Mirşahin Ağayevin qardaşına HÖKM oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb. İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib. Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.