Bakıda heyrətamiz sığınacaq: “Qəzəbləndirsən, parçalayar...” - REPORTAJ

- Hav! Hav! Hav!

 

Ayağımızı darvazadan içəri qoyan kimi bir sürü it hürə-hürə üstümüzə gəlir. Bizi qarşılayan şəxs “qorxmayın” - deyir. İtlər bizi salamlayırlarmış. Bir anda ətrafımızı 50-60 it bürüyür. Qorxmadıq desək, yalan olar. Fotoqrafımız Sabirin qolundan yapışıb, irəliləyirəm. Bizi dövrəyə almış itlər sağdan-soldan üstümüzü iyləyir, quyruqlarını sürtürlər. Digər itlər də onlara qoşulub hürür: Hav! Hav! Hav! 

 

***

 

Bakıxanov qəsəbəsində boş meşə massivində yerləşən it sığınacağındayıq. Rövşən Tahirov uşaqlıqdan it həvəskarı olub. Qəsəbədə hər kəs onu itsevər kimi tanıyır. 3 il əvvəl bir qadın ona bu sığınacağı qurmağı təklif edəndə heç özü də inanmırmış ki, bir gün burada 150 it saxlayacaq. Qısa müddət ərzində sığınacağın “sakin”ləri günbəgün artıb, 10 it olub 150 it. Sığınacağa gəlib-gedən itlərin sayı ilə yüzlərlədir. Bəziləri ölüb, bəzilərini isə hədiyyə ediblər.

 

Sığınacağın ərazisi böyükdür. İtlər gəzməyə imkan vermirlər. Ayaqlarının üstünə qalxıb, pəncələrini mənə söykəyib, gözləyirlər. Sığınacağı ziyarət edənlər onları o qədər sığallayıb ki, alışıblar, mənimlə də oynamaq istəyirlər. Onlara toxunmağa çəkinirəm.

 

“Narahat olmayın, hamısı təmizdirlər” - deyə arxadan Rövşənin səsi gəlir. Qucağında itlə bizə yaxınlaşır. 

- Xəstələnib, həkimə aparmışdım. 

Sığınacağa gələcəyimizi Rövşənə xəbər verəndə günortadan sonra gəlməyimizi xahiş etmişdi. Xəstə itləri baytara aparacağını demişdi. İndi həkimdən gəlirlər. Nəinki xəstə itlərin, sığınacaqdakı bütün itlərin baytar müayinəsindən keçdiyini deyir:

 

- İndiyə qədər yüngül xəstəlik aşkarlansa da, quduzluq çıxmayıb. Qorxmayın, toxunun. Öz uşaqlarım da bura gəlib-gedirlər. Onlar sizinlə oynamaq istəyirlər. Gəlişinizə sevinirlər. 

Burada itlərə ayrıca damlar hazırlanıb. Qucağındakı iti damına qoyub, maşındakı digər xəstə itin dalınca qayıdır. 

- Nə olub buna? 

- Qarnına su yığılıb. Həkim müayinə etdi, analiz filan verdik, sistem qoşdu, dərman yazıb. Görək necə olacaq... 

Bu iti qapısının üstündə “Nuş olsun” elanı yazılmış dama yerləşdirir. Başqa itlər narahat etməsin deyə damın ağzına dəmir qoyur. 

Nuş olsun demiş, həyətdə böyük ocaq qalanıb. İtlərin axşam yeməyi bişir. Kənardan hisli böyük qazanlar kənd toyunu xatırladır. 

- Axşama “menyu”da nə var? 

- Toyuq ayaqlarıdır.

 

Deyir, itlər üçün həftəyə 100 kilo mal və toyuq əti alır. Üstəlik heyvansevərlərin gətirdiyi it yeməkləri, makaron və vermişellər də var. Əti mütləq bişirib verir. Ocaqda qazan pıqqıltı ilə qaynayır. Ayı boyda it ocağın başına fırlanır, hərdən burnunu qazana uzadır. 

- Deyəsən, tez acıb.

 

- “Boyka”dı də. Hər gün 1 qoyun versən, yeyər.

 

Burada hər itin öz hekayəsi var. Birini maşın vurub, digəri insanlar tərəfindən daş-qalaq olunub, xeyirxah insanlar götürüb bura gətirib. 

“Boyka”nın hekayəsi tamam fərqlidir. Qafqaz çoban iti cinsindən olan bu itin cəmi 2 yaşı var. Bala olmasına rəğmən, sığınacağın ən nəhəng itidir. Sahibi iş adamı olsa da, Qafqaz çoban itinin öhdəsindən gələ bilmədiyi üçün Rövşən bəyə bağışlayıb. 

- Söhbət təkcə yeməkdə deyil, itə qulluq etmək lazımdır. Özüm təlimçiyəm. İtlərlə necə rəftar etməyi bilirəm. “Boyka”nın böyük olduğuna baxmayın, qəlbi kövrəkdir. Sığınacağın ərköyünüdür. Qəzəbləndirsən, adamı parçalayar. Ayının üstünə tək gedir, canavarı boğur. Toxunmasan, toxunmaz. 2 aylıq idi, dostum ona iynə vurmağı xahiş etmişdi. Elə o vaxtlar dostlaşdıq. Bura gələndə 1 yaşı vardı. 

“Boyka”nın adaşı da var. Ovçarka cinsindən. Qara-qəhvəyi rəngdə olan bu it sığınacağa təzə gəlib. Yaman nadincdir. Sığınacağın o başından bu başına var-gəl edir, atlanıb-düşür, bir yerdə dayanmır. Bağlı yerdə saxlanılan itləri qızışdırır. Dəmir tora yaxınlaşıb, var gücüylə hürüb, geri çəkilir. Onlarda torun arxasında cırnayır, atılıb-düşürlər. 

- “Boyka”! “Boyka”! 

Sahibi bu “Boyka”ya təpinir, adını eşidən o biri “Boyka” yaxınlaşır. Qorxuram. Rövşən uzaqlaşdırır. Deyir, “Boyka” qadınları sevir deyə əl çəkmir. Adətən bura gələn qadınlarla oynayır. 

- İnsan qorxanda it hiss edir, əl çəkmir. Bunların hamısı təlim keçiblər, mehriban itlərdi. Mənim yanımda kimsəyə toxunmazlar. 

- Bəs yeni iti necə qarşılayırlar? 

- Bura onların ərazisidir. Yad iti yaxın buraxmazlar. Təzə it olanda mən yanımda gətirirəm, onlara təqdim edirəm. Əvvəl biri gəlib iyləyir, sonra ikinci, beləcə hamısı iyləyib tanış olurlar. Öyrəşirlər. Ondan sonra sürüyə buraxıram. 

İtlərin hamısının adı var: Moti, Akro, Çırnık, Miki, Bim, Ləka, Şarikə - qızı Qıza, Rıjı, Belka, Malış, Syuzi, Şakal, Balik, Raki, Belka və s. Belkanın balası olacaq. Bundan sonra o da digərləri kimi qısırlaşdırılacaq.

 

Rövşənin gözü saatına sataşır. 

- Tələsmirsiniz ki?

 

- Yox, nəyə görə soruşursunuz? 

“Namaz vaxtıdır, 5 dəqiqəyə gəlirəm” – deyib gedir. Lap küncdə namaz qılmaq üçün yer ayırıb. Dəstəmaz alıb, namaza başlayır. 

Namazını qılıb, geri dönür. Zəncirlənmiş iti soruşuram. “Linda”dır. Xaçmazdan gəlib. Ərazisi böyükdü, açıq gəzməyi sevir. Qapı açıq qalan kimi küçəyə qaçır. Cəzalandırmışam, bir azdan açacağam.

 

- Səhər saat 10-dan axşam 8-ə qədər burda olursunuz. Bəs necə dolanırsınız? Pulu haradan alırsınız?

 

- Gəlirim olur. Məsələn, kimsə itini verir ki, bir aylıq saxlayım, onda aylığa 50 manat-filan verir. Bəzən təlim keçməyim üçün it verirlər. 

- Sığınacaq necə dolanır? 150 itə baxmaq asan məsələ deyil.

 

- Əsasən könüllülərin yardımı ilə. Heyvansevərlər pul, yemək və isti geyim verirlər. 

- Geyim?

 

- Hə, qışda itlərin altına səririk ki, isti olsun.

 

3 ildir sığınacaq heyansevərlərin ianələri hesabına fəaliyyət göstərir. Qarşıdan isə qış gəlir. İnsan kimi heyvanlar da qışda üşüyür, xəstələnirlər. Üşüməməsi onların yeməyə, isti yuvaya ehtiyacı var.

 

Rövşən “Linda”nın yanında keçəndə yazığı gəlir və onu açır. Getməyə hazırlaşırdıq ki, “Linda” bizdən əvvəl burnu ilə qapını açıb, küçəyə qaçır.

 






Fikirlər