“İlk növbədə...” - Qış aylarında qaz PULSUZ VERİLƏCƏK?!

“İlk növbədə...” -

Xəbər verdiyimiz kimi Gürcüstanda dağlıq ərazi statusu alan kəndlərdə yaşayanlara 700 kub təbii qaz pulsuz veriləcək. Bu güzəşt dekabrın 1-dən mayın 15-dək müddəti əhatə edəcək. 

Bəs Azərbaycanda da belə bir layihə həyata keçirilə bilərmi?

"AzerTaym.az" bildirir ki,mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, Azərbaycan üçün hələ ki belə bir planlaşdırma yoxdur:

“Gürcüstandan fərqli olaraq, Azərbaycan karbohidrogen ehtiyyatlarına malik ölkədir. Amma biz əhaliyə limitlə qaz veririk. Hesab edirəm ki, bu məsələnin Azərbaycanda müzakirəsinin vaxtı çoxdan çatıb. Həm şəhər əhalisi, həm kənd əhalisi o qədər yüksək gəlirlərə malik deyil ki, biz bunlardan hansısa mənfəət güdək. Gürcüstan Azərbaycandan hansısa qiymətə qaz alır, öz əhalisinə güzəştli verir. Biz isə bu gün əhaliyə verilən təbii qazın demək olar ki, 90%-ni BP-nin bizə hədiyyə etdiyi səmt qazı hesabına ödəyirik. Əsrin müqaviləsində belə bir bənd var ki, əsrin müqaviləsi çərçivəsində hasil edilən neft yataqlarından çıxarılan səmt qazı Azərbaycana hədiyyə verilsin. Azərbaycan əhalisinin qaza olan tələbatı 3,2 milyard kub metrdir. BP də təxminən, 3 milyard kub metr qaz verir. Bu qaz hansısa emaldan keçmədən sadəcə iy vurularaq ( iy təhlükəsizlik üçün vurulur - red), əhaliyə verilir. Səmt qazları yataqlardan çıxarılan qazlardan fərqli olaraq, xüsusi qaz zənginləşdirmə zavodlarında  zənginləşdirilməlidir. Çünki yanıcı karbohidrogenlərin xüsusi çəkisi aşağı olur. Məsələn, norma 60-70% olmalıdırsa, bu qazlarda 40% olur. Başqa ölkələrdə zənginləşdirilərək, əhaliyə verilir, amma bizdə heç belə bir zavod yoxdur. Müşahidə edirsinizsə, hər il nə qədər insan dəm qazından boğulur. Bunların hamısı o zənginləşdirilmənin olmaması ilə bağlıdır. Dövlətin bu qazın hər min kub metrinə 18-20 manat pulu çıxırsa, əhaliyə limitlə 100, limitsiz 200 manata verilir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, belə bir layihənin həyata keçirilməsi üçün ilk növbədə dağlıq ərazilərin qazlaşdırılması işləri tam bitməlidir:

“Bu qərara iki tərəfdən baxmaq lazımdır. Bunun həm sosial, həm də ekoloji tərəfi var. Gürcüstan hökumətinin atdığı bu addım kifayət qədər təqdirəlayiq bir addımdır. Dağlıq ərazilərdə qış çox sərt keçdiyi üçün qaza tələbat artır. Qazın da qiyməti yüksək olduqda insanlar məşələri qırmalı olurlar. Azərbaycanda bununla bağlı kifayət qədər problemlər var. Nə qəribədir ki, bizim qaz satdığımız Gürcüstan bunu edə bilir, amma BP şirkətinin uzun illərdir səmt qazının pulsuz verildiyi ökədə hələ də kvotalar tətbiq olunur. BP-nin hər il bizə pulsuz verdiyi qazın hesabına hansısa sosial layihələr keçirmək olardı. Ancaq ilk növbədə dağlıq ərazilərin qazlaşdırması işləri bitməlidir".






Fikirlər