1 İL Əvvəl ərini öldürüb, HƏLƏ DƏ AZADLIQDADIR – 2 uşaq anası niyə HƏBS EDİLMİR?
Bu gün Sumqayıt Şəhər Məhkəməsində əri Namiq Məmmədovu 2 bıçaq zərbəsiylə qətlə yetirən Xatirə Məmmədovanın məhkəməsi keçirilib. BakuPost.az xəbər verir ki, hakim İlyas Mahmudovun hakimliyi ilə keçən məhkəmədə Xatirə Məmmədova dinlənilib. Növbəti məhkəmə noyabr ayının 7-nə təyin edilib. Mərhum N. Məmmədovun atası Məhiyəddin Məmmədov isə işin gedişatından narazıdır. O, BakuPost.az-ın redaksiyasına gələrək, 2016-cı ilin sentybarın 8-də baş verən hadisənin üzərindən 1 il keçməsinə baxmayaraq, qətl törədən şəxsin 1 saat belə həbs yatmadığını deyib. M. Məmmədov iddia edir ki, Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Faiq Nadirov qatilə himayədarlıq edir: “O artıq müstəntiqlik yox, vəkillik edir. Cinayət Məcəlləsinin 124.1-ci maddəsiylə cinayət işi açılıb. Guya, oğlumu ehtiyatsızlıqdan öldürüb. Bu maddəni ona görə qoyublar ki, o qızı elə məhkəmədən azadlığa buraxsınlar. Heç çağırıb 1 saat belə olsa onu içəridə saxlamayıblar”. Zərərçəkənin atası F. Nadirovun yalanını açdığını da iddia edir: “İşlə maraqlanmaq üçün prokurorluğa getmişdim. Faiq Nadirovu gördüm. Dedim ki, içəridədir? Dedi hə. Sözünü qüvvətləndirmək üçün də qayıdıb belə bir cümlə işlətdi: “Aybaşı olmaq nə pis şey imiş”. Mən də təəccüblə üzünə baxdım. Dedi ki, bəs aybaşı olub, özüm şəxsən ona evindən paltarlar gətizdirmişəm. Mən bu sözlərin yalan olmasına ehtimal belə vermədim. Ürəyim rahatladı ki, oğlumun qatili tutulub. Səhər vəkilimlə də getdik. F. Nadirov soruşdu ki, siz istintqaın gedişindən razısız? Mən də qızın tutulduğunu düşünürdüm deyə, dedim ki, hə. Evə gələndən sonra vəkilim gecə mənə zəng elədi ki, bəs o qadın heç 1 saat da saxlanılmayıb. Şok oldum. Zəng elədim Faiq Nadirova, mənə dedi ki, mən sənə nə vaxt demişəm ki, o qadın tutulub? Bu bizə protokola müsbət imza atdırmaq üçün belə bir yalan uydurubmuş”. Məhiyəddin Məmmədov baş prokuror Zakir Qaralovun da qəbulunda olduğunu bildirib: “Zakir Qaralovun qəbulunda oldum. Görüşdüm. Generallara dedi ki, bu işlə maraqlanın, bu işin üstündə durun. Halbuki mən o generalların hamısının qəbulunda olmuşam, sonra Qaralovun qəbuluna düşmüşəm”. 2 nəvəsinin hələ ki, onlarda olduğunu deyən baba, məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət ünvanlayıb. Lakin hələ də bir cavab verilməyib. Xatırladaq ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin sentyabr ayının 8-də baş verib. Belə ki, Xatirə Məmmədova əri Namiq Məmmədovu 2 uşağının gözü önündə bud nahiyəsindən 2 dəfə bıçaqlayaraq, yaralayıb. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, ölüb. M. Məmmədov hələ ötən il BakuPost.az-a müraciət edərək, gəlininin həbs edilmədiyini, kimlərsə tərəfindən himayə edildiyini bildirmişdi. Həmin yazını BURADAN oxuya bilərsiniz.