YEMƏK YEYƏRKƏN danışaq, yoxsa DANIŞMAYAQ?

Diyetoloq Leyla Zülfüqarova: “İnsan yeməkdə ona görə danışmamalıdır ki, yediyindən zövq ala bilsin”

Britaniya mətbuatı yazır ki, yeməyi tez-tez yemək artıq çəki və xəstəliklərə səbəb olur. “The Independent” yazır ki, yeməyi tələsmədən yavaş-yavaş yeyənlər piylənməyə daha az məruz qalır və metabolik sindroma tutulma riski ilə daha az üzləşirlər. Yeni elmi-tədqiqatın nəticələrinə görə yeməyi tələm-tələsik yemək qandakı şəkərin miqdarında dəyişkənlik yaradır ki, bu da orqanizmdə insulinə müqavimətin yaranmasına səbəb ola bilər.

Metabolik sindrom - insanın ürək xəstəlikləri, diabet və beyinə qan sızması kimi risklərini artıran pozuntuların məcmusu kimi başa düşülür. Bu hal qarın piylənməsi, qanda şəkərin yüksəkliyi, yüksək qan təzyiqi, triqliseridlərin yüksəkliyi kimi pozuntularla müşayiət olunur.

2017-ci ildə Amerika Ürək Assosiasiyasının Elmi Sessiyasına təqdim olunmuş hesabatda deyilir ki, yeməyi tələsmədən, yavaş-yavaş yemək sağlamlıq və gümrahlığın açarıdır. Yaponiyadakı Hiroşima Universitetinin tədqiqatçılar qrupu orta yaşları 51,2 olan 642 kişi və 441 qadını müayinə ediblər. Onlardan heç birinin 2008-ci ildə metabolik sindromu yox idi. İştirakçıları qidalanmalarının sürətinə görə yavaş, normal, sürətlə yeyənlərdən ibarət üç qrupa  bölmüşdülər. Bundan beş il sonra iştirakçılar təkrar müayinə olunmuşdular. Alimlər aşkar etmişdilər ki, yeməyi tələsik yeyənlər metabolik sindromla üzləşmək şansı (11, 6 faiz) ən çox olanlardır.Normal sürətlə yeyənlərdə isə bu göstərici 6, 5 faiz idi.

Lakin metabolik sindrom riski ən az olanlar yeməyi yavaş yeyənlər idi (2, 3 faiz). Elmi araşdırmalar bunu da göstərib ki, yeməyi sürətlə yeyənlərdə artıq çəki, bel-qarın nahiyəsinin piylənməsi və qandakı şəkərin normadan artıqlığı kimi hallar daha tez-tez müşahidə olunur. Məqalədə deyilir ki, yeməyi yavaş yemək və ağızdakı qidanı şüurlu şəkildə yavaş-yavaş çeynəmək beyinə toxluq siqnalının daha tez çatmasına səbəb olur. Bu zaman yeməyi erkən başa vurmaq kimi vərdiş yaranır.

Qeyd edək ki, Avropada insanlar yemək masası arxasında yemək yeyə-yeyə söhbət edir, iş müzakirəsi aparır, hətta evlilik təklifi edirlər. İnsan yemək masası arxasında danışarkən istər istəməz yeməyi yavaş-yavaş yeməyə başlayır. Ancaq Azərbaycanda valideynlər hələ körpəlikdən uşağa öyrədirlər ki, yemək yeyərkən danışmaq olmaz. Nəyə görə yemək yeyərkən danışmaq olmaz? Bunun hansısa bir səbəbi varmı?

Image result for Leyla Zülfüqarova

Diyetoloq Leyla Zülfüqarova bildirdi ki, əslində danışmadan və aramla yemək lazımdır: “Bizim beynimizdə aclıq hissini idarə edən bir mərkəz var. Bu mərkəzə impulslar gedir. Orqanizm fizioloji olaraq doyma siqnalını beynimizə ötürür. Biz də tələsik yediyimizə görə bu siqnalı ala bilmirik. Ona görə də tələsərək yemək çox yeməyə səbəb olur. Siqnal beynimizə getmədiyinə görə doyduğumuzu bilmirik. Hətta bizdə belə bir atalar sözü var ki, qarnın doyub, amma gözün doymur. Mən hər zaman deyirəm ki, süfrədən doymadan ayrılmaq lazımdır. Bəlkə də 20 dəqiqə sonra siqnal gələcək ki, sən doymusan. Bu zaman yediyiniz son tikəniz artıq ola bilər. İnsanlar tələsmədən yeyəndə daha tez doyurlar. Tələsərək yeyən adamın porsiyasına baxsaq görərik ki, o daha böyük porsiya götürür. Yavaş yeyən adam isə porsiyanı az götürür. Yemək zamanı danışmaq nəyə görə həm olar, həm olmaz deyim. Ümumiyyətlə vaxt itirmək üçün aramla yemək lazımdır. Ona görə də bəlkə insan danışanda düşünür ki, bu baş verəcək. İnsan yeməkdə ona görə danışmamalıdır ki, yediyindən zövq ala bilsin, nə yediyini bilsin və fikrini tam yeməyə verməlidir. Çünki ağzımızda dad bilmə hüceyrələri də var. İnsan bəzən danışanda fikri söhbətdə qalır və tələsik yeyir. Buna görə də danışmadan aramla yemək lazımdır. Qidanı mütləq çox çeynəmək lazımdır. İnsan bir tikəni heç olmasa 13 saniyə çeynəməlidir. Doymanıza dair siqnal beyninizə gec gedəndə və insan çox yeyəndə o son tikə gec həzm olunur və çürüməyə səbəb olur. Bu zaman da qıcqırma, gəyirmə kimi hallar baş verir. Yəni yemək zamanında on iki barmaq bağırsağa ötürülməsə, mədədə çox qalarsa və bir birini sevməyən inqridentlər bir araya düşərsə çürümə gedir. Çürümə zamanı isə karbon oksid, yəni qaz əmələ gəlir. İnsan orqanizmində arzu olunmayan qazlar ortaya çıxır ki, bunun da nəticəsində insanda çöp əmələ gəlir, gəyirir və digər xoşagəlməz hadisələr baş verir. Diqqət etsək görərik ki, çöp daha çox tələsərək yeyən insanlarda olur”.






Fikirlər