Kəlbəcərli köçkünün evini sökə bilmədilər - məhkəmə qərarı ləğv ediləcək

Kəlbəcərdən olan məcburi köçkün, Göygöl rayonu Xanlar qəsəbə sakini Akif İsgəndərovun problemi həll olunub.

 

Bu barədə Modern.az-a məlumat verən A.İsgəndərov Heydər Əliyev Fondunun  məsələni öz üzərinə götürdüyünü açıqlayıb:

 

“Heydər Əliyev Fondundan nümayəndə gəldi, mənim problemimlə maraqlandı. Artıq qərar verildi ki, evim sökülməyəcək. Hətta məhkəmə qərarları da ləğv ediləcək”.

 

Məcburi köçkün Fondun qərarı olmasına baxmayaraq, hələ də evinin işıq, qaz təchizatının bərpa olunmadığını qeyd edib:

 

“4 ildir ki, dişimlə-dırnağımla, öz əməyim hesabına tikdiyim ev üçün məhkəmələrdə sürünürəm. Məcburi köçkün olsam da , dövlətdən ev belə istəmirəm. Sadəcə öz tikdiyim evdə rahat yaşamaq istəyirəm. İcra hakimiyyəti hələ də özbaşınalıq edir. Uzun müddətdir ki, azyaşlı uşaqlarım soyuqda, qaranlıqda qalıb. Yeganə istəyim işıq və qazın verilməsidir”.

 

Xatırladaq ki, Akif İsgəndərovun Göygöl rayonu Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi ev icra başçısıyla bələdiyyə arasında yaranan problemə görə sökülmək təhlükəsilə üzləşib.

 

2 aya yaxındır evin işıq və qaz təchizatı dayandırılıb. A.İsgəndərov yaranmış problemin həlli üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müarciət etmişdi.






Fikirlər