Aqiyə Naxçıvanlı: "Bu oyunlar Azərbaycana uğur gətirəcək"
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı bildirib.
Onun sözlərinə görə, hər bir vətəndaş “Bakı-2015” -i səbirsizliklər gözləyir: "Mən məşəlin rayonlarda necə qarşılanmasını müşahidə edirəm. İnsanlar çox sevinirlər. Azərbaycan müstəqillik tarixində Avropa Oyunlarının xüsusi yeri olacaq. Xaricdəki bəzi dairələr, xüsusilə də ermənilər ölkəmizin uğurlarına qısqanclıqla yanaşır. “Bakı-2015”ə qarşı çağırışlar edənlər xaricdəki antiazərbaycan mərkəzlərin sifarişini yerinə yetirir. Məqsəd günü-gündən inkişaf edən, qüdrətlənən Azərbaycan dövlətinin uğurlarına sevinməmək, kölgə salmaqdır".
Millət vəkili bildirib ki, Azərbaycana qarşı siyasi təzyiq göstərməyə çalışanların arzuları ürəklərində qalacaq: "Bu cür çağırışlar əsassızdır. Avropa Oyunlarından sonra dünyada Azərbaycanla bağlı təsəvvürlər müsbət mənada dəyişəcək. Biz təkcə idmana olan hazırlığımızı deyil, mədəniyyətimizi dünyaya nümayiş etdirəcəyik. Oyunlar ölkədə idmanın səviyyəsini daha da qaldıracaq".