“Rasim Əliyevin ölümü bizə təhdiddir - Jurnalistlər

“Rasim Əliyevin ölümü bizə təhdiddir - Jurnalistlər"Həmkarımızın ölümünü özümüz, gələcək fəaliyyətimiz üçün təhdid olaraq görürük, qatillərin tapılıb layiqli cəza almasını tələb və xahiş edirik!” İdman jurnalistləri Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: ""Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia olunan jurnalist Rasim Əliyevin ölüm xəbəri hamımızı sarsıtdı. Mərhum Rasim Əliyevin ölümündə günahkar qismində futbolçu və onun qohumlarının göstərilməsi isə idman jurnalistləri olaraq bizi daha çox əlaqədar edir. Jurnalistin ölümündə məsuliyyət daşıyanlar hələ tam müəyyənləşməsə də, həmkarımızın faciəsində günahkar qismində "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun adının hallanmasından təəssüf hissi keçirdiyimizi bildiririk”.

Bəyanat müəllifləri "Qəbələ" klubunun rəhbərliyindən Rasim Əliyevin ölümündə Cavid Hüseynovun rolunun olub-olmadığını dərindən araşdırılmasını, bu haqda mətbuata məlumat vermələrini xahiş edir.

"Jurnalistin fikir bildirmək, tənqid etmək haqqı var. Jurnalist fikir bildirdiyinə görə heç bir halda fiziki təzyiqə məruz qalmamalı, öldürülməməlidi! Bəli, Cavid Hüseynovu "Apollon"la oyunlardakı bayraq məsələsinə görə qəhrəmana çevirən mətbuat - bizim bəzi həmkarlarımız olmuşdu. Amma bu bəyanatın altında adı olan jurnalistlər bir daha bildirirlər ki, jurnalist Rasim Əliyevin ölümündə Cavid Hüseynovun və onun qohumlarının rolu varsa, cəzasını çəkməlidir”.

Bəyanatı F+ qəzetinin baş redaktoru Mahir Rüstəmli, Fanat.az saytının baş redaktoru Əli Sahib, Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev, İdmanxeber.com saytının baş redaktoru Səxavət Qurbanov, Futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudov, Komanda.az saytının baş redaktoru Rəşad Ergün və Korner.az saytının baş redaktoru Saleh Arslan imzalayıblar.

Avqustun 8-də döyülən jurnalist Rasim Əliyev bir gün sonra xəstəxanada vəfat edib.






Fikirlər