Elmar Vəliyev köçkünlərə söz verdi - VİDEO+YENİLƏNİB
"AzerTaym.az" xəbər verir ki, AzVision.az-ın məlumatına görə, Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədov da görüşdə iştirak edib. Görüşdə şəhər və rayon rəsmilərinin, hüquq-mühafizə orqanlarının, icra strukturlarının rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev abadlıq-quruculuq işlərinə dair həyata keçirilən layihələr çərçivəsində burada baş verən məlum hadisələrə aydınlıq gətirib, qəsəbədə görüləcək işlər barədə geniş məlumat verib. Qeyd edib ki, yalnız Kəlbəcər köçkünlərinin deyil, respublikamızın müxtəlif bölgələrindən gəlmiş insanların məskunlaşdığı, 516 hektar sahəni əhatə edən ərazidə hər bir ailənin, hər bir vətəndaşın rahat və firavan yaşaması üçün böyük abadlıq, quruculuq işlərinə başlanıb. Burada ilkin olaraq, su-kanalizasiya, işıq-qaz, su problemləri, küçə və yolların qaydaya salınması, asfaltlanması işləri həll olunacaq. Tikilən yaşayış evləri sənədləşdiriləcək, küçələrə adlar veriləcək, vacib sosial obyektlər tikiləcək. O, qeyd etdi ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev əhalinin bütün təbəqələrinə, o cümlədən qaçqın və köçkünlərə xüsusi diqqət, qayğı göstərir, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Gəncədə 1500 nəfərlik qaçqın və köçkün qəsəbəsinin salınması, burada müasir tipli yaşayış binalarının istifadəyə verilməsi, həmin qəsəbədə mühüm sosial obyektlərin tikilməsi ölkə başçısının bu qayğısının bariz nümunəsidir. Bu yaxınlarda daha belə bir qəsəbə istifadəyə veriləcək.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbirdə iştirak edən bütün vətəndaşları təmkinlə, səmimiyyətlə dinləyib, onların müraciətlərini yerindəcə həll edib, müvafiq təşkilatlara göstəriş və tapşırıqlarını verib.
Vətəndaşlar onlara diqqət və qayğı göstərildiyinə, arzu və istəklərinə əməl olunduğuna görə ölkə Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev KİV nümayəndələrinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
****
12:22
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədov hazırda Kəlbəcər sakinləri ilə görüş keçirirlər.
AzVision.az-a bu barədə YAP-ın Gəncə Şəhər təşkilatının sədri Naqif Həmzəyev məlumat verib.
Onun sözlərinə görə, görüşdə bir neçə gün öncə Gəncədə narazılığa səbəb olmuş məsələlər müzakirə edilir. Görüşün nəticələri barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan Gəncənin Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Görüşdən fotoları təqdim edirik: