İcra başçısı Bakıda məcburi köçkünlərlə görüşdü
Bakı şəhərində Nərimanov rayonunda keçirilən görüşdə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış məcburi köçkünlər iştirak edib.
Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. Alı Alıyev Həmrəylik gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.
İcra başçısı bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Füzulidə dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.
Görüşdə rayon sakinlərinin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məslələrin həlli mümkün olanları icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb aiddiyati üzrə göndərilib.
Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildirib, ən böyük arzularının isə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd ediblər.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Görüş çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına və imtiyazlı ailələrə bayram sovqatı paylanıb.
Qeyd edək ki, hazırda Füzuli rayonundan olan 35 min nəfərə yaxın məcburi köçkün Bakı şəhərində məskunlaşıb yaşayır.
Modern.az