“Hər hansı güc xalqın iradəsinə qalib GƏLƏ BİLMƏZ” - Fuad Muradov

“Hər hansı güc xalqın iradəsinə qalib gələ bilməz”

“Azərbaycan gəncliyi dünya səviyyəsində bütün sahələrdə öz sözünü deyir və çətin məqamlarda mübarizliyini göstərir”.

  Bunu Trend-ə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradovun sözlərinə görə, İlham Əliyevin Prezident olduğu dövrdə Azərbaycanda elə bir sahə olmayıb ki, orada ciddi islahatlar, inkişaf müşahidə olunmasın:

İstər iqtisadiyyat, sosial, mədəniyyət, idman sahələrində, istərsə də xarici siyasətdə bunu hər kəs görür. Bu inkişaf yalnız Azərbaycanın daxilində deyil, ölkə hüdudlarından kənarda da qəbul edilir. Ancaq Azərbaycanın müstəqilliyini, dövlətimizin inkişafını istəməyən bəzi qüvvələr açıq və gizli şəkildə bizə qarşı məkrli siyasət həyata keçirirlər. O qüvvələr yaxşı anlayır ki, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq. Buna görə də ölkəmizin inkişafına qısqanclıqla yanaşırlar. Ancaq o qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı hər zaman cənab Prezident İlham Əliyevin ətrafındadır. Ona görə də hər hansı güc xalqın iradəsinə qalib gələ bilməz”.

Gənclər siyasətindən danışan deputat bildirib ki, bütün sahələrdə olduğu kimi, gənclər siyasəti ilə bağlı da məhz Prezidentin şəxsi diqqəti nəticəsində mühüm işlər həyata keçirilir:

Cənab Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısı göz önündədir. Və birmənalı şəkildə deyim ki, Azərbaycan dövlətçiliyinin tarixində Prezident İlham Əliyevin dövründəki gənclər qədər öz dövlətinə, millətinə, xalqına bağlı gənc nəsil olmayıb. Bu özünü müxtəlif sahələrdə sübut edib”.

2016-ci ilin aprel hadisələrini xatırladan komitə sədri deyib ki, həmin vaxt yalnız Azərbaycan daxilində deyil, hətta xaricdə təhsil alan azərbaycanlı tələbələr, gənclər, eyni zamanda, ölkəmizdə orta məktəb şagirdləri belə, cəbhə xəttinə getmək istədiklərini bildirirdilər:

Bu, artıq Azərbaycan gəncliyinin yüksək səviyyədə formalaşdığının göstəricisi, cənab Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının nəticəsidir. Bu gün məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti o şəkildə həyata keçirilir ki, Azərbaycan gəncliyi dünya səviyyəsində bütün sahələrdə öz sözünü deyir və çətin məqamlarda mübarizliyini göstərir. Mən əminəm ki, Prezident İlham Əliyevin siyasətinin nəticəsi olaraq bundan sonra da gənclər öz xalqına, millətinə, dövlətçiliyinə bağlı olaraq yetişəcək. Gənclik məhz İlham Əliyevin liderliyi ilə daha da güclənəcək və yaxın gələcəkdə daha da inkişaf etmiş Azərbaycanı görəcəyik. Təbii ki, bu görülən işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da böyük əməyi var. Mehriban Əliyeva bütün gücü ilə qarşıya qoyulan hədəflərə çatmaq üçün Prezidentimizin yanındadır. Bunu bütün Azərbaycan, bütün Azərbaycan gəncliyi yüksək dəyərləndirir. Mən gənclərə çağırış edirəm: bəli, onlar doğru yoldadırlar və onların liderləri cənab İlham Əliyev daima onlara doğru yol göstərir. Bu yol ulu öndər Heydər Əliyev yoludur. Bu yol firavan Azərbaycan yoludur”.

F.Muradov əminliklə bildirib ki, Azərbaycan gəncləri bu günə qədər olduğu kimi, bundan sonra da Prezident İlham Əliyevin ətrafında olacaqlar: “Çünki gənclər artıq yaxşı başa düşürlər ki, onların gələcəyi, inkişafı, dünya səviyyəsinə çıxa bilmələri məhz İlham Əliyev kimi liderin sayəsində mümkündür”.

"AzerTaym.az"






Fikirlər