“24 aprelə hazır olmalıyıq”

“24 aprelə hazır olmalıyıq”“ASALA-nın hədəsi təbliğata hesablanıb, amma...”

Sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında ASALA terror təşkilatının Azərbaycana yönəlik təhdidini dəyərləndirib.
İ.İsmayılın qənaətincə, Türkiyədə 24 aprel tarixində Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edən ölkələri terrorla hədələyən ASALA-nın məlum təhdidi sadəcə şou və təbliğata xidmət edir. Lakin bununla belə, ekspert istənilən halda bu kimi hallara qarşı hazıqlıqlı olmağın zəruriliyinə də diqqət çəkdi:
“Aprelin 24-nə hələ sovet hakimiyyəti dövründə, mən işlədiyim zamanlarda da xüsusi hazırlıq görülürdü. Müəyyən ahzırlıq işləri həyata keçirirdik. Erməni millətçilərini nəzarətdə saxlayırdıq. Ümumiyyətlə, bütün proses nəzarətdə olurdu. Yəni 24 aprel tarixi ilə bağlı hər zaman bir gərginlik hiss olunurdu. Bu gərginlik səbəbi ilə də ayaqda duruduq. Hesab edirəm ki, ASALA-nın açıq hədəsi təbliğata hesablanıb. Azərbaycan dövlət rəhbərliyi də təbii ki, bu hədəyə görə Türkiyəyə səfərini təxirə salmayacaq”.

İ.İsmayılın sözlərinə görə, ermənilərin Azərbaycanda terror təkil etməsi üçün hansısa erməninin bura gəlməsinə ehtiyac yoxdur və bu, digər millətlərin nümayəndələrinin əli ilə də həyata keçirilə bilər:
“ASALA-nın Azərbaycandakı gücü və imkanlarına gəlincə, qeyd etmək lazımdır ki, hansısa terroru təşkil etmək üçün Yerevandan hər hansı bir erməni Azərbaycana gəlmir. Terroru həyata keçirməyin min yolu var. Bunu başqa millətlərin əli ilə də edə bilərlər. Bura dəstə formasında başqa ölkənin vətəndaşları da gəlib çıxa bilərlər. Onlar hansısa yolla partlayıcı qurğu əldə edə və nəsə törədə bilərlər. Böyük ehtimalla deyə bilərik ki, ASALA-nın Azərbaycanda terror həyata keçirmək imkanı aşağı səviyyədədir. Lakin istənilən halda biz bu cür hallara hazır olmalıyıq”.

Ekspertin qənaətincə, eyniylə sovet dönəmində olduğu kimi bu gün də, 24 aprellə bağlı müəyyən hazırlığın həyata keçirilməsi faydalı olardı:
“Bir daha qeyd edirəm ki, sovet dönəmində də 24 aprel tarixinə əvvəlcədən hazırlıq görülürdü. Ehtiyat edilirdi ki, nəsə ola bilər. O zaman buna hazır olurduq. Hesab edirəm ki, indi də buna hazır olmaq lazımdır. Terror açıq şəkildə elan olunmur. Buna görə deyirəm ki, ASALA-nın məlum təhdidi hədədən başqa bir şey deyil və sadəcə təbliğata xidmət edir. Başqa heç nə yoxdur. Amma biz yenə də daim ayıq-sayıq olmalıyıq”.






Fikirlər