Tanınmış ekspertdən nazirliyə SƏRT SÖZLƏR: “Təhsili məzhəkəyə çeviriblər”

Tanınmış təhsil eksperti Etibar Əliyev Təhsil Nazirliyinin dünən Bakıda keçirilən Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi barədə sərt tənqidi fikirlər səsləndirib. 
 
Bakupost.az-ın məlumatına görə, özünün sosial şəbəkədəki səhifəsində tədbirə münasibət bildirən E.Əliyev nazirliyin təhsili məzhəkəyə çevirdiyini yazıb: "Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dedi ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı. Təhsil eksperti Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq professor, Əməkdar elm xadimi Şahlar Əsgərovu dəvət etmədilər. Gerizəkalılığa diqqət edin: ən azından fizika üzrə qalibləri (bürünc medal da olsa, olardı) fizika-riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 20-30 medalı təhsil dahisi Emin Əmrullayevin verməsindənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi”. 
 
Təhsil eksperti nazirliyin Aparat rəhbəri Muxtar Məmmədovu da tənqid edib: "Tədbir iştirakçıları fürsətdən istifadə edib nazirliyin Aparat rəhbəti Muxtar Məmmədovu da görmək şərəfinə nail oldular. Muxtar nazir müavini İdris İsayevin payına düşən medalları da verdi. Bütün bu məzhəkələrə baxmayaraq, qalibləri səmimi qəlbdən təbrik edirəm”.






Fikirlər