“”AZƏRENERJİ”də böyük təsərrüfatsızlıq olub” olub”

Ziyəddin Quliyevi media nümayəndələri ilə görüşü

ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev: “Ötən ilin iyulundakı qəzanın nəticələri aradan qaldırılır”

Bahəddin Həziyev: “Nə üçün günahkarlar layiq olduğu cəzanı almadı?”

Bu gün “Azərenerji” ASC-nin rəhbırliyi ilə ölkənin bir sıra kütləvi informasiya vasitələri rəhbərlərinin görüşü olub. ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev qurumun gördüyü işlər haqqında geniş danışıb. Azərbaycanın enerji idxal edın ölkədən enerji ixrac edən ölkəyə çevrildiyini deyib. Onun məlumatına görə, Azərbaycan artıq neçə ildir ki, Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir, bu ilin may ayının 1-dən isə ASC Yunanıstana, Rumıniyaya və Macarstana da elektrik enerjisi satmağa başlayıb. Növbəti aylar ərzində Avstiyaya və İtaliyaya da elektrik enerjisinin ixracına başlamaq planlaşdırılıb. Onun sözlərinə görə, Azərabaycan həmçinin Rusiyadan İrana və Gürcüstana elektrik enerjisi tranzit ötürülməsini təmin edir.

Ziyəddin Quliyev 2018-ci il iyulun 3-də Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəzaya və bütün ölkə boyu enerji sisteminin çökməsi hadisəsinə də toxunaraq deyib ki, bu qəza iki istismar və bir ötürmə qurğusunda baş vermişdi: “Nəticələr aradan qaldırılır. Bütün stansiya tamamilə yenidən qurulur. Ən müasir avadanlıqlarla təchiz olunur. Gələn ilin yazında Prezident İlham Əliyev yenidən qurulmuş bu stansiyanın açılışına gedəcək”.

Trend İnformasiya Agentliyinin baş director müavini Arzu Nağıyevin: “Bu hadisə təxribat idimi?” sualına Ziyəddin Quliyev “Təxribat deyildi, sırf qəza idi” deyə cavab verib. Vitse-prezident əlavə edib ki, orda çox ciddi səhlənkarlıq və təsərrüfatsızlıq olub. Bundan başqa stansiyanın çox avadanlıq və qurğuları artıq istismar müddətini başa vurduğuna görə, belə bir hal yaranıb. Ziyəddin Quliyev ölkənin enerji sistemini real vaxt rejimində idarə etməyə imkan verən və hazırda dahələlik istifadə olunan rəqəmsal SCKADA sisteminin qüsurlu olduğunu, qəza zamanı sistemi qorumağa gücünün çatmadığını bildirib və deyib ki, hazırda Kanadanın bir şirkəti ilə anlaşma var və həmin şirkət bu sistemi yenidən qurur. Yeni system hazır olanda köhnəsindən imtina olunacaq. “Bu yeni sistemi quran şirkət nə dərəcədə etibarlı iş görəcək?” deyə verilən replikaya “Azərenerji”ASC Prezidentinin müşaviri Vüqar Əliyev: “Həmin şirkətin büdcəsi 80 milyard dollardır” deyə cavab verib.

“Bizim Yol” qəzetinin və bizimyol.info portalının baş redaktoru Bahəddin Həziyev bu məsələ ilə bağlı sual verib: “Hazırda istifadə olunan SCADA sisteminə 58 milyon ABŞ dolları məbləğində vəsait xərclənib. Bunun 47 milyon dollar Dünya Bankından alınmış, 3 milyon dollar Almaniyanın KfWbankının verdiyi kreditlərdir. Yəni Azərbaycan bu sistemə görə 50 milyon ABŞ dollar (indiki kursla 85 milyon manat) həcmində kredit borclanmasına gedib. 8 milyon ABŞ dollar və ya 13,6 milyon manat vəsaiti də özü ayırıb. Ancaq system ötən ilin iyulunda Azərbaycanın enerji sistemini qorumadı. 2012-ci ildən istifadəyə verilmiş bu sistem cəmi 7 ildir işləyir və real olaraq effekti yox demək. Dövlətin əsas hissəsini kredit kimi borc aldığı və bir hissəsini də özü xərclədiyi 58 milyon dollar havaya sovrulub. Bundan başqa qeyd olundu ki, “Azərenerji”ASC sistemində çox ciddi təsərrüfatsızlıq və səhlənkarlıq halları olub. Bir vətəndaş enerji sisteminə qanunsuz qoşulanda, dərhal cərimələnir, pulunu ödəməyən kimi elektrik enerjisi təchizatından ayrılır, işıqsız qalır. Bəs bu qədər dövlət vəsaitini havaya sovuran, bu qədər böyük miqyasda təsərrüfatsızlıq edərək ölkənin enerji təhlükəsizliyini faktik iflas etdirən məsul vəzifəli şəxslər hansı məsuliyyətə cəlb olunub? Niyə layiq olduqları cəzaları almayıblar? Niyə ən yaxşı halda işdən kənarlaşdırma ilə canlarını qurtara biliblər?”

“Azərenerji” ASC Prezidentinin müşaviri Vüqar Əliyev bu suala standart formada cavab verdi: “Cənab Prezidentin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb, Komissiya araşdırır, cinayət işi ilə bağlı istintaq gedir.”
Görüşdə media orqanları rəhbərləri “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin fəaliyyəti ilə bağlı bir sıra başqa məsələləri də qaldırıblar.






Fikirlər