Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (FSNX) fermerlərə xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığı (Halyomorpha halys Stal) ilə əlaqədar bağlı xəbərdarlıq edib.
AzerTaym-ın məlumatına görə, qurumun yaydığı açıqlamada deyilir ki, mərmər bağacığının müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçidə (Rusiya) müşahidə olunub.
Az sonra zərərvericinin Gürcüstanın müxtəlif ərazilərində (Abxaziya və s.) fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub.
2016-cı ildə aparılmış müşahidələr zamanı bu zərərvericilərin Rusiyanin Qara dəniz sahillərində və Abxaziyada meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Süxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib.
Zərərli növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnamdır. İlk dəfə 1996-cı ildə ABŞ-ın bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı saldığı üçün xüsusi təhlükəli zərərverici elan olunub.
DFNX adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edib. Bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçiblər və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlayıblar.
Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dovrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.
Qeyd edək ki, mərmər bağacığı yarimsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Yaşlı fərdlərin rəngi qəhvəyidir. Bel və baş nahiyyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür ki, adlandırmada bu əlamət nəzərə alınıb. Bədənin aşağı hissəsi ağımtıl və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yığcam formada 12-17 mm təşkil edir.
Yetkin fərdləri aprel ayının əvvəllərindən etibarən qışlama yerindən çıxır və qidalanma üçün qida mənbəyi axtarır. Qidalanma dövrü 1-2 həftə davam edir. Dişi fərd yarpaqların alt hissəsində 1,3-1,6 mm ölcüdə 20-30 ədəd yumurta qoyur. Yumurtalar ağ kürə şəklində olur. Əlverişli şəraitində üç nəsil vermə qabiliyyətinə malikdir. I nəsil, əsasən may-iyun, II nəsil iyun-avqust və III nəsil isə avqust-oktyabr aylarında inkişaf edir.
Çoxillik təçrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu ən səmərəli mübarizə tədbirləri sayılır.
Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidirlər. Karate Zeon (lyambda siqalotrin) – 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün davam edir.
Talstar (bifentrin) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidirlər.
Fikirlər