Seçkidən sonra əksər İCRA BAŞÇILARI vəzifədən ÇIXARILA BİLƏR
Prezident Administrasiyasının şöbə müdiri daha çox şikayət gələn rayonlarla bağlı maraqlı siyahı açıqladı 2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalıb. Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən deyib. S.İsmayılov bildirib ki, daxil olan müraciətlərin ümumi sayı Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Ağsu, Astara, Biləsuvar, Binəqədi, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İmişli, İsmayıllı, Kürdəmir, Qaradağ, Qazax, Qəbələ, Qobustan, Qusar, Lerik, Masallı, Nərimanov, Nəsimi, Nizami (Bakı), Samux, Səbayel, Siyəzən, Suraxanı, Şabran, Şuşa, Tərtər, Zərdab, digər şəhər və rayonlarda daha çox azalıb. 2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb. Vətəndaş müraciətlərinin təhlilində əsas göstəricilərdən biri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayıdır. Bu baxımdan 2017-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda bu göstərici yüksək olub.
Müraciətlərin növlər üzrə təhlili göstərir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir. Ərizələr əsasən sosial müdafiə məsələləri, o cümlədən müvafiq əlillik dərəcələrinin, ünvanlı sosial yardımların, əlil arabalarının verilməsi, habelə xaricdə və respublikada müalicəyə kömək göstərilməsi, təhsil haqqının və kreditlərin ödənilməsində güzəşt edilməsi, ixtisara düşmüş işçilərin işlə təmin olunması, mənzillə təmin olunma, sığorta və ipoteka kreditlərinin verilməsi və s. məsələlər barədədir. S.İsmayılov həmçinin məlumat verib ki, şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti barədə müraciətlər Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, İmişli, Qazax, Laçın, Sabunçu, Şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala və digər rayonlarda artıb. Qeyd edək ki, 11 aprel prezident seçkisindən sonra ölkədə kadr dəyişiklikləri və islahatların yeni mərhələsinin həyata keçirilməsinə başlanacağı barədə məlumatlar bu yaxınlarda yayılmışdı. Prezident Administrasiyası rəsmisininrayonlardan müraciət və şikayətlərlə bağlı verdiyi açıqlamalar, açıqladığı siyahı hansı rayonların icra başçılarının dəyişdiriləcəyi barədə ilkin proqnoz vermək üçün əsas sayıla bilər. Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət ayırdığını da nəzərə alsaq, istisna deyil ki, seçkidən sonra rayon icra başçılarının işinə qiymət veriləcək. Qiymətləndirilmədə il ərazində hansı rayonlardan daha çox şikayət və müraciətlərin olması faktının da əsas götürüləcəyi ehtimalı böyükdür. Bu isə o deməkdir ki, Süleyman İsmayılovun açıqladığı siyahıda şikayət və müraciətlərin sayının çoxaldığı rayonların icra başçıları seçkidən sonrakı kadr dəyişiklikləri zamanı vəzifələrindən götürülə bilərlər. (“Yeni Müsavat”)