev prospekti, “Ruslan 93″ idman kompleksinin qarşısında şübhəlilər 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobildən Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni atəşə tutaraq ayağından güllə ilə vurub qaçıblar. Daha sonra keçirilən geniş əməliyyat zamanı şübhəli şəxslər saxlanılıb. Məlum olub ki, Mədətovu bıçaqlayıb, polisi güllələyən şəxslər, 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü Həsənov Emin Vaqif oğludur. Saxlanılan şəxslərlə bağlı AR CM-nin 221-ci maddəsinin ayrı-ayrı bəndləri ilə yanaşı 29-cu (Cinayət etməyə cəhd), 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə də cinayət işi açılıb. Bu arada, münaqişənin nədən qaynaqlandığı aydınlaşıb. Məlum olub ki, oktyabrın 14-də Mədətov sözügedən çayxanaya öz tanışı ilə birlikdə gəlib. Dörd nəfər (artıq onlardan üçü — 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü Həsənov Emin Vaqif oğlu saxlanılıb — red.) qonşu stolda oturublarmış. Mədətov onlara davranışları ilə bağlı irad bildirib və bununla da onlar arasında dava başlayıb. Mərhum prezident Heydər Əliyevin şəxsi mühafizəçisi olmuş Mədətovu, hətta dörd nəfər döyə bilməyib. Axırda onlardan biri dözməyib bıçaq çıxararaq Mədətovun boyun nahiyəsinə zərbə endirib. Mədətovun çay evini tərk etməsi ilə, dava iştirakçıları münaqişənin başa çatdığını düşünüblər. Lakin Mədətov ordan birbaşa Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə gedib və tezliklə əməliyyatçılar çay evini əhatəyə alıblar. Həmin vaxt sözügedən dörd nəfər hələ də çayxanada oturublarmış. Əməliyyatçılar mülki formada olduqlarından xuliqanlar elə biliblər ki, Mədətov onların üstünə öz adamlarını gətirib. Onlar gələnlərin asayiş keşikçiləri olduğunu başa düşməyiblər. Gənclər dərhal 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıblar. “Koroğlu” metrostansiyası yaxınlığında polislər şübhəlilərə çatıblar. Onlardan biri “Vinçester”dən atəş açaraq Orxan Axundzadəni budundan yaralayıb. Güllə onun venasını zədələyib. Asayiş keşikçiləri avtomobilə atəş açaraq onun təkərini deşəndən sonra xuliqanlar başa düşüblər ki, iş heç də onların düşündüyü kimi deyil. Axundzadə, əməliyyatçılar onu hansı xəstəxanaya aparmaq barədə düşünərkən çoxlu qan itirib. Bu qeyri-müəyyənlik xeyli vaxt davam edib və yaralı son anda xəstəxanaya çatdırılıb. Əgər azacıq yubansaydılar, polis polkovnikini itirəcəkdilər. Cərrahiyyə əməliyyatı 3 saat davam edib və hazırda Axundzadənin həyatına heç bir təhlükə yoxdur. Dava iştirakçılarından birinin, adı çəkilməyən avtoritetin qohumu olduğu bildirilir. Bəzi məlumatlara görə, xuliqanların polisdən qaçdığı avtomobil, saxlanmayan dördüncü dava iştirakçısına məxsusdur.Prezidentin mühafizəçisi ilə dava nədən başlayıb, polis polkovniki ölümdən necə qurtulub və adı çəkilməyən “avtoritet” kimdir?