Lider TV-də yayımlanan "Status” verilişinin Azərbaycanda kinoteatrlara həsr olunan buraxılışında kinoteatrların iş prinsiplərinin pərdəarxası məqamları açılıb.
BakuPost xəbər verir ki, verilişdə qonaq olan "Xoxan”, "Naxox” filmlərinin prodüseri Orxan Mərdan deyib ki, "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” kinoteatrlar şəbəkəsi arasında "soyuq müharibə” hökm sürür. Onun sözlərinə görə, 2 şəbəkə arasındakı soyuq münasibət film istehsalına böyük zərbə vurur:
"Kinoteatrlar arasında dava, hay-küy "Xoxan” filmi ilə başladı. Kinoteatrlar arasında çoxlu pul qazanmaq həsirliyi yarandı. 90-cı illərdən bu günə qədər Azərbaycan kinosundan küsmüş tamaşaçını son 3 ildə kinoteatrlara gətirə bildik. İlham Qasımov, mən, İlkin Həsəni və indi adlarını saya bilməyəcəyim qədər bu işə can yandıran insanlar bunu etdi. Sonra Azərbaycan və türk filmlərinin satışı, izlənməsi kütləviləşdi və kinoteatrların maddi qazancı artdı. Kinoteatrlarımız Hollywood filmlərindən bu qədər pul qazanmayıblar. Keçən ilə kimi 150 min tamaşaçı tərəfindən izlənmə potensialı olan filmlərin izlənmə rəqəmləri bu gün kinoteatrlarımız arasındakı mənim anlam verə bilməyəcəyim və ya vermək istəmədiyim rəqabət nəticəsində 50-60 minə enib. "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” kinoteatrlar şəbəkəsi arasında dava var və bu dava nəticəsində biz filmimizi yalnız onlardan birində nümayiş etdirə bilirik”.
"ParkCinema” kinoteatrlar şəbəkəsinin satış və marketinq direktoru Musa Axundov isə bildirib ki, bu şərtlər onlar tərəfindən deyil, "CinemaPlus” kinoteatrlar şəbəkəsi tərəfindən irəli sürülür.
Rejissor İlham Qasımov əlavə edib ki, bu şərtlər və rəqabət təbiidir: "Lakin kinoteatlar istədikləri şərtləri və qiymətləri qoysalar, təzə yaranmaqda olan kino biznesi çökəcək. Kinoteatrlara müəyyən nəzarət olmalıdır”.