“AZƏRBAYCANDAKI SEÇKİ TEXNOLOGİYASI ƏKSƏR ÖLKƏLƏRDƏ yoxdur”
“Azərbaycanda seçki prosesi dünyada nümunə ola biləcək səviyyədə keçirilir”. “AzerTaym.az” xəbər verir ki, bunu sechki-2018.az saytına açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib. Aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edən E.İbrahimov deyib: “Azərbaycanda seçki administrasiyası peşəkar kadrlardan formalaşıb. Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq prosesini qanun çərçivəsində həyata keçirir. Seçki bülletenləri hazırlanır, prezidentliyə namizədlərə təbliğat aparmaları üçün bərabər şərait yaradılır, ödənişsiz debatlar təşkil olunur, namizədlər öz platformalarını sərbəst şəkildə ictimaiyyətə açıqlayırlar. Seçkiöncəsi mühit demokratik prinsiplərə və qanunvericiliyə uyğundur”.Azərbaycanın yüksək seçki ənənəsinin dünyanın əksər ölkəsində olmadığını vurğulayan Milli Məclisin deputatı seçki məntəqələrində quraşdırılan veb-kameralara diqqət çəkib. “Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması demokratik seçkilərin keçirilməsi istiqamətində böyük bir addımdır. Çünki dünyanın istənilən yerindən internet vasitəsilə Azərbaycandakı seçkiləri izləmək imkanı var. Bununla yanaşı, seçki məntəqələrində yaradılan şərait, seçicilərin səsvermə hüququndan istifadəsinin təmin olunması istiqamətində atılan addımlar demokratik seçki mühitinin göstəricilərindəndir. Mən ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü kimi bir çox ölkədə keçirilən seçkiləri müşahidə etmişəm. Deyə bilərəm ki, Azərbaycanda tətbiq olunan seçki texnologiyası dünyanın əksər ölkəsində yoxdur”.