AZƏRBAYCANDA niyə İSTEFA MƏDƏNİYYƏTİ yoxdur...

Rusiyada 64 nəfərin ölümü ilə nəticələnmiş yanğından sonra Kemerovo vilayətinin qubernatoru könüllü istefa verdi.

Aman Tuleyev dövlət başçısı Vladimir Putinə göndərdiyi istefa ərizəsinin ardından yaydığı videomüraciətdə qərarı özü üçün doğru, məntiqli, yeganə düzgün addım hesab etdiyini bildirib.  O, “belə bir ağır yüklə qubernator postunda qalmaq olmaz, mənəvi olaraq mümkün deyil”, deyə vurğulayıb.

Qonşu ölkənin rəhbər vəzifədə əyləşənlərinin sərigələdiyi bu nümunəni görəndə istər-istəməz “bizdə niyə istefa mədəniyyəti formalaşmayıb” sualına cavab axtarırsan. Yəni bizdə bu tip hadisələr olmur? Bəlkə 2015-ci ildə Binəqədi rayonu ərazisindəki çoxmərtəbəli binadakı yanğın zamanı ölən 15 nəfər, yaralanan 65 nəfər bizdən deyildi?... 

Yoxsa Xətai rayonundakı digər çoxmərtəbəli binadakı yanğın Azərbaycanda olmayıb? 
Ya da narkotik asılılığından qurtulmaq üçün Respublika Narkoloji Mərkəzinə sığınarkən yanaraq külə dönən və hələ qırxı çıxmayan 30-dək insan da bizdən deyildi?... Məgər Xəzəri özünə qəbir edən neftçilər qeybdən gəlmişdilər?..
Siyahını nə qədər desəniz uzadarıq, amma bu hadisələrə görə istefa verən bir nəfər vəzifəli şəxsə rast gələ bilmərik. Çünki bizdə bu tip hadisələrin günahkarı ya “JEK” müdiri, ya da müavinləri olur.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Moden.az-a deyib ki, yaxın keçmişdə Azərbaycanda könüllü istefa verənlər olub:

1993-cü ildə hərbi qiyamdan sonra kütləvi istefaların şahidi olmuşduq. Çünki hakimiyyət bu qiyamın qarşısını ala bilməmişdi. Vaxtilə Vəfa Quluzadə, Tofiq Zülfüqarov, Eldar namazov könüllü olaraq istefa veriblər. Sizinlə tam razıyam və təəsüf edirəm ki, istefa mədəniyyəti Azərbaycanda geniş yayılmayıb. Bunun da bir sıra səbəbləri var. Bu həm ənənələr, həm də dövlətçilik tarixilə bağlı məsələdir. 1918-1920-ci illərdə bizim qısamüddətli dövlətçilik tariximiz olmuşdu. O zaman istefa mədəniyyəti açıq şəkildə görünürdü. Cümhuriyyət dövründə hökumət bir neçə dəfə istefa vermiş, yenidən təşkil olunmuşdu. Bolşeviklər Azərbaycanı zəbt edəndən sonra ölkədə tamam yeni qaydalar tətbiq olundu. Kommunistlərin dövründə Azərbaycanda o ideologiya formalaşdı ki, kimsə tutduğu vəzifədən istefa verə bilməz. Yəni bu, mümkün deyildi. İstefanın verilməsi birbaşa həmin şəxslərin həbsinə gətirib çıxarırdı. Mərhum Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının sədrliyindən istefa verməsindən sonra ona qarşı təzyiqlər artdı. Yəni rejim istefa verilməsi zamanı təhlükəsizliyi təmin etmirdi. Müstəqillik dövründə də kiçik fraqmentlər şəklində istefaların şahidi olduq”.

 


Hüquqşünasın sözlərinə görə, hazırda Azərbaycanda bəziləri təyin edildiyi vəzifənin ömürlərinin sonuna qədər sahibi olduğunu düşünür:
Şəxs vəzifəyə təyin olunduğu kimi, azad da edilə bilər. Yəni bu, onun iradəsindən asılı məsələ deyil. Təəssüf ki, bəziləri vəzifəyə mülkiyyət, onun sahibi kimi baxırlar. Ona görə də vəzifədən gedəndən sonra ağır vəziyyətə düşürlər, səhhətləri kəskin pisləşir. Elə düşünürlər ki, vəzifədən çıxarılıblarsa, atılmış insanlardırlar. Bu səbəbdən də vəzifədən möhkəm yapışmağa çalışırlar. Bu, idarəçilik mədəniyyətidir. Vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən insanlar var, hətta onlar belə müxtəlif yollarla vəzifədə qalmağa çalışırlar. Və buna nail də olurlar. Ümid edək ki, bu proses Azərbaycanda da geniş vüsət alacaq. Öz işinin öhdəsindən gələ bilməyən, yaxud xəstəliklə bağlı məmurlar istefa verəcək. Bir məsələ də var. Bizdə şəxs vəzifədən gedəndən sonra ictimaiyyətdə ona “vurulmuş” adam kimi baxılır. Bu yanaşmalar dəyişməlidir. Qəribədir ki, bəzi hallarda “vurulan” şəxslər tez bir zamanda müxalifət cəbhəsinə keçirlər, dövlətçilik əleyhinə hədyanlar yağdırmağa başalyırlar. Amma istənilən halda istefa bir mədəniyyətdir və biz bunun Azərbaycan modelinin inkişaf etdirilməsinə nail olmalıyıq”.






Fikirlər