Sensasiya: Xırdalanda nüvə reaktorunun tikintisi başlayır
Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın nüfuzlu lenta.ru portalı bu barədə Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribovun iki gün öncə yerli KİV-ə verdiyi açıqlamaya istinadən məlumat yayıb.
A.Qəribovun sözlərinə görə, 20 meqavat gücündə ilk reaktorun layihələndirilməsi üzrə tender gələn il elan ediləcək. Nüvə reaktorundan başqa 2 kilovatlıq tədqiqat-təlim reaktoru da işə salınacaq.
A.Qəribov qeyd edib ki, Azərbaycanda tikilməsi planlaşdırılan reaktor ölçülərinə görə unikal olacaq: “Hesablamalarımıza əsasən, reaktorların tikintisi üzrə işlər 2020-ci ildə başa çata bilər, çünki Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) icazə almaq üçün iki il tələb olunur. Azərbaycan icazə üçün MAQATE-yə artıq müraciət edib, lakin nüvə reaktorunu tikəcək podratçı şirkətin zəruri lisenziyasının olması çox vacibdir”.
Rusiya nəşri xatırladır ki, Azərbaycanda AES tikintisi hələ SSRİ dövründə planlaşdırılırdı, lakin 1986-cı ildə Çernobıl AES-də qəza baş verəndən sonra bu ideyanın üstündən birdəfəlik xətt çəkildi: “Bu gün isə hətta mümkün risklər də karbohidrogen asılılığından xilas olmağa qərar vermiş Azərbaycan rəhbərliyini narahat etmir və bu ideyadan çəkindirmir”.
Məlumatda bildirilir ki, artıq AES tikintisi üçün 15 hektar ərazi də ayrılıb və onun harada inşa olunacağı təxminən bəllidir. Həmin ərazidə reaktordan başqa inzibati bina, məlumat mərkəzi və elmi-tədqiqatlar üçün lazımi infrastruktur da yerləşəcək.
“Doğrudur, rəsmi Bakı AES-in konkret harada tikiləcəyini açıqlamır. Amma böyük ehtimalla söhbət Xırdalan şəhərinin həndəvərindəki ərazidən gedir. Bu da Bakı ilə Sumqayıtın arasına düşür. SSRİ rəhbərliyi bir vaxtlar Azərbaycan AES-ini məhz Nəvaidə tikməyi planlaşdırırdı. Azərbaycan rəhbərliyi isə AES-i Bakıdan cənub-şərqdə yerləşən Nəvai adlı ərazidə tikmək fikrindən daşınıb. Halbuki bu rayon seysmik baxımdan AES üçün daha münasibdir” – deyə rus nəşri yazır.
Məqalədə deyilir ki, Azərbaycanın öz atom energetikası sistemini yaratmasının vacibliyi Bakıda çoxdandır müzakirə olunur. Hesablamalara görə, ölkənin karbohidrogen ehtiyatları 2020-2025-ci illərdən tükənməyə başlayacaq. Azərbaycanın iqtisadiyyatı isə sürətlə inkişaf etməyə başlayıb. Əgər bu inkişaf tempi davam etsə, Azərbaycanın enerji potensialı iqtisadiyyatın tələbatını ödəyə bilməyəcək.
Azərbaycan Radiasiya Problemləri İnstitutu hələ 2007-ci ilin martında ölkə hökumətinə 1500 meqavatt gücündə AES tikilməsinə dair təkliflər paketi təqdim etmişdi. İnstitutun hesablamalarına görə, bu stansiya 4 il ərzində tikilə və büdcəyə 3 milyard dollara başa gələ bilərdi. MAQATE elə həmin ilin sonunda Azərbaycanda ilk nüvə-tədqiqat reaktorunun tikintisinə başlamağa icazə verib.
“Əgər Azərbaycanda nüvə reaktoru tikilsə, bizim ilk işimiz atom energetikası sahəsində yerli kadrları hazırlamaqdan, ikinci işimiz isə izotop istehsalını sahmana salmaqdan ibarət olacaq. İzotoplardan Azərbaycanda hazırda da istifadə edilir, lakin biz onu xaricdən alırıq” – deyə o zaman Radiasiya Probleməri İnstitutunun direktoru postunu tutan A.Qəribov bildirirdi.
A.Qəribov onu da vurğulamışdı ki, Azərbaycan tərəfi reaktorda işləyəcək kadrları Rusiyada, konkret olaraq Dubnada hazırlayacaq.
Nəhayət, 2014-cü ilin mayında prezident İlham Əliyev Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin yaradılması barədə sərəncam imzaladı. Elə həmin ay Bakıya rəsmi səfərə gələn Fransa prezidenti Fransua Olland bəyan etdi ki, Fransanın “VINCI Construction Grands Projets” şirkəti Azərbaycanın atom enerjisi proqramında iştirak etməkdə maraqlıdır.
Azərbaycanın AES tikmək planlarını rabitə naziri Əli Abbasov da təsdiqləmişdi. “Biz tikintisi hələ sovet dövründə başladılmış AES-in inşasını bərap etmək niyyətindəyik. Tikinti işləri ola bilsin ki, 3-4 ilə yekunlaşdı” – deyə nazir bildirmişdi.
Bununla belə lenta.ru portalı AES layihəsini tənqid edənlərin də mövqeyinə diqqət ayırır. Tənqidçilər isə AES üçün ərazinin düzgün seçilmədiyini bildirirlər. Onların fikrincə, əvvəla, Bakıətrafı ərazilər seysmik aktiv zona sayılır, burada AES tikmək olmaz, ikincisi isə Azərbaycanda atom stansiyasına, nüvə reaktivlərinə texniki xidmət göstərə biləcək kifayət qədər mütəxəssis yoxdur.