İlham Əliyev: “Nefti, qazı yaddan çıxarın...”
"Azərbaycanın bugünkü inkişafı artıq enerji resurslarından yox, qeyri-neft sektorundan asılıdır".
"AzerTaym.az" ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə prezident İlham Əliyev dünən Siyəzən rayonunda yeni turizm obyektinin açılışındakı nitqində bildirib. İ.Əliyev deyib ki, bu səbəbdən dövlət turizm, aqrar sənaye kompleksi kimi sferalara xüsusi diqqət göstərəcək.
“Biz nefti və qazı bir kənara qoymalı, ümumiyyətlə onları unutmalıyıq. Və gün gələcək ki, neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Ona görə ki, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişaf edir və daha da yüksək templərlə inkişaf etməlidir”-prezident dünya bazarlarında neftin kəskin ucuzlaşmasına toxunaraq bildirib.
Dövlət başçısı şəraitlə maraqlanır.
Dövlət başçısı turizmin inkişafında infrastrukturun mühüm əhəmiyyət kəsb etdiyini, ölkənin şəhərlərində Bakıdakı kimi müasir infrastrukturun yaradılmasının vacibliyini də qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabranda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılış mərasimində də iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub. Oteldəki “Mənzərə” restoranı, “Lavanda”, “Qala” və “Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmaları, həm də asudə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş imkanlar açır. Burada SPA xidmətləri də təqdim edilir. Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları fəaliyyət göstərir.
Kompleksdə yerləşən tibbi mərkəz müasir avadanlıqla təchiz edilib. Burada müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılıb. Mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var.
Kompleksin layihəsindən görüntü (FOTO)