Prezident Kürdəmirdə Bayraq Meydanının açılışını etdi

Prezident Kürdəmirdə Bayraq Meydanının açılışını etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfərə gəlib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinə istinadən xəbərə görə, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.

Daha sonra Prezident İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib. Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub.

Dövləti başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edildi ki, meydanın tikintisinə 2014-cü ildə başlanılıb. Beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, rayon gənclərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə gənclər kafesi inşa olunub. Burada, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.






Fikirlər