Federasiya RƏHBƏRİ bıçaqlanan idmançıdan DANIŞDI “Onu XARİC ETMİŞİK”
Ağcabədi rayonunda idmançı Ceyhun Niyazovun bıçaqlanması barədə məlumat vermişdik. Femida.az KEMPO federasiyasının rəsmi internet səhifəsinə istinadla həmin idmançının federasiya əməkdaşı olması barədə məlumat yaymışdı. Bıçaqlanan idmançı ilə bağlı KEMPO federasiyasının rəhbəri, tanınmış idmançı Rauf İbrahimov onların belə bir əməkdaşının olmadığını açıqlayıb: “Ceyhun Niyazovun bizim federasiya ilə heç bir əlaqəsi yoxdur. O, KEMPO idman növündə heç bir nəticə qazanmayıb. Bir müddət bizim federasiyada məşq edib. Amma o, federasiyaya qarşı məsuliyyətsiz yanaşdığına görə Ağcabədi rayon idman idarəsinə müraciət etmişdim. Buna görə onu federasiyadan xaric etmişik. Ceyhun Niyazov yalnız Evroasiya çempionu olub. O, əvvəllər mənə müraciət etdi ki, KEMPO idman növü üzrə rayonda filial açmağa ona kömək edim. Mən də kömək etmişdim. Dediyim kimi, məsuliyyətsizliyinə görə uzun müddət öncə federasiya ilə əməkdaşlıqdan uzaqlaşdırılıb”. Xatırladaq ki, idmançı Ceyhun Niyazov ona məxsus çay evində bıçaqlanıb.